İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxa-qorxa yaşamaqdansa

434 15.06.2026 10:12 Yazarlar A A

Sovetin vaxtında məşhur kinokomediya vardı. İki artıq xeyli qoca qəhrəmanlardan biri digərinə gileylənirdi ki, bilirsən, mən belə yaşaya bilmirəm, mənə problem lazımdır. O birisi də guya ona təskinlik vermək üçün qayıdırdı ki, narahat olma, mən özüm sənə problem yaradacam...

Niyə xatırladım bunu? Bilirsiniz, çox təəssüf, bizim cəmiyyətlər öyrənilmir. Məsələn, özümçün düşünürəm ki, görəsən, son bir neçə ildə ictimai-siyasi konteksdə ən çox eşitdiyim söz nədir? 

Bəlkə inanmayacaqsınız, amma bu söz “təhlükə”dir, baxmayaraq ki, neçə ildir müharibə də bitib, torpaqlarımız da azad olub, amma siyasi qarabasmalar bizi rahat buraxmır. Niyə belədir? Niyə daim bu haqda düşünürük? Sözü yazıram, amma ardınca da ağlıma gəlir ki, düşünürük, yoxsa bizi belə düşünməyə vadar ediblər və edirlər?

Başa düşürəm, dünya da, region da çox qəlizləşibdir. Amma nə qədər qəliz olsa da, hər halda, keçmiş “soyuq müharibə”yə çatmaz – o vaxt, məcazi mənada desək, barmaqlar daim nüvə silahının pultunda idi, yeraltı sığınacaqlar–bunkerlər yerüstü tikililərdən az inşa olunmurdu. 

Deyirdilər hətta Moskva Universitetinin əsas binasının altında ehtiyat elektrik stansiyası da var. Nüvə silahlarını yerləşdirmək, idarə etməkçün nələr edilmirdi? Xüsusi qatarlarda yerləşdiridilər ki, yerlərini fiksə etmək mümkün olmasın və qatarlar yalnız hərbçilərə məlum xətlər üzrə ora-bura hərəkət edirdilər...

İndi, şükür, nüvə silahından D.Medvedev kimi “siyasi liliput”lardan savayı kimsə danışmır. Böyrümüzdə də müharibə gedir, amma kimsə demir ki, bəs İrana qarşı nüvə silahından istifadə edəcəyik, halbuki indi həmin silahın çox müxtəlif modifikasiyaları var, hətta deyəsən, mini-atom bombaları da mövcuddur. Amma şükür bu haqda düşünən yoxdur. 

Tək ruslar bundan danışır, özü də kimə qarşı? Ukraynaya! O ölkəyə qarşı ki, hələ 90-cı illərdə onu nüvə silahından məhrum etdilər ki, guya özləri bu gənc ölkənin təhlükəsizliyinə təminat verəcəklər! Nə oldu?..

İnanın, şəxsən mən prezident Putindən də çox ruslar haqqında düşünürəm və hər dəfə də yadıma əvvəldə dediyim film düşür: Vallah, bunlar problemsiz yaşaya bilmirlər! Bəlkə elə həqiqətən də bunlarçün elə problem yaratmaq lazımdır ki, başlarını qaşımağa macal tapmasınlar? Bunu ona görə deyirəm ki, hiss olunur, indiki sanksiyalar təsir etmir, onları bir az da sərtləşdirmək lazımdır. 

Məsələn, deyirlər ki, bəs Moskva müəyyən əməliyyatları hətta Ermənistan üzərindən həyata keçirir. Bəlkə belə “yardımçı ölkələr”ə də sanksiya tətbiq etməyin vaxtıdır? 

Avropa siyasət adamları gileylənirlər ki, bəs sanksiyalarda “lazeyka”lar var və Moskva bundan istifadə edir. Cənablar, bu sanksiyaları məgər siz yazmırsız? Elə yazın ki, boşluqlar olmasın...

Həm də bilirsiniz, ağlıma daha nələr gəlir? Biz siyasəti də insan tiplərinin konteksindən ayırmamalıyıq. Kimdir Putin? Keçmiş sovet adamı, keçmiş kəşfiyyatçı! Deyə bilərsiniz ki, məsələn, ata Buş da əvvəl MKİ-nin rəhbəri olmuşdu. Düzdür, amma əminsimizmi ki, hətta onda da belə qarabasmalar yox idi? 

Daha bir detalı deyim. Bjezinski kimi politoloqlar daha çox post-sovet ölkələrində maraqlı idi, onları Qərbdə elə də sevmirdilər, deyirdilər ki, bunlar “soyuq müharibə” psixologiyasından ayrıla bilmirlər. Ötən əsrdə ABŞ-ın bir müdafiə naiziri olmuşdu – Ceyms Forrestol. Adam “Ruslar hücum edir!” deyə özünü pəncərədən atıb intihar etmişdi...   

Vaxtilə sosial ədəbiyatda sovet insan tipindən çox yazırdılar, amma sonra bu yazılar azaldı, guya ki, sovet adami kimi sosial-psixoloji tip daha qalmadı. Belədirmi? Əsla! Bu adamların özü bir yana, onlar axı öz uşaqlarına da tərbiyə verirlər və öz dünyagörüşlərini onlara aşılayırlar, azı ona görə ki, sovet adamlarının heç də hamısı dissident deyildi, əksinə 95 faizi beş-üç dissidentdən donos yazanlar idi.

Məsələn, Avropa adamı başa düşə bilmir ki, niyə gürcülər onların adamlarına yox, İvanişvili dəstəsinə səs verirlər? Eynilə soruşmaq olar ki, niyə azərbaycanlılar Rəsulzadədən çox Nərimanova rəğbət bəsləyir?..

Arabir özündən soruşursursan ki, bəzi post-sovet ölkələrində insanları daha çox nə birləşdirir? Konstitusiya, yoxsa “suç ortaqlığı”? Ona görə deyirəm bunu ki, sovet və post-sovet adamlarının çoxu suçlu və ya təqsirli insanlardır, çoxu nə vaxtsa, haçansa qanunu pozub, ya pozacaq, yaxud da qanunla yaşamaq onlarçün çətindir, odur ki, daim qanundan kənara çıxmağa meyllidirlər. Onlar üçün bir tərəfdən belə daha yaxşıdır, belə daha asandır, digər tərəfdən də daim səksəkədə, qorxuda bulunurlar ki, axırları necə olacaq? 

Təsəvvür edin, bəzi siyasi araşdırmaçılar hətta məmurlar arasındakı rüşvətxorluğu “əsaslandırmaq” üçün deyirlər ki, guya məmurların vəzifəyə marağı olmasa, dövlətin işi getməyəcək və onlar bir illik AXC hakimiyyəti dövründə olduğu kimi dövlətin və yaxud da hökumətin işini sabotaj edəcəklər...   

Prezident İlham Əliyev “dəmir yumruq” ifadəsini tamam başqa konteksdə işlətmişdi, bunu Azərbaycanın düşmənlərinə xitabən demişdi. Amma görün, azərbaycanlı ziyalı nə deyir? “Dəmir yumruq” başımızın üstündən əskik olmasın!..

İnanın, artıq çoxdandır müxtəlif dinlərin ilahiyyatçıları–teoloqları arasında mübahisə gedir ki, insan Tanrısından qorxmalıdır, yoxsa onu sevməlidir? 

Məsələn, xristianların teoloqları moizələrində daha çox ikinci fikri qabardılar ki, insan Allahını sevsə, daha yaxşı adam və dindar olar, çünki qorxaq heç vaxt səmimi olmur, qorxu altında edilən əməl belə yetərincə səmimi - ürəkdən olmur, ona görə ki, bir şey qorxudan edilirsə, onda hansı sevgi və səmimiyyət ola bilər?

Bizim gözəl atalar sözlərimiz var. Hərdən düşünürəm ki, bu sözləri bizim ata - babalrımız deyibsə, biz niyə fərd olaraq da, cəmiyyət olaraq da bu qədər qüsurluyuq?  

Yadınızdamı? İgid bir dəfə ölür, qorxaqsa hər gün, hər saat...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR