Xəbər verdiyimiz kimi Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Azərbaycanda bu ildən etibarən rus olmayan uşaqların rus bölmələrinə qəbulunun birmənalı şəkildə dayandırılmasını təklif edib. Onun fikirləri tanınmış kinorejissor və kinoşünas Ayaz Salayevin rus məktəblərinin bağlanmasına qarşı sərt mövqeyinə cavab kimi də qiymətləndirilir.
Belə ki, Ayaz Salayev daha əvvəl "Yazılan və yozulan" verilişində rus məktəblərinin fəaliyyətinin davam etdirilməsini müdafiə edərək, onların bağlanmasına cəhd göstəriləcəyi təqdirdə buna qarşı çıxacağını deyib. Sitat: “Nə vaxtsa kimsə yenə də rus bölməsini bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram”.

Bəs Azərbaycanda rus bölmələrinin fəaliyyəti yenidən nəzərdən keçirilməlidirmi? Rus bölmələrinin dövlət hesabına maliyyələşdirilməsi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Musavat.com-a danışıb.
O, öncə Ayaz Salayevin fikirlərinə sərt münasibət bildirib: “Ayaz Salayev bu məsələyə bir az səhnə, aktyor pafosu ilə yanaşır. Halbuki bu məsələyə sakit ağılla baxmaq lazımdır. Bu, boks rinqi deyil ki, “qarşıma çıxsın, görəcək, yumruqla cavab verəcəyəm” deyəsən. Bu cür danışıq tərzi bir ziyalıya yaraşmır.
Bu mövzuda Ayaz Salayevlə bizim vaxtilə Bakı TV-də mübahisəmiz olmuşdu. Onda da mətbuat buna ciddi reaksiya vermişdi və böyük əksəriyyət onu qınamışdı. Demişdilər ki, Azərbaycan artıq 30-35 ilə yaxındır müstəqildir. Sən vaxtilə Moskvada oxumusan deyə, hamını Moskva heyranına çevirə bilməzsən. Zaman dəyişib, Azərbaycan müstəqil dövlətdir, öz milli siyasəti var. Elə dünən Prezident Şuşadakı çıxışında da bir daha dedi ki, milli kimlik qorunmalıdır, dövlət dili qorunmalıdır. Bu fikri o, dəfələrlə səsləndirib. Amma qəribədir ki, prezident bir istiqaməti göstərir, bizim təhsil sistemimiz isə sanki başqa istiqamətdə inkişaf edir”.
Sabir Rüstəmxanlı qeyd edib ki, ana dilindən başqa digər dillərdə məktəb açmaq istəyənlər bunu öz vəsaitləri hesabına etməlidir: “Mən başa düşürəm, Azərbaycanda ruslar yaşayır. Ola bilər, başqa millətlərdən olan ailələr də övladlarını rus məktəbində oxutmaq istəsinlər. Onların maraqları nəzərə alınmalıdır. Amma Azərbaycan qanunlarına görə, ölkədə təhsil dövlət dili olan Azərbaycan dilində olmalıdır. Başqa dillərdə məktəb açmaq istəyənlər bunu öz vəsaitləri hesabına etməlidirlər. Qanunun iki başı yoxdur, bir mənası var. Qanun bunu açıq şəkildə deyir.
Yaxşı, Azərbaycan Rusiya ilə münasibətləri nəzərə alıb müəyyən istisnalara yol verir. Amma Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Orada bir dənə də Azərbaycan məktəbi yoxdur. Mən bu məsələdə son çıxışlarımdan birində, elə Yazıçılar Birliyində də bir az sərt danışmışdım. Demişdim ki, biz 35 ildir SSRİ-dən ayrılmışıq, müstəqil dövlətik, bəs onda niyə bu qədər rus məktəbi var? Niyə valideynlər yaxa cırırlar ki, uşağımız mütləq rus məktəbində oxumalıdır? Bu nə deməkdir?
Bunun iki izahı ola bilər. Ya hakimiyyət dairələrinin içində gizli şəkildə rus təbliğatı aparan, rus məktəblərinin sayının artmasına çalışan nüfuzlu adamlar var, ya da cəmiyyətin içində hələ də qul psixologiyası yaşayır. Mütləq deyil ki, hər şeyin arxasında Moskva dayansın. Bəzən o zəncir insanın öz içində olur. Ruhunu zəncirləyiblər, düşüncəni zəncirləyiblər, sən hələ də müstəqil nəfəs ala bilmirsən. Ana dili nədir, milli kimlik nədir, milli dövlət nədir, onu necə inkişaf etdirmək olar, gələcək nəsilləri necə yetişdirmək lazımdır, bunları dərk etmirsənsə, deməli, o psixologiyadan qurtarmamısan.
Mən bunu vaxtilə Milli Məclisdə də demişdim. Uşaqlarını rus məktəbinə verənlərin iki niyyəti ola bilər: ya uşaqlarını Moskva üçün yetişdirirlər, ya da Moskvanın yenidən bura qayıdacağına ümid edirlər. Çünki bu ölkənin dövlət dili Azərbaycan dilidir və dövlət müəssisəsində bu dili bilmədən işləmək mümkün deyil. Mən üçüncü bir variant görmürəm. Bunu başa düşməyən Ayaz Salayev kimi adamlar nə qədər rus heyranlığı ilə danışsalar da, danışsınlar”.

Sabir Rüstəmxanlı ölkədə rus məktəblərinin tamamilə bağlanmasının da tərəfdarı olmadığını deyib: “Mən Baltikyanı ölkələrdə olduğu kimi bir qanunla bütün rus məktəblərinin birdəfəlik bağlanmasının tərəfdarı deyiləm. Azərbaycanda yaşayan ruslar öz məktəblərində oxusunlar. Amma bütün məktəblərdə rus bölmələrinin, universitetlərin əksəriyyətində rus sektorlarının fəaliyyət göstərməsi doğru deyil. Azərbaycanda iki Moskva universitetinin filialı fəaliyyət göstərir, istəsək birini də aça bilərik. Amma bütün universitetlərdə rus bölmələri... Bu nə vaxta qədər davam edəcək? Azərbaycan nə vaxt özünü tam müstəqil hiss edəcək?
Dil dövlətin və millətin sifətidir. Dilə sevgi millətin öz simasını göstərir. Sən hələ də öz simanı tam müəyyənləşdirə bilmirsənsə, dünyaya özünü olduğu kimi təqdim edə bilmirsənsə, yarı-rus, yarı-azərbaycanlı düşüncəsi ilə yaşayırsansa, bu ikili vəziyyət nə vaxta qədər davam edəcək?”
Xalidə Gəray,
Musavat.com






