Ukrayna prezidenti Volodimir Zelenski Davos İqtisadi Forumundakı çıxışı ilə çoxlarını şoka saldı. Dörd ildir Rusiyanın apardığı işğalçı müharibənin dayandırılması, Ukraynaya dəstək verilməsi istiqamətində ciddi addımlar atmayan Avropa İttifaqına üzv ölkələrin bəzilərinin hətta gizli alverlə məşğul olduqlarını çılpaqlığı ilə bəyan edən Zelenskinin bu çıxışı bir daha Azərbaycan Prezidentinin “kim güclüdürsə, o da haqlıdır” yanaşmasını təsdiqlədi.

Zelenskinin dediklərindən bəlli oldu ki, Rusiyanın silahlanmasında belə dolayısı və ya birbaşa iştirak edən Avropa ölkələri bu gün daha çox özlərini təhlükələrdən sığortalamaq istiqamətində siyasət yürüdürlər. Eyni zamanda, dünya güclərinin İrandakı etirazlara seyrçi münasibəti, minlərlə vətəndaşın qətlinin qarşılığında təsirli tədbirlərin görülməməsini açıq ifadə etməsi dünyadakı ikili standartların növbəti bariz nümunəsi oldu. Düzdür, iştirakçılar Zelenskini ayaq üstə alqışlamaqla onun dilə gətirdiyi həqiqətləri arxa plana keçirməyə və özlərini sığortalamağa cəhd göstərdilər, amma bu, nəticəyə təsir göstərəcək xüsusat deyil. Əks təqdirdə, Zelenskinin Brüsseldəki iclas salonlarında ayaq üstə alqışlanmasının illər öncə Ukraynaya faydası olardı.
Bəs Zelenskinin bu çıxışı hansı qənaətə gəlməyə əsas verir? Avropa İttifaqı Ukraynanı yarıyoldamı qoyacaq? Rəsmi Kiyev ərazilərinin 20 faiz işğal olunmasına astəgəl münasibət bildirən və daha çox öz təhlükəsizliyinin hayına qalan Aİ ölkələri ilə bağlı siyasətinə korrektələr edəcəkmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Zelenskinin Davos İqtisadi Forumunda iştirakı planlaşdırılmırdı:
“Müharibə gedən ölkənin dövlət başçısısının günlərlə hansısa forumda iştirakı doğru olmazdı. Ancaq Davosda olan Tramp Zelenski ilə görüşə və müzakirəyə ehtiyac duydu. Bu səbəbdən, Zelenski Davosa getmək məcburiyyətində qaldı. Yaxın müddətdə Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılıb. Tramp hesab edir ki, tərəflər sülh sazişini imzalamağa yaxındırlar. Ancaq reallıq hələ fərqlidir. Ukrayna lideri Davosda, Trampla görüşdən başqa, forumda çıxış etmək fürsətini də əldən vermədi. Zelenskinin çıxışından bu qənaətə gəlmək olar ki, o, Qərbin Ukraynaya dəstəyinin miqyasından narazıdır”.
E.Şahinoğlu digər məqama da diqqət çəkdi:
“Doğrudur, Zelenski son bir ildə müxtəlif Avropa liderləri ilə strateji sazişlər imzalayıb, hərbi texnika alıb. Ancaq Ukraynanın Rusiya ilə müharibədə uğur qazanması üçün bu, kifayət etmir. Zelenski hesab edir ki, Avropa dövlətlərinin orduları zəifdir və buna görə onlar daha güclü Ukrayna ordusunu Rusiyanın işğalçı ordusu qarşısında daha da çox dəstəkləməlidirlər. Ancaq Zelenski onun da fərqindədir ki, Qrenlandiyanı qoruya bilməyən Avropanın Ukraynanı qoruması problematikdir”.

Analitik Zelenskinin Davosdakı çıxışı zamanı Macarıstan baş naziri Viktor Orbanı tənqid etməsinə də diqqət çəkdi.
Politoloq qeyd etdi ki, bu iki lider arasında münasibətlər illərdir gərgindir: “Orban hesab edir ki, Zelenski Putinin şərtlərini qəbul etməlidir. Zelenski isə buna etiraz edir. Zelenskinin bu dəfə böyük auditoriya qarşısında Orbanı tənqid etməsi və onu Avropa maliyyəsindən yararlanan lider kimi göstərməsi Macarıstanda bu il keçiriləcək parlament seçkilərinə hesablanıb. Görünür, Zelenski Orbanı tənqid etməklə Macarıstanda seçki öncəsi onun reytinqinin aşağı düşəcəyinə ümid edib. Ancaq bu, tərs effekt də verə bilər. Macarıstandakı seçicilər Zelenskinin ölkə baş nazirini tənqid etməsini yersiz hesab edərək Orbana daha çox dəstək verə bilər”.
E.Paşasoy,
Musavat.com






