Xəbər verdiyimiz kimi, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov saxlanılıb.
Mərkəz rəhbəri ilə yanaşı, Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev də tutulub.
Bundan əvvəl isə Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
“Qurtuluş”un adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən AzTV-nin keçmiş teleaparıcısı Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.
Şikayət prokurorluğa ötən ilin dekabr ayında digər pasiyent tərəfindən daxil olub. Rəsmi məlumatda “Nəsimi Nəbizadə hadisəsi ilə əlaqə yoxdur” qeydi olsa da, ictimai şüurda bu 2 xətt bir-birinə qarışıb. Çünki Nəsimi Nəbizadənin müalicəni yarımçıq tərk etməsi, ardınca onun axtarışı, sosial şəbəkələrdə yayılan videolar, emosional açıqlamalar və nəhayət, saxlanılmalar cəmiyyətdə ciddi suallar doğurub.
Saxlanılmasından bir neçə gün öncə Ceyhun Salmanov Musavat.com-a açıqlamasında Nəsimi Nəbizadənin yoxa çıxması və baş verənlərə aydınlıq gətirmişdi. Mərkəz rəhbərinin dediklərindən sitat:
“Dünən axşam Saray qəsəbəsinə getdik. Qohumları çağırmışdı. Dedilər ki, guya Nəsimini orada görüblər. Amma qapını açan olmadı. Əminəm ki, onu görsək, danışsaq, yenidən müalicəyə qayıtmağa razılaşar”.
Onun sözlərinə görə, Nəsimi Nəbizadə 4 ay müalicə almışdı və qarşıda cəmi 2 aylıq stasionar mərhələ qalırdı. Daha sonra isə ambulator müalicə nəzərdə tutulurdu.
Ceyhun Salmanovun dedikləri reabilitasiya mərkəzlərindəki real praktikaya işıq salır:
“Sonuncu dəfə dedi ki, gəzmək istəyir. “Torqovı”da restorana getdik. Mən ayaqyoluna gedib qayıdanda artıq yox idi. Əvvəllər də çölə çıxırdıq, amma 3-4 nəfər olurduq. Bu dəfə ikimizin olmasından istifadə edib yoxa çıxdı”.
Bu detal bir məsələni açıq göstərir - Nəsimi Nəbizadə nə kilidlənmişdi, nə də məcburi saxlanılırdı.
Xüsusi münasibət, yoxsa insanlıq jesti?
Cəmiyyətin ən çox müzakirə etdiyi məqamlardan biri də Nəsimi Nəbizadəyə göstərilən xüsusi diqqət idi - diş implantı, avtomobil və hətta toy planı…
Ceyhun Salmanov bu xüsusda bunları demişdi:
“Bəli, digər pasiyentlərə maşın almırıq, diş düzəltdirmirik, toy planlaşdırmırıq. Amma Nəsimi Nəbizadə ictimai fiqur idi, maarifləndirici potensialı vardı. Üstəlik, ondan bir manat da ödəniş almamışıq”.
Bu yanaşma Azərbaycan reallığında təəccüblü deyil. Çox vaxt reabilitasiya mərkəzləri imkanlı şəxslər, ictimai simalar üçün sosial məsuliyyət çərçivəsində fərqli yanaşma tətbiq edirlər.
Əsas məqamlardan biri də “Qurtuluş” Reabilitasiya Mərkəzinin Qərb tipli sanatoriya deyil, Azərbaycan şərtlərinə uyğun, klassik və telefonsuz reabilitasiya modelidir.
“Telefon istifadəsinə icazə verilmir. Telefon müalicəni məhv edir. Nəsiminin telefonu seyfdə idi”.
Bu, ölkədə fəaliyyət göstərən demək olar ki, bütün reabilitasiya mərkəzlərində tətbiq olunan standart qaydadır.
Hazırda “Qurtuluş” rəhbəri və digər iki şəxsin saxlanılması Nəsimi Nəbizadənin Mərkəzdən qaçması ilə assosiasiya olunsa da, fakt budur ki, cinayət işi başqa pasiyentin şikayəti əsasında başlanıb. Amma ictimai diqqət Nəsimi Nəbizadə hadisəsinə fokuslanıb. Çünki saxlanılanlar məhz onu axtaran şəxslərdir. Bu, cəmiyyətdə haqlı sual doğurur - Nəsimi Nəbizadəni axtaranlar niyə həbs edildi?
Bu sualın cavabı artıq istintaqın predmetidir. Amma bir həqiqət dəyişmir. Narkotik asılılıq problemi nə şou mövzusudur, nə də linç obyekti. Bu, həm xəstə, həm ailə, həm də cəmiyyət üçün ağır sınaqdır. Bəzən yaxşı niyyətlər də hüquqi müstəvidə başqa cür yozula bilir…
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






