Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa liderlərinin gündəmi gözlənildiyindən kəskin dəyişib. Qitə uzun müddət forumu Ukraynaya həsr etməyi planlaşdırsa da, müzakirələrin mərkəzinə ABŞ Prezidenti Donald Trampın qitənin qərb tərəfində yaratdığı yeni siyasi böhran çıxıb – mineral ehtiyatları zəngin olan Qrenlandiyanın mümkün anneksiyası.
Musavat.com xəbər verir bununla bağlı politico saytında Ceymi Dettner imzaı ilə maraqlı analitik yazı dərc olunub.
Müəllfini fikrincə, Ukraynanın şərqində Rusiyanın real müharibəsi davam edərkən, Davosun dəhlizlərində Qrenlandiya ətrafında gedən diplomatik çarpışma həmin müharibəni kölgədə qoyur. Bu prioritet dəyişikliyi Kiyevdə narahatlıq doğurur. Ukraynanın ali rəhbərliyində Zelenskinin foruma qatılıb-qatılmaması məsələsi belə açıq qalır. Kiyevə yaxın mənbələrə görə, Ukrayna tərəfi Davosun artıq əvvəlki məqsədinə xidmət etmədiyini düşünür.
Forumun əvvəlində Avropa paytaxtları ABŞ prezidentini post-müharibə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini şəxsi səviyyədə dəstəkləməyə razı salmağı planlaşdırırdı. Lakin Qrenlandiya böhranı bu gündəliyi geri itələyib. Avropalı diplomatlara görə, proses uzandıqca Ukrayna daha çox unudulmaq riski ilə üzləşir. “Bizim üçün əsas Amerikanın və Avropanın birlikdə qalmasıdır,” – Davosa gəlmiş tanınmış ukraynalı biznes nümayəndəsi vəziyəti belə təsvir edib: “Biz birlik istəyirik, yoxsa iki tərəfin bir-biri ilə savaşmasını yox.”
Norveç Xarici İşlər Naziri Espen Bart Eide Ukraynanın kənara sıxışdırılmasını “enerjinin israfı” kimi təsvir edib: “Ukraynada ruslarla real müharibə gedir. Qrenlandiya isə bizi əsas mövzudan yayındırır.” O əlavə edib ki, “diplomatik səylərin gerçək döyüş gedən yerdə cəmlənməsi daha doğru olardı.”
Ukrayna üçün böhranın vaxt seçimi də yaxşı deyil. Rusiyanın qış boyu intensiv raket və pilotsuz aparat hücumları enerji infrastrukturu üzərində ağır iz buraxıb. Ukraynalı energetika şirkəti DTEK-in direktoru Maksim Timçenko bildirir ki, vəziyyət əvvəlki üç qışdan daha çətindir. “Stansiyalar və yarımstansiyalar ardıcıl vurulduğu üçün onların bərpası getdikcə çətinləşir,” – deyə o bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, elektrik təchizatı gündə cəmi üç-dörd saatlıq pəncərələrlə təmin edilir, istilikdə fasilələr yaranır və bəzi mənzillər bir həftədir isinmədən qalır.
Davosda isə böhranın mərkəzində artıq başqa məsələ dayanır: Trampın Qrenlandiyanı ələ keçirmək niyyəti və ona qarşı çıxan səkkiz Avropa ölkəsinə tariflərlə təzyiq göstərə biləcəyi ehtimalı. Bu isə NATO-nun İkinci Dünya Müharibəsindən sonra qurduğu təhlükəsizlik arxitekturasını sarsıdan yeni transatlantik gərginlik xətti yaradır. Avropa liderləri üçün bu, yalnız iqtisadi məsələ deyil – həm də alyansın gələcəyinə dair strateji sualdır.
Ukrayna rəsmiləri isə Zelenski ilə Tramp arasında ikitərəfli görüşün vaxtını təsdiqlətməkdə çətinlik çəkir. Respublikaçı partiyaya yaxın xarici siyasət mənbəsinə görə, Ukrayna lideri görüşün faydasına inanır, lakin Ağ Ev tərəfdən tərəddüdlər var: “Zelenski həmişə görüşmək istəyir. Çünki hesab edir ki, bu cəhdin riskləri faydalarından azdır – və əgər o danışmasa, başqaları danışacaq.”
Ukraynada və Avropada narahatlıq artır: forumun qalan günlərində böhran həll olunmasa, qitə Trampın yaratdığı siyasi fırtınanın qarşısını almaq üçün öz şərq cinahını arxa plana keçirməyə məcbur qala bilər.
Musavat.com






