“Tarix ayrı-ayrı hadisələrin sadə xronologiyası deyil. O, xalqların taleyini müəyyənləşdirən qərarların, uzaqgörən liderliyin və milli iradənin yaratdığı inkişaf yolunun salnaməsidir. Bəzi tarixi mərhələlər var ki, onların əhəmiyyəti illər keçdikcə daha dolğun şəkildə dərk olunur, həmin dövrdə qəbul edilən qərarların miqyası isə zamanın sınağından keçərək öz təsdiqini tapır. Azərbaycan xalqının müasir tarixində belə taleyüklü hadisələrdən biri 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsidir. Bu hadisə Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən, milli maraqların qorunmasını dövlət siyasətinin əsas prinsipinə çevirən və müstəqil dövlətçiliyə aparan yolun təməlini qoyan tarixi başlanğıc idi”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, 14 iyul Azərbaycanın müasir inkişaf konsepsiyasının əsasının qoyulduğu, milli maraqların dövlət siyasətinin aparıcı xəttinə çevrildiyi, xalqın gələcəyinə hesablanmış strateji qərarların qəbul edildiyi və son nəticədə müstəqil dövlətçiliyə aparan yolun başlandığı tarixi mərhələdir:
“Aradan ötən 57 il göstərir ki, həmin gün qəbul edilmiş siyasi qərarın miqyası yalnız dövrün reallıqları ilə məhdudlaşmayıb, Azərbaycanın gələcək taleyini müəyyən edən fundamental dönüş nöqtəsinə çevrilib. Tarix sübut edir ki, dövlətlərin inkişafı təsadüflərin deyil, uzaqgörən siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, möhkəm dövlət institutları, milli həmrəylik, siyasi sabitlik və beynəlxalq nüfuz uzunmüddətli strateji baxış olmadan formalaşa bilməz. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin dövrdən etibarən respublikanın malik olduğu iqtisadi, intellektual və mənəvi potensial vahid məqsəd naminə səfərbər edildi”.
Deputat bildirib ki, 1969-cu ildə Azərbaycan mürəkkəb sosial-iqtisadi vəziyyətlə üz-üzə idi:
“Respublikanın mövcud istehsal imkanları tam səfərbər edilməmiş, sənaye sahələrinin inkişafı tələb olunan səviyyəyə çatmamış, kənd təsərrüfatında məhsuldarlıq aşağı idi. İnfrastrukturun yenilənməsinə, sosial sahənin inkişafına, eləcə də dövlət idarəçiliyində yeni yanaşmalara ciddi ehtiyac duyulurdu. Belə mürəkkəb şəraitdə respublikaya rəhbər seçilən Heydər Əliyev vəziyyəti yalnız mövcud problemlər prizmasından qiymətləndirmədi. O, Azərbaycanın malik olduğu potensialı gələcəyin prizmasından dəyərləndirdi və inkişafı təsadüfi qərarlar üzərində deyil, sistemli dövlət strategiyası əsasında qurmağa başladı. Məhz buna görə də 1969-cu ildən sonra Azərbaycanda həyata keçirilən islahatlar ayrı-ayrı sahələrin inkişafına xidmət edən tədbirlər toplusu deyil, vahid inkişaf konsepsiyasının tərkib hissəsi idi. İqtisadiyyatın modernləşdirilməsi, sənaye potensialının genişləndirilməsi, kənd təsərrüfatının səmərəliliyinin artırılması, elm və təhsilin inkişafı, milli kadr hazırlığı, sosial rifahın yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması bir-biri ilə sıx bağlı istiqamətlər kimi həyata keçirilirdi. Bu yanaşma sonrakı dövrlərdə Azərbaycanın dayanıqlı inkişaf modelinin formalaşmasına mühüm təsir göstərdi”.
S.Salmanova qeyd edib ki, 1969-1982-ci illərdə Azərbaycan keçmiş ittifaq məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi:
“Yeni sənaye müəssisələrinin yaradılması, neft və qaz sənayesinin inkişafı, maşınqayırma, kimya, energetika və digər strateji sahələrin genişləndirilməsi ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdı. Respublikanın sənaye xəritəsi yenidən formalaşdı, yeni istehsal sahələri yaradıldı, müasir texnologiyaların tətbiqinə başlanıldı. Həmin illərdə əldə olunan iqtisadi nəticələr sonrakı mərhələlərdə Azərbaycanın müstəqil iqtisadiyyatının formalaşmasına mühüm zəmin yaratdı. Bununla yanaşı, regionların inkişafı daim diqqət mərkəzində saxlanıldı. Yeni yaşayış massivləri salındı, məktəblər, xəstəxanalar, mədəniyyət evləri, idman obyektləri tikildi, yollar və mühəndis-kommunikasiya infrastrukturu genişləndirildi. İnsan amilinə verilən yüksək dəyər sosial siyasətin əsas istiqamətinə çevrildi. Çünki Ulu Öndər yaxşı bilirdi ki, dövlətin iqtisadi gücü yalnız rəqəmlərlə ölçülmür. İnkişafın əsas göstəricisi insanların rifahı, onların təhsil, səhiyyə və sosial təminat səviyyəsidir”.
