Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri çərçivəsində bir sıra mühüm infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi, sakinlərlə görüşərək Böyük Qayıdış proqramının uğurla davam etdiyini vurğuladı. Dövlət başçımızın səfəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Deputat söyləyib ki, Prezident İlham Əliyev sakinlərlə görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əsas məqsədinin insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıdışını təmin etmək olduğunu vurğulayıb: “Dövlət başçımızın da qeyd etdiyi kimi, “biz bu torpaqlara həyatı qaytarırıq. Bütün şəhərlər, kəndlər yenidən qurulur, ən yüksək standartlar tətbiq olunur”. Bu, regionda aparılan quruculuq işlərinin miqyasını və strateji əhəmiyyətini aydın şəkildə göstərir.
Səfər çərçivəsində istifadəyə verilən yaşayış kompleksləri, məktəblər, enerji və yol infrastrukturu layihələri bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Cəbrayılda yeni yaşayış məhəllələrinin yaradılması, məktəb və sosial obyektlərin tikilməsi sakinlərin dayanıqlı məskunlaşmasına xidmət edir. Zəngilanda istifadəyə verilən enerji infrastrukturu isə “yaşıl enerji zonası” konsepsiyasının praktik nəticəsidir. Yeni yol və kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Horadiz-Zəngilan-Ağbənd nəqliyyat xətti və digər magistral yollar Qarabağın daxili əlaqələrini gücləndirməklə yanaşı, regionun beynəlxalq logistik mərkəzə çevrilməsinə zəmin yaradır. Bu layihələr Zəngəzur dəhlizinin perspektivləri baxımından da strateji əhəmiyyət kəsb edir”.
N.Məmmədova onu da qeyd edib ki, mayın 10-da Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf edib və tədbirdə cənab Prezidentin əsas mesajlarından biri ondan ibarət idi ki, 2020-ci ildə əldə edilmiş qələbə 1993-cü ildən başlayan dövlətçilik strategiyasının məntiqi yekunudur: “Dövlət başçımız xüsusilə vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan xilas edib, dövlət institutlarını bərpa edib və gələcək zəfərin əsasını qoyub. “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi, onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir” deyən cənab Prezident Azərbaycanın yalnız Ermənistanla deyil, böyük geosiyasi mərkəzlərlə mübarizə apardığını bir daha bəyan etdi. Beləliklə, bir daha aydın olur ki, Azərbaycan müharibəni hərbi güclə yanaşı, siyasi iradə və strateji hesablamalarla qazanıb. Rəsmi Bakı həm döyüş meydanında qalib gəlib, həm də diplomatik şərtləri diktə edən tərəfə çevrilib. Çıxışın diqqət çəkən məqamlarından biri də sülhü pozmağa can atan dairələrə yönələn sərt mesajlar idi. Cənab Prezident bəzi xarici liderləri “saxta qəhrəman” adlandıraraq onların Ermənistanı guya müdafiə etdiyini bildirdi. Avropa müşahidə missiyasına gəlincə, Prezidentin də söylədiyi kimi, “özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.
Deputatın sözlərinə görə, dövlət başçısının çıxışında ən geniş yer ayrılan məsələlərdən biri də Zəngilanın gələcək inkişaf perspektivləri oldu: “Cənab Prezident rayonu regional nəqliyyat və iqtisadi mərkəz kimi təqdim etdi. Belə ki, yaxın illərdə Bakı-Zəngilan dəmir yolu istifadəyə veriləcək, daha sonra isə bu xətt Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana uzanacaq. Yəni, bərpa edilən Qarabağ və Şərqi Zəngəzur eyni zamanda Azərbaycanın yeni iqtisadi və geosiyasi güc platformasına çevrilməkdədir”.
Nigar Həsənli
Musavat.com






