"Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu".
Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı belə deyib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Xocalı soyqırımının 34-cü ildönümünü qeyd edərkən biz tarixi bir qürur hadisəsi yaşadıq-Xocalı şəhərində Xocalı soyqırımı Memorial Kompleksinin açılışında Azərbaycan Prezidenti iştirak etdi. Bu hadisə nə qədər tarixi hadisə idisə Azərbaycan Prezidentinin o cümləsi də milli yaddaşımız baxımından bir o qədər tarixi cümlə idi:
“Bu, böyük mənəviyyat hadisəsi, böyük yaddaş hadisəsi idi. Bu, Azərbaycan Prezidentinin milli mənəviyyatımızı nə qədər dərindən mənimsədiyi və milli mənəviyyatımızın milli liderimizin timsalında hansı səviyyədə təcəlli etməsinin göstərici idi.
Çünki ermənilər Xocalı soyqırımını törədərkən Azərbaycan xalqının milli mənəviyyatını qırılma nöqtəsinə gətirməyi qarşılarına məqsəd qoymuşdular. Ermənilər Xocalı soyqırımını həm də ona görə törətmişdilər ki, biz milli mübarizəmizdə mənəvi qırılma nöqtəsinə gələk və mübarizə əzmimiz qırılsın, Qarabağ uğrunda mübarizə apara bilməyək. Prezident İlham Əliyevin Xocalıdakı həmin fikirləri liderin özünə, xalqına inamının, Xocalını, bütün işğaldakı torpaqlarımızı azad etmək üçün qərarlar qəbul etmək cəsarətinin, qüdrətinin göstəricisi idi ki, azad Xocalıda Prezident məhz o cümləni ifadə etdi. Doğrudan da bu dövlət başçısının inamı, Azərbaycan xalqının inamı idi ki, nəticə etibarilə bu layihənin Bakıda deyil, məhz Xocalıda icra olunmasına gətirib çıxartdı”.
Deputat vurğulayıb ki, Prezidentin bu cümləsi hər birimizdə qürur hissi yaratdı, hər birimizi kövrəltdi, liderimizin necə böyük siyasətçi olduğunu bir daha nümayiş etdirdi.
Etibar Seyidağa,
Musavat.com