Parlamentari söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də milli kadr siyasəti idi: “O, gələcəyin Azərbaycanının peşəkar və yüksək intellektli insan resurslarına söykənəcəyini uzaqgörənliklə qiymətləndirirdi. Bu məqsədlə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Sonrakı illərdə həmin mütəxəssislər dövlət idarəçiliyində, iqtisadiyyatda, elmdə, diplomatiyada və digər mühüm sahələrdə ölkənin inkişafına mühüm töhfələr verdilər. Bu siyasət müstəqillik dövründə peşəkar dövlət idarəçiliyi sisteminin formalaşmasında həlledici rol oynadı. Milli-mənəvi dəyərlərin qorunması Ulu Öndərin dövlətçilik siyasətinin ayrılmaz tərkib hissəsi idi. Azərbaycan dilinə göstərilən diqqət, milli tariximizin araşdırılması, mədəni irsin qorunması, elm və incəsənətin inkişafına verilən dəstək xalqın milli kimliyinin möhkəmlənməsinə xidmət edirdi. Həmin dövrdə milli şüurun gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət sonrakı mərhələdə dövlət müstəqilliyinin ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı. Tarixi proseslərə bu günün reallıqları fonunda baxdıqda bir həqiqət aydın görünür: 1969-cu ilin 14 iyulunda başlanan inkişaf yolu əslində Azərbaycanın müstəqilliyinə aparan strateji yol idi. Hələ sovet dövründə iqtisadi potensialın gücləndirilməsi, milli kadr korpusunun formalaşdırılması, dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi və xalqın milli özünüdərkinin möhkəmləndirilməsi gələcək müstəqil dövlətin əsaslarını yaradırdı. Tarix sonradan bu siyasətin nə qədər uzaqgörən olduğunu bütün aydınlığı ilə göstərdi”.
Deputat bildirib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan dövlətçiliyi öz tarixinin ən ağır sınaqlarından biri ilə üz-üzə qalmışdı: “Daxili siyasi qarşıdurmalar, hakimiyyət uğrunda çəkişmələr, iqtisadi tənəzzül, qanunsuz silahlı birləşmələrin özbaşınalığı və Ermənistanın davam edən hərbi təcavüzü ölkəni faktiki olaraq vətəndaş qarşıdurması və parçalanma təhlükəsinə sürükləmişdi. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, anarxiya və xaos hökm sürürdü. Belə taleyüklü məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz üzərinə xilaskarlıq missiyasını götürdü. Onun qətiyyətli siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi nəticəsində qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunun aliliyi bərpa edildi, dövlət institutları yenidən formalaşdırıldı, hüquqi dövlət quruculuğuna başlanıldı və Azərbaycanın uzunmüddətli inkişaf strategiyası müəyyənləşdirildi. Bununla da 1969-cu ildə əsası qoyulmuş dövlətçilik məktəbi müstəqil Azərbaycan Respublikasının inkişafının möhkəm siyasi və ideoloji təməli kimi yeni mərhələyə qədəm qoydu”.
Səbinə Salmanova vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilməsinin ən parlaq nümunəsidir:
“Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa-quruculuq işlərinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya, enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzu bu siyasi kursun uğurlarını əyani şəkildə nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularının gerçəkləşməsi oldu. Bu möhtəşəm Zəfər təkcə hərbi qələbə deyil, həm də dövlətçilik iradəsinin, milli birliyin və illər boyu ardıcıl şəkildə həyata keçirilən siyasətin təntənəsi idi. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri də həmin siyasi kursun davamlılığını və gücünü nümayiş etdirir. Müasir Azərbaycan regionun aparıcı siyasi, iqtisadi və hərbi güc mərkəzidir. Dövlətimiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunur, qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir, beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edir. Bütün bunlar dövlət idarəçiliyində varislik prinsipinin, milli maraqlara əsaslanan siyasətin və uzaqgörən strateji baxışın məntiqi nəticəsidir. Tarix bir daha təsdiqləyir ki, böyük şəxsiyyətlərin müəyyən etdiyi inkişaf yolu zamanın sınağından keçərək daha da möhkəmlənir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi, müəyyən etdiyi milli inkişaf strategiyası və xalqın rifahına xidmət edən siyasi kurs bu gün də Azərbaycanın inkişafının əsas ideoloji dayağıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni tarixi nailiyyətlərlə zənginləşir, Azərbaycan daha güclü, daha qüdrətli dövlət kimi gələcəyə inamla addımlayır. Bu baxımdan, 1969-cu il iyulun 14-ü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün müasir Azərbaycanın intibahının, milli dövlətçilik təfəkkürünün və davamlı inkişaf strategiyasının başlanğıcıdır. Bu tarix xalqımızın böyük dövlət xadiminə ehtiramının ifadəsi olmaqla yanaşı, Azərbaycanın dünənini, bu gününü və sabahını birləşdirən möhkəm ideoloji körpüdür”.
Cavanşir Abbaslı
Musavat.com






