İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransaya təbrik sıradan bir jest deyil...” – Azay Quliyevin ŞƏRHİ

290 14.07.2026 18:52 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə təbrik ünvanlayıb. Musavat.com xəbər verir ki, İlham Əliyev Azərbaycanla Fransa arasında dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bəyan edib.

“Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa parlamentinin qondarma qurumu tanınması və Parisin Ermənistan yönümlü siyasəti Azərbaycan-Fransa münasibətlərində soyuqluğun yaranmasının əsas səbəbi olub. Rəsmi səfərlər, telefon danışıqları vasitəsilə təmaslar davam etsə də, münasibətlərin tamamilə normallaşmasından danışmaq hələ ki, tezdir.

Buna baxmayaraq, Prezident İlham Əliyevin təbrik məktubundan bəhs etdiyi “dövlətlərarası münasibətlər tarixində yeni dövr başlayır” anonsu qarşı tərəfə müəyyən mənada müsbət siqnal kimi dəyərləndirilə bilər.

Dövlətçiliyə qarşı şəbəkələrlə mübarizə yarımçıq qalmamalıdır - Azay Quliyev  | Modern.az

Milli Məclisin deputatı Azay Quliyev Musavat.com-a Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyətini, yaxın perspektivdə mümkün görünən inkişafları şərh edib: “Əvvəla, qeyd edim ki, uzun fasilədən sonra Azərbaycan Prezidentinin Fransa Prezidentini Fransanın Milli bayramı münasibətilə təbrik etməsi sıradan protokol jesti kimi deyil, iki ölkə arasında dialoqun bərpasına və münasibətlərin normallaşdırılmasına verilən siyasi mesaj kimi qiymətləndirilməlidir.

Son dövrdə dövlət başçıları arasında telefon danışığı və Kopenhagendə keçirilən görüş də bu istiqamətdə müəyyən irəliləyişin olduğunu göstərir. Prezident İlham Əliyevin Prezident Makrona ünvanladığı məktubunda “münasibətlərimizin tarixində yeni dövrün başladığı” ifadəsini işlətməsi də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu, son aylarda aparılan birbaşa təmasların və dialoqun müəyyən müsbət nəticələr verdiyini göstərən siyasi mesajdır.

Məlum olduğu kimi, Azərbaycan hər zaman dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmasının tərəfdarı olub. Əgər Fransa da bu prinsiplərə sadiq qalarsa, münasibətlərin normallaşması üçün real imkanlar mövcuddur”.

A.Quliyev hesab edir ki, ilkin mərhələdə qarşılıqlı siyasi dialoqun intensivləşdirilməsi, parlamentlərarası əlaqələrin bərpası və fəallaşdırılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, eləcə də humanitar, mədəniyyət və təhsil sahələrində birgə layihələrin hazırlanması müsbət nəticələr verə bilər: “Eyni zamanda, Fransa tərəfindən regionla bağlı məsələlərdə balanslı və obyektiv yanaşmanın nümayiş etdirilməsi, Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edən konstruktiv mövqenin sərgilənməsi qarşılıqlı etimadın möhkəmlənməsinə ciddi töhfə verər. Azərbaycan bütün tərəfdaşları ilə olduğu kimi, Fransa ilə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır. Əgər bu yanaşma ikitərəfli xarakter daşıyarsa, münasibətlərin yeni mərhələyə keçməsi tamamilə mümkündür”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR