Azər Hüseynov: “Paşinyan başa düşür ki, Ermənistanın gələcəyi üçün millətçi-şovinist ritorikaya əsaslanan kilsə artıq faydalı deyil və...”
Erməni KİV-ləri siyasi texnoloq Vigen Akopyanın fikirlərini tirajlayaraq yazır ki, baş nazirin ruhani rütbəsindən məhrum edilən və ya edilməsi gözlənilən keşişlərin keçirdiyi mərasimlərdə iştirak etməsi onun “real Ermənistanın kilsəsi” adlandırdığı yeni dini məkan yaratmaq təşəbbüsünə bənzəyir.
Akopyanın sözlərinə görə, Paşinyan elə bir model qurmağa çalışır ki, orada öz təsəvvürünə uyğun şəxslər “ruhani” statusunda fəaliyyət göstərə bilsin. Ekspert hesab edir ki, baş nazir müəyyən mərhələdə bu bölgünün artıq qeyri-adi görünməyəcəyinə, cəmiyyətdə soyuq qəbul edilməyəcəyinə ümid edir.
Baş nazir “Real Ermənistan” naminə kilsəni parçalaya, yaxud yenisini yarada biləcəkmi? Paşinyanın əsas hədəfi nədir?
![]()
Azər Hüseynov
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bilindiyi kimi, Ermənistan Apostol Kilsəsi tarixən yalnız dini bir institut kimi deyil, həm də erməni millətçiliyinin və siyasi kimliyinin formalaşdırılmasında mühüm ideoloji mərkəz kimi çıxış edib. Orta əsrlərdən bəri ermənilər arasında kilsə, sadəcə, ibadət və inanc yeri yox, milli birliyin və identikliyin qorunmasının əsas dayağı kimi qəbul edilib. XX əsrin sonlarına qədər formalaşmış bu düşüncə tərzi xüsusilə Qarabağ məsələsində özünü açıq şəkildə göstərdi. 1980-ci illərin sonlarında separatçı hərəkatların ideoloji əsaslandırılması zamanı erməni kilsəsinin bəzi nümayəndələri açıq şəkildə "Qarabağ müqəddəs torpaqdır", “xristian irsi qorunmalıdır” kimi çağırışlarla çıxış edirdilər. Bu, kilsənin dini simasını bir daha siyasi ideologiyanın alətinə çevirdi. Kilsənin təsiri altında formalaşmış bu ideoloji sistem Ermənistanın dövlət quruluşuna da sirayət etmişdi".
Siyasi şərhçi əlavə edib ki, 1990-cı illərin əvvəllərində müstəqil Ermənistan dövləti qurulduqdan sonra belə, dövlətlə kilsə arasında simvolik bir ittifaq formalaşdı: “Rəsmi səviyyədə "dövlət və kilsə ayrıdır" prinsipi elan olunsa da, praktikada erməni kilsəsi dövlət ideologiyasının mühüm tərkib hissəsinə çevrildi. Xüsusilə Qarabağ məsələsində kilsənin rolu danılmaz id. Belə bir mühitdə kilsə faktiki olaraq müstəqil dini mərkəz yox, “milli-ideoloji aparat” kimi fəaliyyət göstərirdi. Bu, həm dövlət siyasətinə təsir imkanlarını artırırdı, həm də xalqın dini şüurunda dərin millətçi təməllər yaradırdı. İkinci Qarabağ müharibəsi (2020) Ermənistan üçün yalnız hərbi deyil, həm də mənəvi-ideoloji sarsıntı oldu. Çünki on illərlə “məğlubedilməz erməni ordusu”, “müqəddəs torpaqları qoruyan millət” kimi təqdim olunan miflər bir neçə həftə içində dağıldı. Bu məğlubiyyətin fonunda Ermənistan cəmiyyətində “kim günahkardır” sualı ortaya çıxdı və bu sualın ünvanlarından biri də erməni kilsəsi idi. Kilsənin siyasi ritorikası ilə reallıq arasında yaranan uçurum Ermənistanda dərin etimad böhranına səbəb oldu. Xüsusilə gənc nəsil artıq kilsəni dini mərkəz kimi deyil, “köhnə sistemin simvolu” kimi görməyə başladı".
Azər Hüseynov qeyd edir ki, Paşinyan hökuməti bu situasiyanı diqqətlə müşahidə edir və başa düşürdü ki, erməni kilsəsi hələ də cəmiyyət üzərində müəyyən təsirə malik olsa da, artıq onun sözünə kor-koranə inanan geniş kütlə yoxdur: “44 günlük müharibədən sonra kilsə Paşinyan üçün siyasi rəqibə çevrildi. Ruhanilər açıq şəkildə hökumətin siyasətini tənqid edir, "milli dəyərlərin xəyanətə uğradığını" bildirirdilər. Bu qarşıdurma həm ideoloji, həm də struktur səviyyədə yeni bir gərginlik yaratdı. Ermənistan cəmiyyəti artıq iki cəbhəyə bölünürdü: biri köhnə “kilsə-ordu-millət” üçlüyünə sadiq qalan konservativ qüvvələr, digəri isə Paşinyanın təmsil etdiyi “dövlət-qanun-modernləşmə” düşüncəsini dəstəkləyən islahatçı təbəqə idi. Nikol Paşinyan son illərdə Ermənistanın daxili ideoloji strukturunu yenidən qurmaq cəhdindədir. O anlayır ki, kilsə dövlətin siyasətinə tabe olmayan, əksinə, ona qarşı çıxan bir ideoloji mərkəz olaraq qaldıqca, Ermənistan daxilində milli birliyin bərpası mümkünsüz olacaq. Bu səbəbdən Paşinyan “real Ermənistanın kilsəsi” ideyasını irəli sürməklə, mövcud dini sistemdə dəyişikliklər etməyə çalışır. Paşinyanın planı dini azadlığa deyil, daha çox “ideoloji nəzarətin yenilənməsi”nə yönəlib. O, yeni bir model qurmaq istəyir ki, burada ruhanilik dövlət siyasətinə uyğun hərəkət etsin, dini liderlər millətçiliyi deyil, dövlətin gələcəyini təbliğ etsinlər. Bu, onun üçün həm daxili sabitlik, həm də uzunmüddətli siyasi legitimlik məsələsidir. Paşinyan başa düşür ki, Ermənistanın gələcəyi üçün millətçi-şovinist ritorikaya əsaslanan kilsə artıq faydalı deyil. Bu tip ideologiya Ermənistanı təcridə aparır, qonşularla münasibətləri pozur və regionda barışa imkan vermir. Buna görə də o, kilsənin islahatını qaçılmaz hesab edir. Bu islahat iki istiqamətdə aparıla bilər:
Birincisi, yeni kilsə institutunun yaradılması, yəni ruhanilərin bir hissəsinin dövlətin ideoloji xəttinə uyğun yenidən təşkilatlanmasıdır. İkincisi isə mövcud kilsənin daxili iyerarxiyasının dəyişdirilməsi - ruhanilərin seçilməsi, təyin olunması və fəaliyyətinin yeni qanunlarla tənzimlənməsidir. Paşinyan hesab edir ki, bu dəyişikliklər zamanı cəmiyyətin ilk reaksiyası mənfi olsa da, zamanla bu yeni dini model “normal” hal alacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






