“Bizim həqiqətən də özümüzü tanıma problemimiz var. Muzeylərimizə getməliyik, görməliyik, düşünməliyik və dərk etməliyik. Çünki bir çox hallarda özümüz haqqındakı təsəvvürlərimiz Ermənistan Respublikasından kənarda, erməni reallığından kənarda formalaşır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 18-də hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, bu, “kim yaxşıdır, kim pisdir, kim dostdur, kim düşməndir” kimi bölgüləri müəyyən edən bir idarəetmə modelidir.
Paşinyan qeyd edib ki, xarici siyasət və ümumilikdə strateji yanaşmalar sahəsində bir çox məsələlər biliklərə əsaslanaraq yenidən nəzərdən keçirilir və korrektə olunur. Onun fikrincə, çox zaman hamı tərəfindən qəbul edilən “həqiqətlər” obyektiv reallığı əks etdirmir. Məsələn, diplomatiya dərsliklərində deyilir ki, daimi dostlar və düşmənlər, yaxud daimi maraqlar yoxdur. Paşinyan hesab edir ki, bu ifadə əslində həqiqəti gizlətmək üçün işlədilir. Onun fikrincə, həqiqət ondan ibarətdir ki, nə düşmənlər, nə də dostlar var — sadəcə beynəlxalq münasibətlər mövcuddur. Dövlət isə məhz bu məqamı dərk etdiyi anda yetkinləşir.
Paşinyan sözlərinə görə, “nə dostum var, nə düşmənim” dedikdə, diqqətini özünə, atmalı olduğu addımlara və qəbul etməli olduğu qərarlara yönəldirsən. Əks halda isə insan daim başqalarını hansısa qərara məcbur etməyi düşünür və nəticədə bir tələyə düşür — burada isə səni başqaları öz maraqları üçün bir oyun kartı kimi istifadə edir.
Musavat.com






