Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşləri artıq formal diplomatik platformadan çıxaraq türk dünyasının strateji gələcəyinin müəyyənləşdirildiyi əsas siyasi mərkəzlərdən birinə çevrilib. Bu gün Qazaxıstanın Türküstan keçirilən növbəti sammit də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub.
Bu seçim təsadüfi deyil. Müasir dünyada dövlətlərin gücü artıq yalnız enerji resursları və hərbi potensialla ölçülmür. Süni intellekt, rəqəmsal idarəetmə və texnoloji üstünlük yeni qlobal rəqabətin əsas istiqamətinə çevrilib. TDT də bu prosesdə aparıcı mövqe tutmağa çalışır. Bu mərhələdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Bu gün rəsmi Bakı TDT-nin həm siyasi, həm də strateji arxitekturasını formalaşdıran əsas mərkəzlərdən biri hesab olunur. Təsadüfi deyil ki, TDT-nin qeyri-rəsmi sammitlər formatı məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb. İlk Zirvə görüşünün 2024-cü ildə Şuşa şəhərində keçirilməsi də böyük siyasi mesaj idi. Şuşa sammiti 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığın türk dünyası tərəfindən rəsmən qəbul edilməsi kimi qiymətləndirildi. Türküstan görüşü isə bu birliyin yeni mərhələyə keçdiyini göstərir. Əgər Şuşa Zirvəsi siyasi həmrəyliyin simvolu idisə, Türküstan sammiti rəqəmsal inteqrasiyanın başlanğıcı ola bilər.
Azərbaycan son illər süni intellekt və rəqəmsallaşma istiqamətində mühüm addımlar atır. “Süni İntellekt Strategiyası 2025–2028” və Bakıda yaradılan Süni İntellekt Akademiyası ölkənin bu sahədə regional mərkəzə çevrilmək niyyətini göstərir. Rəsmi Bakı artıq bütün türk dünyası üçün ortaq texnoloji platformanın formalaşdırılması ideyasını irəli sürür.

Bu proses tarixi yaddaşla da bağlıdır. 2026-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq. Bir əsr əvvəl ortaq dil və əlifba məsələsini müzakirə edən türk aydınlarının ideyaları bu gün rəqəmsal suverenlik və texnoloji inteqrasiya müstəvisində davam etdirilir.
TDT-nin güclənməsində Orta Dəhliz layihəsinin də mühüm rolu var. Hazırda bu marşrut Şərqlə Qərbi birləşdirən ən təhlükəsiz və strateji xətlərdən biri hesab olunur. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi təşəbbüsü türk dünyasının iqtisadi və logistik inteqrasiyasını sürətləndirir.
Türküstan sammitində rəqəmsal logistika və süni intellekt həllərinin Orta Dəhlizə tətbiqi də müzakirə olunacaq. Bu isə türk dövlətlərini təkcə coğrafi deyil, texnoloji baxımdan da vahid məkana çevirə bilər.Artıq türk dünyası sadəcə ortaq tarix və mədəniyyət ideyası deyil. TDT iqtisadi, siyasi və texnoloji güc mərkəzi kimi yeni qlobal düzəndə öz yerini möhkəmləndirməyə çalışır.
Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan tarixən Türk dünyasının birləşməsində təkcə coğrafi baxımdan deyil, həm də mənəvi və ideoloji baxımdan mühüm rol oynayıb. Müstəqilliyimizin bərpasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz bu olub:
“Bəlli olduğu kimi, indiki Türk Dövlətləri Təşkilatının təməli “Naxçıvan bəyannaməsi” ilə qoyulub. Naxçıvanda keçirilən həmin toplantıdan sonra türk dövlətlərinin inteqrasiyası istiqamətində çox ciddi addımlar atıldı. Bu prosesin əsasında bir neçə mühüm faktor dayanır. Həmin faktorların ən başlıcası isə Azərbaycan-Türkiyə münasibətləridir. Azərbaycan və Türkiyə arasında həm siyasi, həm də iqtisadi sahədə qurulan əməkdaşlıq Türk Dövlətləri Təşkilatının fundamental əsasını formalaşdırıb və türk birliyinin cazibədarlığını artırıb. Bu baxımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, eləcə də ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi xüsusi qeyd olunmalıdır. Daha sonra Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi də türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdı.

