Fransa prezidenti Emmanuel Makron İrəvanda səhər gəzintisinə çıxarkən, çox güman ki, ayaq basdığı küçələrin altında yüzilliklər boyu formalaşmış bir şəhərin izlərinin yatdığını bilmirdi. Bu gün Ermənistan paytaxtı kimi təqdim edilən İrəvanın müasir görünüşü əslində XX əsrdə həyata keçirilmiş genişmiqyaslı memarlıq və demoqrafik transformasiyanın nəticəsidir. Bu proses nəticəsində şəhərin əsrlərlə formalaşmış müsəlman-Şərq memarlıq siması demək olar ki, tamamilə aradan qaldırılıb.
Tarixi mənbələr, səyyah qeydləri, fotoşəkillər və rəssam əsərləri göstərir ki, XIX əsrin əvvəllərinə qədər İrəvan Cənubi Qafqazın mühüm müsəlman şəhərlərindən biri olub. Şəhərin mərkəzində əzəmətli İrəvan qalası, Sərdar sarayı, karvansaralar, hamamlar və yeddi məscid fəaliyyət göstərirdi. Həmin dövrün Avropa səyyahları İrəvanı Şərq memarlığının maraqlı nümunələrindən biri kimi təsvir edirdilər.
Lakin bu gün həmin irsin böyük hissəsini yerində görmək mümkün deyil. Çünki şəhərin tarixi memarlıq strukturu sovet dövründə, xüsusilə də 1950-1960-cı illərdə aparılan yenidənqurma işləri zamanı əsaslı şəkildə dəyişdirildi. Nəticədə İrəvan qalası söküldü, Sərdar sarayı məhv edildi, şəhərin məscidlərinin böyük hissəsi yoxa çıxdı.
Maraqlıdır ki, dünyanın bir çox ölkələrində fərqli sivilizasiyalara məxsus memarlıq nümunələri qorunub saxlanıldığı halda, İrəvanda tamamilə fərqli yanaşma nümayiş etdirildi. İspaniyada müsəlman hakimiyyəti sona çatdıqdan sonra belə, Alhambra kompleksi qorunaraq dünya irsinin incilərindən birinə çevrildi. ABŞ-də isə Santa Fe şəhərinin ispan-müstəmləkə memarlığı xüsusi qayğı ilə saxlanıldı.
İrəvanda isə tarixi irsin əhəmiyyətli hissəsi şəhərin yeni ideoloji kimliyinə uyğun gəlməyən element kimi qəbul edildi. Bunun nəticəsində təkcə memarlıq nümunələri deyil, toponimlər də dəyişdirildi. Araşdırmalara görə, Ermənistan ərazisində minlərlə yaşayış məntəqəsinin, dağların, çayların və digər coğrafi obyektlərin tarixi türk mənşəli adları dəyişdirilərək erməniləşdirilib.
Bu gün İrəvanın mərkəzində yerləşən və xarici qonaqların tez-tez qaldığı məşhur mehmanxanalar, inzibati binalar və parkların bir hissəsi vaxtilə İrəvan qalasının ərazisinə daxil olub. Şəhərin qədim memarlıq kompleksindən isə əsasən arxiv fotoları, rəssam tabloları və muzey eksponatları qalıb.
Xüsusilə diqqət çəkən məqamlardan biri də Təpəbaşı məhəlləsinin taleyidir. Hazırda Kond adı ilə tanınan bu ərazi qədim İrəvanın ən köhnə hissələrindən biri hesab olunur. Burada vaxtilə mövcud olmuş məscidlərin və digər tarixi tikililərin qalıqları hələ də görünür. Lakin müxtəlif yenidənqurma layihələri nəticəsində həmin izlərin də yaxın illərdə tamamilə yox olmaq təhlükəsi var.
Məsələ yalnız memarlıq abidələrinin dağıdılması ilə məhdudlaşmır. Burada söhbət bütöv bir şəhərin tarixi yaddaşının dəyişdirilməsindən gedir. Çünki şəhərlər təkcə daşdan və betondan ibarət olmur. Onlar müxtəlif xalqların, mədəniyyətlərin və sivilizasiyaların izlərini özündə yaşadır. Hər hansı tarixi irsin məqsədli şəkildə aradan qaldırılması isə gələcək nəsillərin keçmişi obyektiv şəkildə öyrənmək imkanlarını məhdudlaşdırır.
Bu gün İrəvana gələn turistlər müasir Ermənistan paytaxtını görürlər. Lakin onların əksəriyyəti bilmir ki, şəhərin altında başqa bir İrəvanın – qala divarları, xan sarayları, məscidləri və Şərq memarlığı ilə məşhur olmuş qədim İrəvanın izi yatır. Tarixin ironiyası da elə bundadır: bir vaxtlar Qafqazın ən rəngarəng şəhərlərindən biri hesab edilən İrəvanın özünəməxsus siması müharibə və təbii fəlakətlər nəticəsində deyil, insanların öz əlləri ilə həyata keçirdikləri yenidənqurma siyasəti nəticəsində tarix səhnəsindən silinib.
Bu gün prezident Makronun gəzib dolaşdığı küçələr, əslində, təkcə müasir İrəvanın deyil, həm də artıq mövcud olmayan qədim İrəvanın susdurulmuş yaddaşı üzərində uzanır. Tarix isə göstərir ki, dağıdılmış abidələri yenidən tikmək mümkündür, lakin məhv edilmiş tarixi yaddaşı bərpa etmək daha çətindir.
Şahanə Rəhimli
Musavat.com






