Rusiya XİN-in nəzdində fəaliyyət göstərən MİQİMOda “Azərbaycan–Rusiya əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, Rusiya XİN nümayəndələri, ekspertlər və MİQİMO-da oxuyan azərbaycanlı tələbələr iştirak ediblər.
Rektor Anatoli Torqunov çıxışında Azərbaycan universitetləri ilə uğurlu tərəfdaşlığı vurğulayıb, xüsusilə nəqliyyat-logistika üzrə birgə təhsil proqramlarının aktuallaşdığını qeyd edib.
Səfir Rəhman Mustafayev Azərbaycanın xarici siyasət prioritetlərini təqdim edib:
– işğaldan azad edilmiş ərazilərin bərpası;
– köçkünlərin qayıdışı;
– Ermənistanla normallaşma prosesi və etimad tədbirləri;
– “Xəzər beşliyi”, “3+3”, “Mərkəzi Asiya + Azərbaycan” formatlarında regional əməkdaşlıq.
Səfir həmçinin bildirib ki, Azərbaycan–Rusiya müttəfiqlik əlaqələri ötən ilki AZAL qəzasının ağır sınağından sonra Düşənbə görüşü ilə yenidən normallaşma mərhələsinə qədəm qoyub.
Tədbir Rusiya XİN nümayəndələrinin və ekspertlərin çıxışları, eləcə də sual-cavab sessiyası ilə yekunlaşıb.
Musavat.com