Məhz bu proseslər Türk Dövlətləri Təşkilatının nüfuzunu daha da artırdı. Bu gün təşkilat həm enerji təhlükəsizliyi, həm nəqliyyat marşrutları, həm də regional təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm platformaya çevrilib. Başqa sözlə, Azərbaycan faktiki olaraq Türk Dövlətləri Təşkilatının formalaşmasına və güclənməsinə ciddi töhfə verib. Xalqlar arasında əməkdaşlıq qurmaq mümkündür, qohum xalqlar arasında isə bu daha asandır. Amma ortaq dil, din, tarix və mədəniyyət hər zaman nəticəyə çevrilmir. Bunun üçün siyasi iradə və düzgün strategiya lazımdır. Bu dəyərlərin real nəticəyə çevrilməsi ilk növbədə ümummilli lider Heydər Əliyevin siyasəti, daha sonra isə prezident İlham Əliyevin həyata keçirdiyi kurs nəticəsində mümkün olub.
Yaxın tarixdə baş verən proseslər göstərir ki, qohum xalqlar arasında belə bəzən ciddi qarşıdurmalar və müharibələr yaşanır. Bu baxımdan Azərbaycanın ortaq dil, tarix və mədəniyyət üzərindən qurduğu siyasətin nə qədər praktik və əhəmiyyətli olduğu daha aydın görünür. Şübhəsiz ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının formalaşmasında və Türk dünyasının inkişafında müstəsna rolu var. Təsadüfi deyil ki, prezident İlham Əliyev çıxışlarının birində “Bizim ailəmiz türk ailəsidir və biz başqa yerdə ailə axtarmırıq ” mesajını vermişdi. Bu yanaşma Azərbaycanın TDT-yə sadəcə beynəlxalq təşkilat kimi deyil, eyni zamanda bir ailə kimi baxdığını göstərir. Məhz “Türk ailəsi” anlayışı bu birliyin bütün mahiyyətini ifadə edən əsas amillərdən biri hesab oluna bilər”.

Politoloq Qulamhüseyn Əlibəyli deyib ki, TDT-nin yaranmasında və inkişafında Azərbaycan əhəmiyyətli rol oynayıb:
“Doğrudur, Türkiyənin burada rolunu inkar etmək olmaz. Onun bir təşkilat kimi formalaşmasının əsası məhz Azərbaycanda, Naxçıvanda qoyulub. Təxminən 10 ildən sonra isə bu birlik vahid bir təşkilata çevrilib. Həmin ölkələrin bir araya gəlməsində, toplantılar keçirməsində, daxili və xarici siyasətlərini tədricən uyğunlaşdırma prosesində TDT-nin zirvə görüşlərinin böyük əhəmiyyəti var. TDN-nin tam mükəmməl beynəlxalq təşkilat kimi formalaşması prosesi gedir. Bu proses tədricən başlayır və davam etməlidir. Məsələn, bəzi dövlətlərin daha çox daxili və milli maraqları ola bilər və onlar ümumi türk maraqlarına kifayət qədər diqqət yetirməyə bilərlər. Amma hazırkı mürəkkəb və xaotik dünyada ümumi türk maraqlarının formalaşdırılması artıq vacib məsələyə çevrilib.

Bu istiqamətdə bir neçə mühüm addım atıla bilər. İlk növbədə, ortaq strukturların yaradılması məsələsi önə çıxır. Yəni təkcə Zirvə görüşləri ilə kifayətlənməmək, müxtəlif sahələr üzrə birgə qurumlar yaratmaq lazımdır. Bu, dövlətlər arasında əlaqələrin daha da güclənməsinə xidmət edə bilər. Məsələn, ortaq əlifbaya keçid məsələsi müzakirə olunur. Bu addım türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıra bilər. Eyni zamanda vahid iqtisadi məkanın yaradılması, ortaq təhsil sisteminin formalaşdırılması kimi məsələlər də gündəmdədir. Yəni türk dövlətləri ilk növbədə öz iqtisadi, sosial, mədəni və digər sistemlərini bir-birinə yaxınlaşdırmağa çalışmalıdırlar. Paralel olaraq müxtəlif sahələr üzrə ortaq qurumların yaradılması da vacibdir. Gələcəkdə vahid iqtisadi birliklərin və daha geniş inteqrasiya mexanizmlərinin yaradılması məsələsi də müzakirə oluna bilər. Hazırda bunun ilkin təməli qoyulur. Türk dövlətləri arasında əməkdaşlıq haqqında müxtəlif sazişlər mövcuddur və bu sənədlər əsasında əməkdaşlıq getdikcə genişlənir.

Ancaq türk dövlətləri arasında vahid hərbi ittifaqın yaradılması daha mürəkkəb və uzunmüddətli prosesdir. Çünki Mərkəzi Asiyadakı bəzi türk dövlətləri hazırda Rusiyanın təsirində olan hərbi-siyasi təşkilatlarda təmsil olunurlar. Bu səbəbdən yaxın dövrdə vahid hərbi blokun formalaşması real görünmür. Bununla belə, humanitar, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi dövlətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olur. Bu prosesdə isə Azərbaycanın və onun rəhbərliyinin xüsusi rol oynadığını demək olar”.

Millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin 2024-cü ildə Şuşada, 2026-ci ildə isə Türküstanda keçirilməsinin xüsusi rəmzi mənası var:
“Belə ki, TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü Azərbaycana və Prezident İlham Əliyevə məxsusdur. İlk qeyri-rəsmi sammit üçün məhz işğaldan azad edilmiş, Türk dünyasının mənəvi və mədəni intibah mərkəzlərindən biri sayılan Şuşa şəhəri seçilmişdi. Daha sonra Macarıstanda qeyri-rəsmi Zirvə görüşü keçirildi. İndi isə sammitin Şuşanın tərəfdaş şəhəri olan Türküstanda təşkil edilməsi ayrıca simvolik məna daşıyır. Çünki Türküstan, Şuşa işğaldan azad olunduqdan sonra onun ilk tərəfdaşlıq əlaqəsi qurduğu şəhər olub. Prezidentimiz bu məqamı çıxışında xüsusilə vurğuladı.
Digər mühüm məqam isə bu Zirvə görüşünün Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində keçirilməsidir. Belə ki, 100 il əvvəl türk dünyasının elmi və ideoloji əsaslarının formalaşdırılması, bu istiqamətdə sistemli fəaliyyətin qurulması üçün böyük səylər göstərilmişdi. Bu gün isə həmin ideyaların daha müasir formada - rəqəmsallaşma, ortaq texnoloji məkan və vahid rərəmsal platformalar üzərindən inkişaf etdirilməsi hədəflənir. Bu baxımdan sammitin “rəqəmsallaşma” mövzusuna həsr olunması dövrün çağırışlarına tam uyğundur. Türk dünyası qlobal dəyişikliklərlə ayaqlaşmaq, texnoloji inkişafdan geri qalmamaq və müasir çağırışlara uyğun yeni əməkdaşlıq modeli qurmaq istəyir.

Burada Prezident İlham Əliyevin vurğuladığı iki mühüm məqam xüsusi diqqət çəkir. Bunlardan biri Avropa və Asiya arasında reallaşdırılan “Rəqəmsal İpək Yolu” layihəsidir. Bu layihə çərçivəsində Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin hüquqi bazası illər əvvəl hazırlanıb və indi icra mərhələsi başa çatmaq üzrədir. Bu, gələcəyə hesablanmış strateji addımdır.
Digər mühüm istiqamət isə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasıdır. Hazırda Azərbaycan təşkilata sədrlik edir və əsas prioritetlərdən biri TDT-nin qlobal çəkisinin gücləndirilməsinə töhfə verməkdir. Prezident İlham Əliyevin strateji baxışına uyğun olaraq Azərbaycan diplomatiyası bu istiqamətdə fəal addımlar atır, təşkilat daxilində əməkdaşlıq sahələri də genişlənir. Ötən ilin oktyabrında Qəbələdə keçirilən Zirvə görüşündə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq əsas müzakirə mövzularından biri oldu. Nəzərə almaq lazımdır ki, TDT hazırda 35 istiqamət üzrə əməkdaşlıq edir.

Qarabağ Zəfərindən sonra bu əməkdaşlıq bu ikitərəfli formatdan çıxaraq çoxtərəfli əməkdaşlıq modelinə çevrilməyə başlayıb. Bu da Prezident İlham Əliyevin əməkdaşlığa strateji yanaşmasının nəticəsi hesab olunur. Qəbul edilən Qəbələ Bəyannaməsində də təşkilatın beynəlxalq nüfuzunun artırılması üçün müxtəlif təşəbbüslər yer alıb. Bunlardan biri TDT-yə BMT yanında müşahidəçi statusunun verilməsi məsələsidir. Eyni zamanda digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətdə üzv dövlətlərin də xüsusi rolu var. Hər bir ölkə malik olduğu regional və beynəlxalq imkanlar vasitəsilə TDT-nin nüfuzunun artmasına töhfə verir. Məsələn, yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək. Həmin platformada türk dövlətlərinin müxtəlif sahələrdə əldə etdiyi uğurlar təqdim ediləcək. Bu mənada 2009-cu ildə Naxçıvan sammiti və 2021-ci ildə İstanbul Zirvəsi TDT-nin institusional inkişafında dönüş nöqtəsi olmuşdusa, qeyri-rəsmi Zirvə görüşləri ənənəsinin başlanması da Şuşa sammiti ilə yeni mərhələnin əsasını qoydu. Hazırda Azərbaycanın sədrliyi dönəmində həm institusional həm də sahəvi əməkdaşlığın genişləndirilməsi, eləcə TDT-nin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi prosesləri daha geniş miqyasda və prinsipialllıqla davam etdirilir”.
Şahanə Rəhimli
Musavat.com






