İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sözçüsü Nazelli Serj Sarkisyanın cavabını verdi: "Qırıq val kimi təkrar edir..."

1133 08.11.2025 15:42 Siyasət A A

Ermənistan siyasi səhnəsində 44 günlük müharibə sonrası davam edən qarşılıqlı ittihamlar yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, keçmiş prezident Serj Sarkisyanın Qarabağ separatçı liderlərinin Azərbaycana təslim olunmasında Ermənistan hakimiyyətinin də iştirak etdiyini bildirməsindən sonra Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan onun açıqlamalarına sərt reaksiya verib.

Nazeli Bağdasaryan Sarkisyanın sözlərini “köhnəlmiş manipulyativ ritorika” adlandırıb və bildirib ki, bu cür iddiaların məqsədi qarşıdakı siyasi proseslər ərəfəsində ictimai fikri çaşdırmaqdır. Onun sözlərinə görə, Sarkisyanın çıxışı “analitik fikirdən çox, çoxdan cırılmış valın təkrar oxudulmasıdır”.

Nazeli Bağdasaryanın açıqlamasında deyilir:
“Azərbaycan informasiya müstəvisində fəallaşdığı bir vaxtda, xarici kapitalın istixana şəraitində böyütdüyü "qızıl uşaq" həmin kampaniyaya qoşulanda hər şey aydın olur. Sarkisyanın faktlara uyğun olmayan, məntiqsiz açıqlamaları artıq dəfələrlə təkzib edilib. İki il yarımda otuz illik boşluğu doldurmaq mümkün deyildi. Amma o, öz uzunmüddətli fəaliyyətsizliyinin kölgəsini başqalarının üstünə atmaq istəyir.”

Xatırladaq ki, Serj Sarkisyan dünən yayımlanan podkast müsahibəsində Qarabağ separatçı rəhbərlərinin saxlanılmasının “siyahı əsasında” həyata keçirildiyini və bu siyahının hazırlanmasında “Ermənistan hakimiyyətinin də payı olduğunu” iddia etmişdi. O, Qarabağ rəhbərlərinin “xalqla qalmağı seçdiyini”, Paşinyanın isə onlara dəstək vermədiyini bildirmişdi.

Bu açıqlama İrəvanda yeni siyasi qarşıdurma dalğası yaradıb. Ermənistan daxilində məğlubiyyətin məsuliyyəti ilə bağlı uzunmüddətli savaş davam edir: bir tərəf 2020-ci ildəki ordunun çöküşünü Sarkisyan–Köçəryan dövrünün nəticəsi kimi göstərir, digər tərəf isə Qarabağın itirilməsinə görə Paşinyanı ittiham edir.

Bu fonun ən ironik tərəfi odur ki, Ermənistan daxilində siyasi və ideoloji parçalanma dərinləşdiyi bir vaxtda Azərbaycan Zəfərinin 5-ci ildönümünü milli birlik və qürurla qeyd edir. Bakı bu gün bərpa olunmuş ərazi bütövlüyünü və güclənən dövlətçilik modelini nümayiş etdirir, İrəvan isə hələ də “kim Günahkardır?” sualının əsiridir.

Zəfər məğlub olan tərəfi yalnız ərazi itkiləri ilə yox, həm də daxili parçalanma ilə vurur. Ermənistanın bu gün yaşadığı mənzərə bunu bir daha təsdiq edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR