Ermənistanın baş naziri Nikol Paşinyan yenidən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan videolar paylaşıb. Bu dəfə o, Ermənistanın Sünik vilayətində, Qafan şəhərinin cənub-qərbində yerləşən Xustup (Khustup) dağının zirvəsinə yürüşünü nümayiş etdirib. Xustup dağının hündürlüyü təxminən 3201-3206 metrdir və Ermənistan üçün simvolik əhəmiyyət daşıyan zirvələrdən hesab olunur.
Musavat.com xəbər verir ki, Paşinyan paylaşımında ermənicə “Xustupun zirvəsindəyik” (Խուստուփի գագաթին ենք) ifadəsini yazıb, ardınca isə ürək və Ermənistan bayrağı emojilərindən istifadə edib. Digər videolarda isə “Xustupun zirvəsinə necə çıxdıq”, “Dağlarımızın şirin suyu” və “Qalx və parla” kimi qeydlər yer alır.
Son 2 ildə Paşinyanın sosial mediada ifrat fəallığı diqqət çəkir. O, əvvəl velosiped sürməsi, sonra ürək işarələri ilə emosional videolar paylaşması, bir müddət əvvəl musiqiçilərlə birlikdə baraban ifa etməsi ilə gündəmə gəlmişdi. İndi isə növbəti “kontent” dağ yürüşüdür.
Bu videoları izlədikdə maraqlı detal ortaya çıxır. İlk baxışda Paşinyan sanki təkbaşına çətin dağ yürüşü edən macəra həvəskarı təsiri bağışlayır. Lakin videoların müxtəlif kadrlarında görünür ki, onu on nəfərdən çox şəxsdən ibarət qrup müşayiət edir. Qayalı keçidlərdə önündə və arxasında köməkçilər, təhlükəsizlik əməkdaşları və digər iştirakçılar görünür. Sonra kamera bu şəxsləri kənarda saxlayır və izləyiciyə sanki Paşinyanın təkbaşına zirvəyə doğru irəlilədiyi görüntü təqdim edilir.
Bu isə sosial media dilində desək, “səhnəarxası” ilə “kadr önü” arasındakı fərqi nümayiş etdirir.
Paşinyanın bu davranış tərzi təsadüfi görünmür. O, peşə etibarilə jurnalistikadan gələn siyasətçidir. Küçə aksiyalarından, meydanlardan və media platformalarından keçərək hakimiyyətə yüksəlib. Görünür, auditoriya ilə birbaşa ünsiyyət qurmaq, gündəmi sosial şəbəkələr vasitəsilə müəyyənləşdirmək vərdişi onu hələ də tərk etməyib.
Elə buna görə də Ermənistanın baş naziri bəzən klassik dövlət rəhbərindən çox, daim yeni görüntü və yeni mövzu axtaran bloqeri xatırladır. Müxtəlif emosional jestlər, velosiped, baraban, yürüş, dağ, bulaq suyu – bütün bunlar ardıcıl şəkildə onun şəxsi sosial media brendinin elementlərinə çevrilib.
Bununla belə, Paşinyanın bu görüntülərinə yalnız yumor prizmasından baxmaq düzgün olmazdı.
O, ağır siyasi mərhələdən keçir. Ermənistan seçkilərindən qalib çıxsa da, həm Rusiya ilə münasibətlərdə, həm Moskva yönlü müxalifətlə, həm də Erməni Apostol Kilsəsi ilə ciddi qarşıdurma yaşayır. Daxildə təzyiqlər davam edir, təhlükəsizlik riskləri isə yüksək olaraq qalır.
Belə bir dövrdə Paşinyanın buludların üzərində, zirvədə çəkilmiş videolar paylaşması həm də siyasi mesaj kimi qəbul edilə bilər. Sanki seçiciyə “ayaqdayam”, “zirvədəyəm”, “güclüyəm” mesajı verilir.
Azərbaycan üçün isə Paşinyanın davranışları diqqətlə izlənilən mövzudur. Çünki söhbət Azərbaycanla uzun illər müharibə aparmış, ərazilərimizi işğal etmiş, çoxsaylı vətəndaşlarımızı qətlə yetirmiş düşmən dövlətin baş nazirindən gedir. Onun psixoloji durumu, siyasi ritorikası, ictimai davranışı və qərarvermə tərzi regiondakı proseslər baxımından əhəmiyyət daşıyır.
Nəticədə belə mənzərə yaranır: Paşinyan hökumət iclası ilə dağ yürüşünü, rəsmi siyasətlə sosial media performansını, dövlət rəhbərliyi ilə şəxsi bloqu eyni platformada birləşdirməyə çalışır.
Baş nazirin məqsədi nə olursa-olsun, bir həqiqət dəyişmir: Paşinyan artıq təkcə siyasətçi deyil, həm də Ermənistanın ən fəal “kontent istehsalçılarından” birinə çevrilib. Bəzən elə təəssürat yaranır ki, onun gündəliyində dövlət idarəçiliyi ilə Facebook və digər sosial şəbəkələr üçün növbəti videonun ssenarisi yanaşı yazılır.
Musavat.com






