Ağ Evin İqtisadi məsləhətçisi Kevin Hassett ABŞ Federal Ehtiyat Sisteminin növbəti sədri olmaq üçün aparıcı namizəd hesab olunur.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb. Agentliyin mənbələrinə görə, Hassettin FED-ə gəlişi Trampa müstəqil mərkəzi bankda yaxın müttəfiq qazandıracaq.
Bloomberg-in məlumatına görə, Hassett prezidentin faiz dərəcələrinin aşağı salınması yanaşmasını FED-ə çatdıra biləcək biri kimi görünür. Hassett Trampın iqtisadiyyatla bağlı fikirlərini, o cümlədən faiz dərəcələrinin daha da azaldılmasına ehtiyac olduğunu dəstəklədiyini bölüşür. Fox News-a verdiyi müsahibədə o, FED sədri olsa, "faizləri dərhal endirəcəyini" bildirib. O, həmçinin pandemiyadan sonra inflyasiya üzərində nəzarəti itirdiyinə görə mərkəzi bankı tənqid edib.
Lakin agentliyin mənbələri Trampın gözlənilməz kadr və siyasət qərarları verməsi ilə tanındığını vurğulayıblar, buna görə də işlər yenə də dəyişə bilər.
Daha əvvəl ABŞ Maliyyə naziri Skott Bessent Trampın Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə namizədi tezliklə elan edə biləcəyini bildirmişdi: "Düşünürəm ki, prezidentin Miladdan əvvəl açıqlama verməsi ehtimalı çox yüksəkdir. Bunu ya Milad tətilindən əvvəl, ya da yeni ildə etmək onun səlahiyyətindədir. Amma düşünürəm ki, işlər çox yaxşı gedir".
O, həmçinin FED sədri vəzifəsinə beş namizədin adını təsdiqləyib. Nazirin sözlərinə görə, müsahibələrin birinci mərhələsindən sonra onun siyahısına Federal Ehtiyat Sisteminin İdarə Heyətinin iki hazırkı üzvü daxildir: Mişel Bouman və Kristofer Uoller, Ağ Evin iqtisadi məsləhətçisi Kevin Hassett və Corc Buş administrasiyasında oxşar vəzifə tutan və daha sonra Federal Ehtiyat Sisteminin İdarə Heyətində çalışan Kevin Uorş. BlackRock Inc. şirkətinin sabit gəlirli qiymətli kağızlar üzrə baş investisiya direktoru Rik Rider də siyahıda qalır.
Musavat.com






