İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul getdi, veriliş efirə çıxmadı – Azərbaycanda qeyri-adi dələduzluq

1137 07.01.2026 12:19 Kriminal A A

Abşeron rayonu ərazisində qeydə alınan dələduzluq hadisəsi ictimaiyyətin diqqətini çəkib.

Musavat.com xəbər verir ki, zərərçəkənin bildirdiyinə görə, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq guya ehtiyacı olduğunu deyib və ondan 1 manat pul istəyib.

Vətəndaş xırda məbləği verdikdən sonra həmin şəxs zərərçəkənin cibində xeyli miqdarda pul olduğunu görüb və söhbətin istiqamətini dəyişib. Naməlum şəxs bu dəfə “sosial eksperiment” apardıqlarını iddia edərək, guya televiziya verilişi üçün çəkiliş etdiklərini bildirib. O, eksperimentin davamı üçün bir qədər də pul lazım olduğunu, çəkiliş bitəndən sonra isə bütün vəsaitin geri qaytarılacağını vəd edib. Nəticədə bu “innovativ yanaşma” zərərçəkənə 1350 manata başa gəlib. “Eksperimentin müəllifi” pulu götürdükdən sonra nə efirə çıxıb, nə də sosial şəbəkələrdə peyda olub – birbaşa qeybə çəkilib.

Lakin “sosial eksperiment” bununla yekunlaşmayıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sosial şəbəkələrə yox, operativ-axtarış tədbirlərinə üstünlük verərək 27 yaşlı Elvin Mehdiyevi müəyyən edib və saxlayıb. Beləliklə, “eksperimentin” ikinci mərhələsi – istintaq və cinayət məsuliyyəti başlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Polis ehtimal edir ki, Elvin Mehdiyev oxşar “sosial eksperimentləri” təkcə bir nəfərin deyil, bir neçə vətəndaşın cibində sınaqdan keçirib. Hüquq-mühafizə orqanları vətəndaşlara bir daha xatırladır ki, veriliş, sosial layihə və ya eksperiment adı ilə pul istəyən şəxslərə vəsait verməzdən əvvəl diqqətli olsunlar və belə hallarda dərhal polisə müraciət etsinlər.

E. MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR