Erməni Apostol Kilsəsinin Quqark yeparxiyasının rəhbəri, yepiskop Ovnan Akopyan bəyan edib ki, kilsəyə qarşı çıxan 10 yepiskopun arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Onun sözlərinə görə, baş verənlər kilsədaxili məsələ deyil, cəmiyyətdə parçalanmaya səbəb olan siyasi böhrandır.
Akopyan Katolikos II Qareginin sarsılmaz olduğunu vurğulayıb və Paşinyanın “kilsənin Katolikosu yoxdur” bəyanatına cavab olaraq bildirib ki, “Ermənistanın da hökumət başçısı yoxdur”.
Qeyd edək ki, Paşinyanı dəstəkləyən 10 yepiskop dekabrın 18-də Eçmiədzində Katolikosun istefası tələbi ilə aksiya keçirməyə çağırıb. Eyni vaxtda kilsə tərəfdarları da saxlanılan ruhanilərə dəstək məqsədilə ümumi ibadət elan ediblər. Bu, kilsə ilə hakimiyyət arasında qarşıdurmanın açıq mərhələyə keçdiyini göstərir.
Musavat.com






