Yayın qızğın çağı olmasına baxmayaraq, bazarda meyvələrin qiyməti hələ də yetərincə yüksəkdir. Bəzi ekspertlər bahalaşmaya təsir edən amilləri logistika xərcləri, hava şəraiti, eləcə də məhsuldarlığın az olması ilə əlaqələndirirlər.
Bəs yaxın həftələrdə meyvələrin qiymətində enmə gözlənilirmi? Alıcılar nə vaxt daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.
İqtisadçının sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının qiymətində, qiymət formalaşmasında bir sıra amillər rol oynayır: “Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiyməti əsasən həmin məhsulların məhsuldarlığından asılıdır. Bu, eyni zamanda həmin dövrdə, yəni mövsüm ərzində yığım həcmi ilə də bağlıdır. Məhz bu amillər bazara çıxarılan məhsulun həcmini müəyyənləşdirir və qiymətlərin formalaşmasında mühüm rol oynayır.
İstənilən meyvə-tərəvəz, xüsusilə bazara çıxarıldığı ilk dövrdə bir qədər baha olur. Bunun səbəbi ondan ibarətdir ki, məhsul ilkin mərhələdə bazara kiçik həcmdə çıxarılır və həmin məhsulun daha yüksək qiymətə satılması imkanı yaranır. Daha sonra mövsüm irəlilədikcə bazara çıxarılan məhsulun həcmi artır, kütləvilik yaranır və nəticədə qiymətlər ucuzlaşmağa başlayır.
Azərbaycanda müxtəlif meyvə və tərəvəzlərin, xüsusən də bazara çıxarıldığı ilk dövrdə qiymətinin yüksək olması ənənəvi bir prosesdir və bazar iqtisadiyyatının davranış qaydalarına tam uyğundur. Biz bunu müxtəlif meyvələrdə, o cümlədən çiyələk, gilas kimi məhsullarda aydın şəkildə müşahidə edirik. Tərəvəzlərdən isə pomidor, yeni yığılan xiyar, kartof, lobya və digər kənd təsərrüfatı məhsulları mövsümün əvvəlində, ilk partiyalar bazara çıxarılanda müəyyən qədər baha olur. Mövsüm irəlilədikcə, məhsuldarlığın və bazara çıxarılan məhsulun həcminin artmasına uyğun olaraq qiymətlər də yenidən formalaşır. Burada həm məhsulun bazara çıxarılan həcmi, həm də həmin ildə onun istehsalına çəkilən xərclər əsas rol oynayır”.
İqtisadçı qeyd edib ki, ötən illərlə müqayisədə meyvə-tərəvəz məhsullarının daha baha olacağı gözləniləndir: “Bunun əsas səbəbi inflyasiya mühitidir. Sahibkarların məhsul yetişdirmə xərcləri əvvəlki illə müqayisədə artıb. Bundan başqa, enerji daşıyıcılarının bahalaşması, dizel yanacağının və benzinin qiymətinin həm 2024-cü ildə, həm də 2025-ci ilin sonlarında artması kənd təsərrüfatı məhsullarının həm yetişdirilməsi, həm də bazara daşınması xərclərini yüksəldib. Bununla yanaşı, gübrə və dərman xərclərinin artması, işçi qüvvəsinə çəkilən xərclərin yüksəlməsi, eləcə də idarəetmə ilə bağlı digər inflyasiya amilləri fermerlərin məhsulu əvvəlki illərlə müqayisədə bazara daha yüksək qiymətlə çıxarmasına səbəb olur.
Təbii ki, qiymət artımı bütün meyvə və tərəvəzlər üzrə eyni olmur. Çünki qiymətlərin formalaşmasına təkcə istehsal xərcləri yox, eyni zamanda, məhsuldarlıq səviyyəsi və bazara çıxarılan məhsulun həcmi də ciddi təsir göstərir”.
Xalid Kərimli sonda vurğulayıb ki, yaxın həftələrdə də meyvələrin qiymətində ucuzlaşma gözlənilirmir: “Lobya, yeni yığılan kartof kimi məhsullar üzrə mövsüm irəlilədikcə və bazara daha çox məhsul çıxarıldıqca qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunacaq. Lakin ümumi inflyasiya və artan istehsal xərcləri səbəbindən ötən illə müqayisədə qiymətlərin yenə də daha yüksək olması müşahidə ediləcək”.
Xalidə Gəray,
Musavat.com






