İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi Naxçıvana dron hücumları ilə öz alçaqlığını göstərdi - “Mülki obyektlərin hədəf alınması...”

1010 05.03.2026 20:20 Ölkə A A

“Martın 5-də Naxçıvan səmalarında görünən dronlar regiondakı gərginliyin yeni və təhlükəli bir mərhələyə qədəm qoyduğundan xəbər verir. İran ərazisindən həyata keçirilən bu gözlənilməz hücum cəhdi, mehriban qonşuluq prinsiplərinə kölgə salmaqla yanaşı, Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin və milli təhlükəsizlik strategiyasının nə dərəcədə kritik əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Baş verənlər həm diplomatik, həm də hərbi müstəvidə ciddi suallar doğurur".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, günorta saatlarında qeydə alınan bu insident rəsmi Bakının regional təhlükəsizliklə bağlı narahatlıqlarının əsassız olmadığını bir daha sübut etdi: “Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir ki, martın 5-də günorta saatlarında İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Məlumata görə hücum nəticəsində bir ədəd pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Terminal binasına maddi zərər dəyməsi ilə yanaşı, iki mülki şəxsin xəsarət alması vəziyyətin ciddiliyini daha da artırır. Rəsmi Bakı mülki obyektləri və dinc sakinləri hədəf alan bu hücumları qətiyyətlə pisləyərək, hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin bəyanatında xüsusi olaraq vurğulanıb ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin mehriban qonşuluq münasibətlərinə tamamilə ziddir. Bu kimi hərəkətlər regionda onsuz da həssas olan sabitliyi pozmağa və gərginliyin artmasına xidmət edir. Rəsmi Bakı baş vermiş insidentlə bağlı İran İslam Respublikasından qısa müddət ərzində izahat tələb edərək məsələyə aydınlıq gətirilməsini və gələcəkdə bu cür təhlükəli halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyini bildirib. Bəyanatın sonunda dövlətimizin qətiyyətli mövqeyi bir daha diqqətə çatdırılıb: “Azərbaycan tərəfi öz təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”. Bu xəbərdarlıq ölkəmizin suverenliyinə və mülki əhalisinin təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə qarşı adekvat reaksiyanın veriləcəyinə dair ən yüksək səviyyədə mesajdır”.

Deputat əlavə edib ki, Azərbaycan tərəfi hər zaman mehriban qonşuluq və beynəlxalq hüquq normalarına sadiq qaldığı halda qarşı tərəfin bu cür qeyri-konstruktiv və təcavüzkar addımları bölgədə sülhə deyil, gərginliyin eskalasiyasına xidmət edir: “Bir tərəfdən diplomatik münasibətlərdən danışıb, digər tərəfdən mülki əhalini dron hücumları ilə təhdid etmək siyasi etikadan kənar və qəbuledilməzdir”.

K.Bayramov vurğulayıb ki, hadisənin hərbi və siyasi ağırlığı diplomatik kanalların da dərhal hərəkətə keçməsini şərtləndirib: “Belə ki, baş vermiş qanunazidd əməllərlə bağlı rəsmi Bakının mövqeyini qarşı tərəfə çatdırmaq məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran tərəfinə mülki obyektlərin hədəf alınması və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı kəskin etiraz ifadə olunub. Bildirilib ki, insidentlə bağlı Azərbaycanın rəsmi etirazını və tələblərini özündə əks etdirən müvafiq nota İran tərəfinə təqdim ediləcək. Bu addım Azərbaycanın öz suveren hüquqlarını qorumaq və baş vermiş təxribata beynəlxalq hüquq müstəvisində adekvat qiymət verilməsini təmin etmək əzminin növbəti göstəricisidir”.

K.Bayramov əlavə edib ki, bu hadisə bir daha göstərir ki, Azərbaycan dövləti öz sərhədlərinin təhlükəsizliyini və vətəndaşlarının rifahını hər şeydən uca tutur, istənilən xarici təhdidə qarşı həm döyüş meydanında, həm də diplomatik masada ən kəskin cavabı verməyə hazırdır: “ Beynəlxalq birlik mülki infrastrukturu hədəf alan bu cür təxribatlara səssiz qalmamalı, bölgədə sülhə və sabitliyə xələl gətirən addımlara qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir. Heç bir qüvvə sərhədlərimizdə gərginlik ocağı yaradaraq bizimlə təhdid dilində danışa bilməz”.

 

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR