Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsinin qara qutusu tapılıb. Gürcüstan KİV məlumat yayıb. Gürcüstan rəsmiləri qara qutunun açılması ilə texniki analiz prosesinin sürətlənəcəyini bildiriblər. Qeyd olunub ki, bütün məlumatlar toplandıqdan sonra yekun hesabat Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən birgə açıqlanacaq.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı yeni versiya açıqlanıb. Hadisə ilə bağlı keçmiş "C-130" pilotu Bülent Boralı "A Haber" telekanalına müsahibəsində qəzanın mümkün səbəblərini dəyərləndirib.
Onun sözlərinə görə, "C130" təyyarələri Türkiyə Silahlı Qüvvələrinin ən mühüm hərbi nəqliyyat təyyarəsidir. Onun bu şəkildə qəzaya uğraması insanların beynində çoxlu suallar yaradıb: "Keçmiş C130 pilotu kimi deyə bilərəm ki, təyyarənin mühərriki hələ də işləyirdi. Bu mühərriklər modernləşdirilmişdir. Yaşlarına baxmayaraq, təkmilləşdirilib".
Keçmiş pilot səbəb olaraq struktur material yorğunluğunu istisna etməyib. Türkiyə təyyarəsinin göyərtəsində 20 nəfər olub, onlardan 19-nun meyiti tapılıb. Türkiyə KİV məlumat yayıb. Qalan bir nəfərin axtarışları davam edir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.






