İnfluenser Xatirə Yüzbəyova həyat yoldaşı Taleh Yüzbəyovun müzakirə yaradan reklam çarxından yazıb.
Musavat.com xəbər verir ki, instaqramda bu sözləri qeyd edib:
“Taleh videonu paylaşmamışdan əvvəl ölkədə, Bakının göbəyində 1 gündə 2 qadın qətl edildi. Heç kim yazmadı, heç kim. Heç kim dinmədi – məndən başqa. 11 illik influenser fəaliyyətimdə izləyicilərim də şahiddir ki, bədənimlə, kilomla, üzümlə, yaşımla bağlı ən böyük təhqirləri məhz qadınlardan almışam. Bütün bunlara baxmayaraq, mən heç zaman heç bir qadının nə bədəni, nə də xarici görünüşü ilə bağlı nə tənqidi, nə də təhqiramiz paylaşımlar etmişəm. Bütün bunlara baxmayaraq, yenə mən postların altında müzakirə olunuram, etmədiyim şeylərə görə mühakimə olunuram. Mən və həyat yoldaşım müxtəlif dünyagörüşünə, fikirlərə və nəhayət, beyinlərə malik insanlarıq. Başqa qadınları öz dünyanızda müdafiə edərkən bu mövzuda mövqeyini bilmədiyiniz bir qadını alçaldaraq hansı qadın həmrəyliyindən danışırsınız?
Məqsədim "hype" olsaydı, haqqımda çəkilən məsxərə məqsədli videoları, kontentləri müzakirəyə qoyub doyunca "hype" tutardım. Amma etmədim, siz mənim qırmızı xəttimi keçənə kimi. Siz məni illərlə kiloma görə bullinq edən zaman mənim yanımda həyat yoldaşım var idi. Məni olduğum kimi qəbul edən və bir dəfə də olsun kilomla bağlı məni incidəcək bir söz deməyən həyat yoldaşım. İndi siz gözləyirsiniz ki, məni ağlatdığınız, incitdiyiniz zaman başıma sığal çəkib məni sevdiyini və hər cür qəbul etdiyini deyən adama qarşı burada, ictimaiyyətin qarşısında açıqlama verim? Yox! Biz heç nəyimizi ictimaiyyətin önündə yaşamamışıq – nə davamızı, nə sevgimizi, nə də başqa nələrisə. Ona görə də bunu görməyəcəksiniz. Bizim aramızda olan söhbətlər bizim aramızda qalacaq.
Mənim həyat yoldaşım heç kimi təhqir etməyib, heç kimə hədə-qorxu gəlməyib, sadəcə öz mövqeyini bu yolla ifadə edib. Səhv, doğru – bu, onun yoludur, onun seçimidir. Mənim isə öz yolum, öz seçimlərim, öz fikirlərim var. Məndən əl çəkin. Mənim kifayət qədər böyük problemlərim var, sizin "hype" qasırğanıza daxil olmaq istəmirəm.
Son olaraq, bariatrik əməliyyatlar estetik əməliyyatlar sırasına daxil deyil. Artıq kilodan əziyyət çəkən insanlara tətbiq olunan müalicə növüdür. Artıq çəkinin törədə biləcəyi xəstəliklərin qarşısını almaq üçün tətbiq olunan protokoldur. Heç bir estetik əməliyyatım yoxdur. Amma mən bununla fəxr etmirəm”.
Könül,
Musavat.com






