Ekspert: “ Zelenskinin çağırış Avropa liderləri arasında heç də xoş qarşılanmadı və qıcıq yaratdı”
Son günlərdə Ukrayna müharibəsi təkcə cəbhə xəttində yox, diplomatik səhnədə də təhlükəli dönüş nöqtəsinə qədəm qoymaqdadır. Bir vaxtlar Kiyevə “nə lazımdırsa veriləcək” deyən Qərbin davranışları diqqətləri çəkir. Sanki tərəddüdləri durmadan artır.
Silah tədarükündə fasilələr, siyasi iradədə boşluqlar və Vaşinqton-Brüssel xəttində artan ziddiyyətlər Kremlin əlinə yeni fürsətlər verir.
Doğrudur, Rusiya-Ukrayna və Amerika nümayəndələri arasında günlər öncə görüş baş tutdu. Bu ölkələr arasında fevralın 1-də keçiriləcək görüşə hazırlıq gedir. Amma sanki nəsə çatışmır.
Qərbin sərgilədiyi davranış sadəcə, yorğunluğun nəticəsidir, yoxsa bu səssizlik artıq Rusiyanın xeyrinə işləyən strateji pauzadır?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirdi ki, Rusiya-Ukrayna məsələsində Qərbi səssiz adlandırmaq olmaz: “Xüsusi olaraq, Avropanın Ukraynanın xeyrinə təkliflərinin əsasən keçərli olmadığı, Rusiya-Ukrayna müharibəsinin taleyinin Tramp və Putin daşınıqları və müvafiq razılaşmaları əsasında artıq demək olar ki, masada həll olunduğu vurğulanmalıdır. Hərbi cəbhədə də müvafiq nəticələr olarsa, müharibə 2027-ci ilədək yekunlaşacaq.
2026-cı ilin əvvəlindən Rusiyanın Donbasda hücumunu artırdığı, 2022-ci ilin əvvəlindəki hücum səviyyəsini bərpa etdiyi diqqət çəkir. Ən son məlumata görə, Rusiyanın hazırki hədəfi Slavyansk və Kramatorskun ələ keçirilməsidir. Bu iki şəhər Donbasın hazırda Ukrayna nəzarətində qalan ən vacib ərazilərindəndir. Bunların ələ keçirilməsi Rusiyanı hərbi-strateji baxımdan istəyinə daha da yaxınlaşdıracaq.
Zelenskinin Rusiyanın ərazi tələblərini qəbul etmək istəmədiyi, “hazırki təmas xətti” prinsipi ilə müharibəni yekunlaşdırmağa razı olduğu məlumdur. Elə buna görə 2022-ci ildən sonra ilk dəfədir ki, ötən günlərdə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar demək olar ki, nəticəsiz qalıb. Odur ki, hərbi cəbhədə məğlubiyyətin Ukraynanı müvafiq şərtləri qəbul etməyə vadar edəcəyi gözlənilir. Zelenskinin ABŞ və Avropaya Rusiyaya təzyiqləri artırmaqla bağlı Davos Forumundakı çağırışları bu fonda təhlil olunmalıdır.
Zelenski ABŞ-ın Venesuela neft tankerlərini konfiskasiya etməsindən təsirlənərək Rusiyanın bütün neft tankerlərinin saxlanılmasını və neftin satılaraq Avropanın ümumi mənafeyinə xərclənməsini təklif edib. Halbuki, Avropa heç Rusiyanın dondurulmuş aktivlərinin konfiskasiyası məsələsində vahid mövqe sərgiləyə bilmədi. Zelenski həmçinin Avropanı “zəif olmamağa”, müdafiə qabiliyyətini artırmağa, qlobal məsələlərə daha çox reaksiya göstərməyə çağırıb. Müdafiə məsələlərinə dair debatda Avropa dövlətləri arasında mövqe fərqlənir. Xüsusilə Almaniya və Fransa Avropanın müdafiə imkanlarını gücləndirmək, ABŞ-dan asılılığını azaltmaq və strateji müstəqilliyini artırmaq niyyətlərini açıq bəyan edirlər. Təkzib olunmazdır ki, Avropa dövlətlərinin hərbi büdcələri gedərək artırılır. Lakin bu, Avropanın daxili məsələsidir. Ukrayna bu məsələyə ən azı, üzv olduqdan sonra toxuna bilərdi (müharibədən sonra Ukraynanın Aİ-yə üzv olması gözlənilir). Hazırda isə bu çağırış Avropa liderləri arasında heç də xoş qarşılanmadı və qıcıq yaratdı. Elə buna görə İtaliya XİN sərt reaksiya verərək bu kimi çıxışların münasibətləri gərginləşdirə biləcəyini bəyan etdi. Avropa həm də Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırlaşır. Lakin bu məsələdə də Rusiyanın sərt əks-mövqeyi var. Rusiya rəsmiləri Ukrayna üçün 2022-ci ilin İstanbul sazişində nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin tətbiqinə – yəni Ukraynanın neytral statusu, müxtəlif dövlətlərin hərbi iştirakla deyil, hüquqi formada kollektiv təhlükəsizlik zəmanətləri verməsinə dair israrına davam edir. Zelenski isə nəinki sadəcə, Avropa, o cümlədən ABŞ-ın da müvafiq təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada hərbi-sülhməramlı varlığını tələb edir. O, ABŞ olmadan Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının işlək olmayacağını bildirib.
Beləliklə, Ukraynada hərbi cəbhədə proseslərin inkişafından asılı olaraq masadakı razılaşmalar tətbiq olunacaq”.
Cavanşir ABBASLI
Musavat.com






