İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin komitə sədrindən Azərbaycan sülhməramlıları ilə bağlı VACİB açıqlama

1044 24.11.2025 16:53 Siyasət A A

“Azərbaycan bir neçə sülhməramlı missiyada iştirak edib, istər Əfqanıstan, istərsə də Kosovo və digər bölgələrdə. Bu missiyaların hamısında hərbçilərimiz yüksək peşəkarlıq nümayiş etdirib. Lakin bu gün Qəzza münaqişəsi bu sülhməramlıq formuluna uyğun gəlmir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında Azərbaycanın Qəzzaya sülhməramlı missiya göndərib-göndərməyəcəyi barədə müzakirələrə münasibəti zamanı söyləyib.

ARZU SON.jpg (42 KB)

Komitə rəhbəri qeyd edib ki, Qəzza regionunda hələ münaqişə bitməyib, həmçinin mandatın hüquqi bazası formalaşmayıb:

“Bu mənada ora hərbçi göndərmək yalnız riskli deyil, həm də məqsədəuyğun sayılmır, təhlükəsizlik zəmanətləri yoxdur. Bu mənada rəsmi Bakının gözləmə mövqeyi həm diplomatik baxımdan, həm də milli maraqlar prizmasından ən doğru yanaşmadır. Azərbaycanın mövqeyi belədir ki, ölkə yalnız bərpa, humanitar və sabitliyin qorunması mərhələsində iştirak imkanlarını nəzərdən keçirə bilər. Eyni zamanda hərbi əməliyyatlar elementi daşıyan, xüsusilə də HƏMAS-ın tərk-silahı və zolağın demilitarizasiyası kimi riskli mərhələlərdə iştirak etmək Azərbaycanın milli təhlükəsizlik prioritetinə uyğun deyil və bizim gündəliyimizdə belə bir məsələ yoxdur”.

Arzu Nağıyev əlavə edib ki, eyni zamanda bu, Azərbaycanın beynəlxalq imicinə zərər vurmadan balanslı siyasəti yürütmək prinsipinə uyğundur:

“Çünki Azərbaycan nə Yaxın Şərqdə yeni bir qarşıdurmanın tərəfi olmaq, nə də hansısa güc mərkəzində, regional planlarında birbaşa iştirak etmək istəyir. Məlum məsələdir ki, Azərbaycan öz imicini qoruyur, hər hansısa sülhməramlı, mandatlı əməliyyatlar varsa, düşünürəm ki, buna baxa bilər.

Məlumdur ki, cənab Prezident təhlükəsizlik sammitində iştirak etdi, Azərbaycanın bu istiqamətdə fəal olmağa hazır olduğunu qeyd etdi, lakin bu, iştirak anlamına gəlmir və gəlməməlidir. Bu mənada Azərbaycan hər hansısa bir təklifdən imtina etmir.

Düşünürəm ki, heç bir yüksək səviyyədə belə bir təklif də olmayıb. Bu addım tamamilə yerindədir, ölkənin təhlükəsizlik prioritinə uyğundur”.

Milli Məclisin komitə sədri bildirib ki, ən mühüm məsələ humanitar və bərpa məsələlərində dəstək, lakin hər bir riskdən kənarda durmaqdır:

“Əvvəla, regionda hələ də davam edən qeyri-müəyyənlik var. Atəşkəs tam bərpa olunmayıb, əsir və girovların dəyişdirilməsi məsələsi sona çatmayıb. Azərbaycanın ehtiyatlı qərar verməsi anlaşılandır. Hətta dövlət maraqlarının qorunması baxımından çox mühümdür və zəruridir.

Eyni zamanda hər hansı bir kütləvi informasiya vasitəsinin iddiasına baxmayaraq və yaxud ABŞ nümayəndəsinin daha əvvəlki açıqlamaları arasında məzmun fərqi göstərir ki, müzakirələr gedib, lakin bu müzakirələr sona çatmayıb. Bu müzakirələr Azərbaycanın prinsipial mövqeyinə təsir də etmir.

ABŞ rəsmisi sülhün bərqərar olması üçün ayrı-ayrı qüvvələrlə danışsa da, bu, yalnız diplomatik müzakirə mərhələsi olub. Heç bir ölkə, o cümlədən Azərbaycan konkret hərbi öhdəliyi öz üzərində götürməyib və onun borcu da deyil ki, bu gün o münaqişədə iştirak etsin.

Ona görə də düşünürəm ki, mövqeyimiz düzdür və başadüşüləndir. Ən doğru yol, bir daha qeyd edirəm, humanitar və bərpa məhəllələrinə dəstək, konkret olaraq hərbi risklərdən kənarda qalmaq və dövlət maraqlarının qorunması baxımından addımlar atmaqdır”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR