Liviyanın sabiq liderinin oğlu Seyf əl-İslam Qəddafinin öldürüldüyü barədə məlumat yayılıb.
Məlumata görə, hadisə Liviyanın cənub-qərbində yerləşən Həmadə bölgəsində keçirilən xüsusi əməliyyat zamanı baş verib.
Musavat.com xəbər verir ki, yayılan məlumatlarda əməliyyatın silahlı qruplaşmalara qarşı aparıldığı, həmin prosesdə Seyf əl-İslam Qəddafinin də hədəf alındığı bildirilir.

Seyf əl-İslam Qəddafi uzun illərdir Liviyada siyasi proseslərin mərkəzində yer alan fiqurlardan biridir. Onun taleyi barədə məlumatlar dəfələrlə ziddiyyətli olub. Daha əvvəl də müxtəlif vaxtlarda onun öldürüldüyünə dair xəbərlər yayılıb, sonradan isə təkzib edilib.

Qeyd edək ki, Seyf əl-İslam Qəddafi Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğludur. Qəddafi Liviyaya təxminən 42 il rəhbərlik edib. 2011-ci ildə Liviyada başlayan iğtişaşlar və silahlı qarşıdurmalar fonunda Qəddafinin hakimiyyəti devrilib. Oktyabrın 20-də (2011) o, Sirt yaxınlığında şəhərdən çıxmağa çalışan karvanın vurulmasından sonra tutulub və qısa müddət sonra öldüyü açıqlanıb.
Musavat.com






