Son günlər paytaxt Bakıda da, bölgələrdə də yol qəzaları sanki adi xəbərə çevrilib. Hər gün bir neçə ağır qəza haqqında məlumat verilir: ölənlər, yaralananlar, dağılan maşınlar, gözüyaşlı ailələr… Yol təhlükəsizliyinin ən çox pozulduğu dövrlərdən birini yaşayırıq. Sanki yollarda görünməz bir təhlükə dolaşır və hər kəsi hədəfə çevrilmiş kimi göstərir.
Amma sual budur: bu ölümcül statistikanı necə azaltmalı, yol qəzalarını necə aradan qaldırmalı? Çünki hər birimiz hər gün yollardayıq və hər birimizin həyatı bu sualın cavabından asılıdır.
![]()
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a danışıb.
Ekspert bildirib ki, bütün dünyada yol qəzaları baş verir, lakin bizdən fərqli olaraq hadisələr heç də ölümlə nəticələnmir: “Xarici ölkələrdəki yol qəzaları daha çox yüngül xəsarət və maddi ziyanla nəticələnir. Bizim hədəfimiz də bu olmalıdır ki, yüngül xəsarət və maddi ziyanla nəticələnən həllər edək. Yəni, elə edək ki, insanlarımız yol qəzasında ölməsin. Bunun üçün ilk olaraq qəza ocaq xəritəsinin yaradılmasından başlamalıyıq. Əgər bir nöqtədə 3 dəfə ölümlə nəticələnən qəza baş verirsə, bu, qara nöqtədir. Belə hadisələrin baş verdiyi yerdə infrastruktur həlli ilə qəzaların nəticəsinə təsir etmək olar. Yəni, harada qəza baş verirsə, oranın koordinatları götürülür və o da xəritəyə inteqrasiya edilir. Xəritə hər kəsə əlçatan bir variantda olmalıdır. Dünyanın yol hərəkəti təhlükəsizliyi üzrə bir çox proqramları var. Ən öndə gedəni Skandinaviya ölkələridir və İsveçdir.
İsveçin “Vision Zero” konsepsiyası var- Bu, ölüm hallarına sıfır dözümlülük siyasətidir. Ölümlə nəticələnən qəzaların əsas səbəbi sürətdir. Sürəti azaltmağın küçələrdə, magistral yollarda, mərkəzi yerlərdə ayrı-ayrı həll variantları var.
![]()
Azərbaycanda son illərdə hibridləşmiş yol formalaşıb. Nə yoldur, nə də küçədir. Şəhərin daxilində həddindən artıq sürətli sürmək üçün sanki şərait yaratmışıq. Lakin sürəti azaldan həllər tətbiq etməmişik. Nöqtəvi var, amma kütləvi tətbiq olunmalıdır.
Şəhər daxilində prospekt və ya küçədə yol iki zolaqdan artıqdırsa, burada nizamlanan və ya nizamlanmayan keçidlərdə təhlükəsizlik adacıqları qurulmalıdır. Bunun nümunələri Ağa Nemətulla ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində qurulub. Bir çox nöqtələrdə belə həllər var, lakin bunu geniş tətbiq etmək lazımdır ki, mümkün qəzalara təsir edək. Yəni zolaq ensizləşmiş formada olsun, iki zolaqdan artıq yerlərdə təhlükəsizlik adacığı – bunun funksionallığı odur ki, piyada yolu keçməyə yetişməsə, o, təhlükəsizlik adacığında gözləsin və avtomobil keçəndən sonra yoluna davam etsin. Mümkün qəza halında isə orada ölüm deyil, yüngül xəsarət ola bilər.
![]()
Həmin keçidlər isə kontrast işıqlandırılır – yəni, ümumi küçə işıqlanır, amma həmin küçə daha çox işıqlanır. Sürücü uzaq məsafədən bilir ki, daha çox işıqlanırsa. Deməli bura keçiddir və sürətini azaldır”.
R. Ağamirzəyev bildirir ki, həssas qrupların getdiyi yerlərdə – bağçaların, məktəblərin, xəstəxanaların önündə sürəti azaltmaq üçün “Berlin yastıqları” vurulur və sürücü yaxınlaşanda məcburi sürəti azaltmağa vadar edir: “Bunun da məqsədi odur ki, qəza olduğu təqdirdə onun nəticəsinə təsir etmək mümkün olsun. Bütün dünya bu cür işləyir. Biz də bunu özümüzdə tətbiq etməliyik. İnsanlarımızı bu cür qorumalıyıq.
![]()
Yaşayış məntəqələrinin girişində xüsusi adacıqlar qurulur ki, sürücü sürəti azaltmağa məcbur olsun. Hökumət sürətin artırılması ilə bağlı cərimələri artırıb. Şəhərin daxilində həmçinin sürəti azaldıb, 30 -50 km-lik zonalar var. Şəhər ətrafı isə 90-km-dir. Bu, doğru qərardır. Amma tamamlayıcı hissə qeyd etdiyimiz fiziki infrastruktur həlləridir.
Monitorinq aparsanız görərsiniz ki, şəhərdə qəzaların əksəriyyəti yeraltı və yerüstü keçidlərin yanında baş verir. Bəs bu niyə baş verir?
Çünki həmin keçidlər müəssər deyil və köhnə yanaşma ilə qurulub. Ümumiyyətlə, şəhər daxilində eyni səviyyəli işıqforla nizamlanan keçidlərin sayını artırmaq lazımdır. Həmçinin bu keçidlərə doğru olan səkilər də rəvan və işıqlı olmalıdır.
Yeraltı keçidlər çox sürətli magistral yollarda ola bilər, bir şərtlə ki, pilləsiz olsun. Əlil arabasında olan şəxs bu keçidi heç kimin köməyi olmadan istifadə edə bilməlidir.
![]()
Qabarıq keçidlər dayanacaqlarda zəbtin qarşısını alır, həmçinin dayanacaqlarda dayananların təhlükəsizliyi təmin olunur. Həmçinin avtobusların dayanacağa yanalması da rahatlaşır. Ciblər olanda bu rahat şəkildə baş vermir.
Bütün qəzaların gərək ciddi araşdırması getsin və yol hərəkəti təhlükəsizliyi üçün bu cür infrastruktur həlləri tətbiq edilsin”.
![]()
Mütəxəssis deyir ki, bu həllər tək paytaxta aid deyil, Azərbaycanın bütün rayonlarında tətbiq edilməlidir:
“Bütün yaşayış məntəqələrinə, böyük şəhərindən balaca kəndində qədər hər bir yerində qurulmalıdır. Bir neçə ay bundan qabaq Lənkəran-Lerik yolunda iki uşaq dərsə gedərkən maşınla vuruldu. Məktəb yolun kənarında yerləşir. Əgər hazırda həmin yolu dəyişdirməyə imkanımız yoxdursa, orada sürəti azaldan həlləri niyə tətbiq etməyək? Sürücünü ora çatanda sürətini azaltmağa məcbur etməliyik. Maarifləndirmə işləri heç bir işə yaramır, ancaq fiziki infrastrukturu biz işlək etməliyik”.
Şahanə Rəhimli
Musavat.com






