İnsanlara hürriyət, millətlərə istiqlal!

PUA savaşlarının ilk qalibi - Azərbaycan təcrübəsi diqqətdə

845 02.12.2025 12:35 Siyasət A A

44 günlük müharibədən sonra dron konsepsiyasımız daha da inkişaf etməkdədir

Dronlar və süni intellekt müasir döyüş meydanının xarakterini kökündən dəyişdirir və bunu yenə edə bilər. Bu barədə CNN-in son illərdə dronların və süni intellektin hərbi əməliyyatlara təsirini təhlil edən məqaləsində deyilir.

Məqalədə Azərbaycan Ordusunun Ermənistana qarşı 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında ilk dəfə kütləvi şəkildə dronlardan necə istifadə etdiyinə diqqət yetirilir: “Azərbaycan kənd təsərrüfatı təyyarələrini aldadıcı dronlara çevirdi. Ermənistanın hava hücumundan müdafiə sistemləri bu aldadıcıları vuraraq özünü büruzə verən kimi Azərbaycan hücum dronları və artilleriyası Ermənistanın mövqelərini məhv etdi və nəticədə Bakının hava məkanına nəzarətini təmin etdi”.

Ekspertlərə görə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi oturuşmuş tendensiyanı dəyişib.

“Dronlar indi artıq dəstəkləyici vasitə yox, döyüş meydanında hərbi əməliyyatların gedişatını dəyişdirməyə qadir bir qüvvədir”, - təhlildə vurğulanır.

Bu arada, Türkiyə PUA-ları Çilidə gündəm mövzusuna çevrilib. Yerli medianın məlumatına görə, Ankaranın müdafiə sənayesinin yeni hədəfi Latın Amerikası bazarıdır: “Bölgənin daxili sabitliyə, onun qorunmasına və təhlükəsizliyə ehtiyacı var. Buna görə də türklər tezliklə buranı da "fəth" edəcəklər".

Vurğulanıb ki, Türkiyə beynəlxalq PUA ixracında 65% paya sahibdir və 37 ölkədə bu PUA-lardan aktiv şəkildə istifadə olunur: “Türk PUA-ları bir çox ölkədə özünü sübut edib. Artıq Ankara müasir müharibələrin gedişatını dəyişə bilir”.

Bəs hazırda dron (PUA) texnologiyalarında ən öndə gedən ölkə hansıdır - Türkiyə, yoxsa? Azərbaycanın sıradakı yeri necədir?

Emin Həsənli: “Yeni dünya düzənində xüsusi xidmətlərin fəaliyyəti çox  önəmlidir”

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsində qələbəmizdə PUA-ların böyük rolu oldu. Onun sözlərinə görə, əsasən İsrail və Türkiyənin PUA-larından istifadə olundu: “Qardaş ölkə PUA istehsalında dünyada öncül yerlərdən birini tutur. Azərbaycan da bu istiqamətdə xeyli uğurlar əldə edib. Ölkəmiz həm İsrail, həm də Türkiyə texnologiyasına böyük önəm verir. Çinin də bu sahəyə həddindən artıq çox marağı var. İran daxil, bir çox ölkələr bunun istehsalına ciddi önəm verirlər. Türkiyə ilə birlikdə bu sahənin inkişaf etdirilməsi üçün konkret addımlar atırıq”. 

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı | Modern.az

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd isə hesab edir ki, həm 44 günlük müharibə, həm də Ukraynada gedən müharibə PUA-ların dəstəkləyici element yox, hücumun əsas vektoru olduğunu gözlər önünə sərir: “Türkiyə istehsalı Bayraktar TB2 dronları təkcə Azərbaycanda yox, Ukrayna, Liviya, Suriya, hətta Qərbi Afrikada öz effektivliyini göstərdi. Nəticədə, Türkiyə  PUA ixracında dünyada 65% paya sahibdir və 37 ölkəyə sistem satır. Ankara artıq yalnız texnologiya ixrac etməklə kifayətlənmir, həm də açıq şəkildə deyə bilərik ki, PUA ilə döyüş doktrinasını ixrac edir. PUA texnologiyalarında ABŞ və İsrail uzun müddətdir lider mövqedədir. ABŞ-nin "MQ-9 Reaper" və İsrailin "Harop", “Heron” kimi sistemləri yüksək texnoloji üstünlüyə malikdir. Ancaq bu ölkələrin sistemləri əsasən terrorizmlə mübarizə və xüsusi əməliyyatlar üçün istifadə olunur. Yəni Azərbaycan və Türkiyənin genişmiqyaslı müharibə şəraitində tətbiq etdiyi taktika ilə eyni səviyyədə deyil. Yeri gəlmişkən, Azərbaycan 44 günlük müharibə zamanı İsrail istehsalı olan dronlardan da geniş şəkildə istifadə etdi və uğurlu nəticələr əldə etdi".

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan PUA konsepsiyasını daha da inkişaf etdirir: ""İnsansız Sistemlər Qoşunları"nın yaradılması bu sahəyə strateji baxışı nümayiş etdirir. Azərbaycan artıq yalnız alıcı deyil, yerli istehsal və modernləşdirməyə də fokuslanıb. Eyni zamanda İsrail və Türkiyə ilə texnoloji əməkdaşlıq gücləndirilir. Gələcəkdə Azərbaycanın bu sahədə öz PUA brendini yaratması, həm də ixrac potensialı qazanması mümkündür. Müharibə təcrübəsi və əməliyyatların real tətbiqi sahəsində əldə edilən təcrübə onu “praktiki PUA gücü” statusuna yaxınlaşdırır.

Hazırkı müharibələr artıq təkcə tanklarla və təyyarələrlə deyil, kiçik ölçülü, yüksək dəqiqlikli və ağıllı sistemlərlə aparılır. PUA-lar müasir müharibələrin əvəzolunmaz elementinə çevrilib. Danılmaz faktdır ki, bu sahədə ilk dönüş nöqtəsi 2020-ci ildə Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Azərbaycan müharibə dövründə təkcə mövcud texnologiyanı istifadə etmədi, eyni zamanda onun taktiki tətbiqində yeniliklər etdi. Ən diqqətçəkən elementlərdən biri kənd təsərrüfatı təyyarələrinin “aldadıcı dronlara” çevrilməsi və bu yolla Ermənistan HHM sistemlərinin aktivləşdirilərək mövqelərinin müəyyənləşdirilməsi oldu. Hazırda silah bazarında ən böyük təlabat dronlaradır. Ancaq nəzərə almaq lazımdır ki, dronların artan əhəmiyyəti antidron sistemlərinə də tələbatı artırır. Rusiya, ABŞ, xüsusilə Hindistan antidron sistemlərinin yaradılmasına və inkişafına böyük pullar ayırıb. Hesab edirəm ki, Türkiyə, eləcə də Azərbaycan antidron sistemlərinin yaradılması və inkişafına da diqqət ayırmalıdır. Silah bazalarında gələcəkdə ən çox ehtiyac həm də məhz bu sistemlərə olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR