İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirildi FOTO

607 18.03.2024 12:00 Mədəniyyət A A

Novruz bayramı münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, universitetlərin professor və müəllimləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları üçün Novruz adət və ənənələrinə uyğun olaraq Novruz tonqal hazırlanıb.  Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının uşaqları bayram tonqalının ətrafında Azərbaycan xalq rəqsi «Yallı»nı ifa ediblər.

Bayram tədbirini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının Azərbaycan xalqının mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki başqa abidələrdən öz əlamətdar xüsusiyyətlərinə görə fərqləndiyini söyləyib. O, Azərbaycan xalqının min illərlə yaşatdığı, milli dəyərlərimizi, yaşam tərzimizi, mədəniyyətimizi, sənətimizi özündə əks etdirən Novruz bayramının ölkəmizdə keçirilməsi və Novruz adətləri haqqında məlumat verib.  

Diplomat bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev milli adət-ənənələrə, o cümlədən Novruz bayramına xüsusi önəm verib və bu gün Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin deputatı Gülbaxor Saiddqaniyeva çıxışlarında Türk dünyasında geniş qeyd olunan Novruz bayramının xalqlarımızın qədim tarixi və zəngin ənənələrini nümayiş etdirdiyini bildiriblər. 

Natiqlər ortaq tarix, mənəvi köklər, dəyərlər və zəngin mədəniyyətin təcəssüm etdiyi  Novruz bayramını xalqlarımızın yaxınlığının da göstəricisi olduğunu qeyd ediblər. 

Sonra tədbir iştirakçılarına Novruz bayramının Azərbaycanda qeyd olunmasına dair videomaterial nümayiş etdirilib. 

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykeb Əliyeva adına rəqs ansamblı” çıxış edib, müğənnilər Rəna Əzizova, Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Olima Mahmudova və saz ustası İlham Abdullayevin ifasında Azərbaycan və Özbək mahnıları ilə davam edilib.

Qeyd edək ki, tədbir iştirakçıları milli yeməklərə, şirniyyatlara qonaq ediliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR