Deputat, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edib.
Musavat.com bu barədə xəbər verir ki, komitə rəhbəri əvvəlcə dövlətimizin evsahibliyi ilə reallaşan beynəlxalq tədbirlərə diqqət çəkib:
“Bir gündə demək olar ki, Azərbaycanda üç beynəlxalq tədbir keçirilir. Keçən il ölkəmizdə 190-dan artıq beynəlxalq tədbir keçirilib və bu il daha çox tədbir keçirilir və keçirilməyə də davam edir. Bu, Azərbaycanda olan ictimai-siyasi sabitliyin, Azərbaycanda olan iqtidar-xalq birliyi və onların əlaqəsinin və təhlükəsizliyin nəticəsidir. Bu səbəbdən büdcədən təhlükəsizlik, müdafiə sisteminə ünvanlı vəsait tam yerində ayrılıb ki, təhlükəsizlik bundan sonra da təmin olunsun”.
S.Novruzov müzakirələrdə neftlə bağlı sualların səsləndiyini vurğuladı: “Mən xatırlayıram, AXCP-Müsavat cütlüyü dövründə, uğurlu neft kontraktından sonra burada məsələ qaldırırdılar ki, nefti saxlayaq gələcək nəsillərə, nefti bu gün çıxarmaq lazım deyil. Nəticə etibarilə bu gün neftdən gələn gəlirlər Azərbaycanın infrastrukturuna, regionların inkişafına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, ünvanlı sosial yardımın verilməsinə, o cümlədən özünüməşğulluğun təmin olunmasına sərf olunur”.
Komitə rəhbəri davamlı olaraq regionlardakı problemlərdən bəhs edilməsinə cavab olaraq Qarabağda həyata keçirilən quruculuq işlərinə diqqət çəkib:
“Cənab Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan rayonlara səfər edib, 170 layihənin təməlini qoyub, 167 obyektin açılışında iştirak edib. 62 mindən çox insan bu gün həmin regionlarda yaşayır. 19 məktəb, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar və körpülər barədə kifayət qədər məlumatınız var”.
Prezidentin Sərəncamı əsasında regionların strukturlarının təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinə tapşırıq verdiyini qeyd edən S. Novruzov bildirib ki, regionlarımızın inkişafı hərtərəflidir: “Xocavənd rayonunu çıxmaq şərti ilə qalan hamısı özü-öz büdcəsini təmin edir və əlavə yığdığı vəsaitin 50 faizi həmin regionda qalır ki, bunu da şəhid ailələri, qazilərə, aztəminatlı ailələrə, abadlıq-quruculuq işlərinə sərf olunur. Bu gün regionlardan danışarkən rəqəmlərə də fikir vermək lazımdır. Regionlarda sağlam rəqabət gedir”.
E.Paşasoy,
Musavat.com






