İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina bizdə, minaaxtaranı erməniyə verirlər

556 09.07.2026 16:48 Ölkə A A

 

Ermənistana təxminən 20 ton çəkiyə malik, məsafədən idarə olunan mina təmizləmə maşını hədiyyə edilib. Bu, respublika daxilində təhlükəli hesab edilən ərazilərdə humanitar mina təmizləmə işlərinə kömək edəcək. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

“İki məsafədən idarə olunan minatəmizləmə maşını ilə yanaşı, Ermənistan tezliklə lazımi avadanlıqlarla təchiz olunmuş iki təcili yardım maşını da alacaq. Bu nəqliyyat vasitələri həmçinin Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesində də istifadə olunacaq”,- deyə rəsmi açıqlamada bildirlir.

Avropa İttifaqı bu addımı ilə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqeyini nümayiş etdirib. Rəsmi Brüsselin mövqeyi işğalçı Ermənistanı qurban qismində təqdim edən növbəti siyasi tamaşaya bənzəyir.

Əraziləri 30 il işğal altında qalan tərəf Azərbaycan olduğu halda Avropa İttifaqı mina təmizləyən texnikanı Ermənistana verir. Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 6 ilə yaxın vaxt ötsə də, hələ də minlərlə hektar torpaq sahələri minalarla və partlamamış sursatlarla çirklənmiş vəziyyətdədir. İndiyə qədər 427 nəfər minaya düşüb ki, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.


Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verməkdən hələ də yayınır. Ermənistan ərazisində isə nə müharibə gedib, nə işğal faktı qeydə alınıb. Buna baxmayaraq, Avropa İttifaqı minatəmizləyən maşını Azərbaycana deyil, Ermənistana verir.

Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası zamanı guya Ermənistanın mina təmizləyən qurğuya ehtiyacı olduğunu iddia edir.

Halbuki Azərbaycan silahlı qüvvələri heç vaxt şərti sərhədi keçməyib və Ermənistan ərazisinə daxil olmayıb. Əksinə, Ermənistan ordusu Azərbaycan ərazilərinə daxil olaraq işğal etdikləri bütün torpaqları minalayıblar. Azərbaycanın sərhədyanı ərazilərinin minalardan təmizlənməsinə ehtiyac var. Belə olan təqdirdə, şərti sərhədin Ermənistan tərəfdən olan hissəsinə minaların yerləşdirilməsini düşünmək absurddur.

Qəribədir, özü mina istehsal edən və bu partlayıcıları Azərbaycan ərazilərinə basdıran Ermənistan Avropanın hədiyyə etdiyi texnikanı hansı məqsədlə istifadə edəcək?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Avropa İttifaqının Ermənistana mina təmizləmə texnikası təqdim etməsi humanitar yardım görüntüsü yaratsa da, bu qərar siyasi baxımdan ciddi suallar doğurur.

“Əgər söhbət həqiqətən humanitar mina probleminin həllindən gedirsə, ilk növbədə dəstək ən çox mina ilə çirklənmiş ərazilərə verilməlidir. Bu gün regionda belə ərazilər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarıdır. Ermənistanın deyil, Azərbaycanın mina təhlükəsi ilə hər gün üz-üzə qaldığı danılmaz faktdır”, – deyə hərbi ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanın mina təmizləmə texnikasına ehtiyacının sərhədlərin delimitasiyası prosesi ilə əsaslandırılması da inandırıcı görünmür.
“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini nə işğal edib, nə də həmin ərazilərdə mina sahələri yaradıb. Əksinə, uzun illər ərzində Azərbaycan torpaqlarını minalayan Ermənistan olub. Bu gün də Azərbaycan mina xəritələrinin tam şəkildə təqdim edilməməsinin acı nəticələrini yaşayır”, – hərbi ekspert vurğulayıb.

Qeyd edib ki, mina təhlükəsi Azərbaycanın bərpa və yenidənqurma prosesini ləngidən əsas amillərdən biridir:
“Minalar təkcə insanların həyatını təhlükəyə atmır. Onlar keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını gecikdirir, yolların, kəndlərin, enerji və kommunikasiya infrastrukturunun bərpasını ləngidir. Bu baxımdan beynəlxalq dəstəyin əsas ünvanı Azərbaycan olmalı idi”.
Hərbi ekspertin fikrincə, Avropa İttifaqının bu addımı bölgədə ikili standartlarla bağlı müzakirələri yenidən aktuallaşdırır.
“Mina basdıran tərəflə mina qurbanı olan tərəf arasında fərq qoyulmalıdır. Humanitar yardım siyasi simpatiyalara deyil, real humanitar ehtiyaclara əsaslanmalıdır. Əks halda, belə qərarlar obyektivliklə bağlı ciddi suallar yaradır və regionda etimad mühitinə mənfi təsir göstərir”, – deyə hərbi ekspert əlavə edib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR