İnsanlara hürriyət, millətlərə istiqlal!

“Propoqanda briqadiri” – məşhur aktyor özbək qardaşları necə incidib?

2410 24.11.2025 11:30 Analitika A A

Müasir Rusiyanın siyasi, elmi, mədəni elitasını təmsil edən ayrı-ayrı şəxslərin keçmiş SSRİ ölkələrinə qarşı ksenofobik açıqlamaları, yanaşmaları xüsusinda vaxtaşırı yeniliklər olur.

Bəyənilməyən sovet dövründə belə şeylər olmazdı. Düzdür, o vaxt da velikorus şövinizminə könül verən, dalda yerdə ukraynalılara lağ edən, Qafqaz xalqları haqqında lətifə quraşdıran, Orta Asiya xalqlarını aşağılayan şəxslər vardı, amma heç kəs öz daxilindəki pis fikirləri açıq-açıq izhar edə bilməzdi.

İndi isə başqa xalqlara yönəlmiş aşağılayıcı ifadələr Dumanın tribunasından, ən populyar telekanalların efirindən, informasiya agentliklərinin xəbərlər bülletenindən və saytların xəbər lentindən tökülür.

Rusiyada postsovet ölkələrindən olan miqrantlara qarşı necə bir nasist dövlət siyasəti yeridildiyinə dair uzun yazmağa ehtiyac yoxdur.

Bu yaxınlarda Rusiyanın məşhur aktyoru Sergey Bezrukov özbəklərə qarşı ikrahamiz, ironik fikirlər səsləndirib.

Qeyd edək ki, Bezrukov gənc ikən çəkildiyi “Briqada” filmində oynadığı “Saşa Belov” obrazı ilə şöhrət qazanıb. Ondan sonra bu aktyor 80-dən artıq film və serialda çəkilib.

Bezrukovun özbəklərə lağ etməsi hadisəsinin tarixçəsi belədir:

2022-ci ilin sentyabrında keçirilən XIV Daşkənd Beynəlxalq Film Festivalına dəvət edilən Bezrukov tədbirin gedişində israr edib ki, necə olursa-olsun, şair Sergey Yeseninin qızı Tatyana Yeseninanın (1918-1992) Daşkənd məzarlığındakı qəbrini ziyarət etmək istəyir. Təşkilatçılar məşhur aktyorun bu arzusunu anlayışla qarşılayıblar, düşünüblər ki, Bezrukov bir vaxtlar Yesenin rolunu oynadığı üçün yəqin ki, özünə borc bilir ki, "qızının" məzarını ziyarət etsin.

Aktyoru gecə yarısı olmasına baxmayaraq, qəbiristanlığa aparıblar. Məzarlığın rus dilində özbək aksenti ilə danışan müdiri gecənin gecə vaxtı onu müşayiət edib, Tatyana Yeseninanın məzarını Bezrukova göstərib və təbii ki, aralarında qısa söhbətlər də olub. Bundan sonra aktyor ona təşəkkür edib və vətəninə yola düşüb.

bezr-1.JPG (19 KB)

Bu yaxınlarda isə Bezrukov bu hadisəni xatırlayaraq qəbristanlıq müdirinin rusca danışmaq tərzini, aksentini, davranışını və həyəcanını açıq şəkildə lağa qoyub, necə deyərlər, onun ağzını əyib (yamsılayıb), hətta özbəkcə danışığına da gülüb.

Bəlkə də başqa vaxt olsaydı, özbəklər buna fikir verməzdilər. Ancaq son iki ilin gerçəklikləri budur ki, Rusiyada millətçilik dalğası kükrəyib, qeyri-rus millətləri aşağılamaq, onların rus mədəniyyətinə yad olmasını göstərmək, rus dilini yaxşı bilmədiklərinə vurğu salmaq kampaniyası gedir və Bezrukovun həmin hadisəni xatırlaması bu bədnam kampaniyaya qoşulmasının göstəricisi kimi qəbul edilib.

Aktyorun hərəkəti, təbii ki, Özbəkistan ictimaiyyəti arasında mənfi reaksiya doğurub və onun ünvanına sərt tənqidi fikirlər səslənib. Xalq artisti sonradan özünə haqq qazandırmağa çalışsa da, necə deyərlər, artıq ox yaydan çıxıb.

Gerçəkdən də Özbəkistanda yüksək qonaqpərvərlik görən, böyük ehtiramla qarşılanıb yola salınan Bezrukovun hərəkəti bu tip adamların nə qədər nankor və təkəbbürlü olmalarının, başqa xalqlara real olaraq pis münasibət bəsləmələrinin təsdiqidir. Onlar belədirlər, barmağının beşini də bal edib onlara yedirərsən, yenə də razı qalmaz, hələ bir lağ da edərlər.

Bir Bezrukov deyil, çoxları belədir. Elə Azərbaycan ictimaiyyəti də bu kimi nankor, təşəxxüslü, özlərini bir şey zənn edən şovinistləri çox görüb.

Sözügedən aktyorun necə bir nasist olması isə beynəlxalq miqyasda bəlli bir faktdır.

bez-2.jpg (63 KB)

Bezrukov Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyinə görə Navalnının rəhbərlik etdiyi antikorrupsiya fondu tərəfindən "müharibə qızışdırıcıları" siyahısına daxil edilib. 2022-ci ilin oktyabr ayında Yermak-Makfol qrupu Bezrukovu "Kreml siyasətinə uyğun olaraq yalançı hekayələr yaradan" müharibə təbliğatçıları və ideoloqları siyahısına əlavə edib.

25 mart 2022-ci ildə Bezrukovun adı "müharibə təbliğatı və Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək verdiyinə görə" Latviyanın sanksiya siyahısına əlavə edilib.

20 iyul 2022-ci ildən bəri o, Avropa İttifaqı ölkələri tərəfindən şəxsi sanksiyalara məruz qalır. Aİ qeyd edir ki, Bezrukov Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləyib, təcavüzü təbliğ edib. O, həmçinin Krımın və Sevastopolun Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqını açıq şəkildə dəstəklədiyini bildirib və buna görə də, o, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, sabitliyini və təhlükəsizliyini sarsıdan və ya təhdid edən hərəkətləri fəal şəkildə dəstəkləmək və həyata keçirməkdən məsuldur.

29 iyul 2022-ci ildən bəri aktyor oxşar səbəblərdən İsveçrənin sanksiyalarına məruz qalıb. Eyni motivlərlə Kanada dövləti də Bezrukovu "Rusiyanın dezinformasiya agentləri" siyahısına əlavə edib və sanksiyaya məruz qoyub.

Beləliklə, aydın olur ki, bu “propoqanda briqadiri” təkcə özünü, reputasiyasını bədnam etmir, həm də təmsil etdiyi dövlətin düşmənlərinin sırasını genişləndirir. Başqa millətlərə ikrahla yanaşanlar öz xalqlarını sevimli edə bilməzlər. Təsir təkcə fizikada əks-təsirə bərabər olmur, bu qanun siyasətdə, diplomatiyada da keçərlidir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR