İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəis əvəzi hakimin bu sualı qarşısında aciz qaldı – Qanunsuz işdən çıxarılma işi

1108 18.06.2026 12:56 Kriminal A A

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Şabran sakini Vüsalə Balayevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Vüsalə Balayeva Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən, rəis əvəzi Asif Nəsibov tərəfindən qanunsuz olaraq işdən çıxarılmasından şikayətçidir.

Məhkəmə iclasında hakim əvvəlcə iddiaçının tələblərini dəqiqləşdirib. Vüsalə Balayeva əsas istəyinin əvvəlki iş yerinə bərpa olunması, ona tətbiq edilmiş intizam tənbehi və işdən çıxarılma əmrlərinin ləğv edilməsi olduğunu bildirib.

Hakimin “Hər hansı qanun pozuntusuna yol vermisinizmi?” sualına Vüsalə Balayevanın cavabı belə olub:

“Heç bir hüquqazidd əməl törətməmişəm. Əksinə, işimi həmişə vicdanla və məsuliyyətlə yerinə yetirmişəm”.

Vüsalə Balayeva məzuniyyətə çıxmasının da rəhbərliyin razılığı əsasında baş verdiyini vurğulayıb:

“Mənə icazəni rəhbərlik, yəni cavabdeh Asif Nəsibovun özü verib. Xəstə olmuşam, icazə istəmişəm, icazə verəndən sonra bülletenə çıxmışam.  Əgər bülletenə çıxmağıma razı deyildilərsə, bunu əvvəlcədən bildirə bilərdilər. Sonradan verilmiş icazəyə baxmayaraq məni işdən çıxarmaq düzgün deyil, qanunsuzdur. Üstəlik, həmin vaxt bülletenim də var idi. Məni qanunsuz olaraq işdən çıxardıqdan sonra bülleten məlumatlarımı sistemdən də siliblər”.

Daha sonra hakim cavabdeh tərəfin nümayəndəsi, Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibova işçinin hansı əsaslarla işdən çıxarıldığı barədə sual ünvanlayıb.

“İşçini niyə bu şəkildə işdən çıxarmısınız?” sualına Asif Nəsibov cavab verə bilməyib, konkret əsaslar göstərməkdə çətinlik çəkib. Məhkəmə zalında səsləndirilən suallara cavab verərkən onun öz mövqeyini əsaslandırmaqda çətinlik çəkdiyi müşahidə olunub.

Vüsalə Balayevanın sözlərinə görə, o, heç bir xəbərdarlıq edilmədən və intizam tənbehi tətbiq olunmadan birbaşa işdən azad edilib. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi mövcud sübutlara baxmayaraq onun hüquqlarını bərpa etməyib.

13 il dezinfeksiya-sanitar xidmətində çalışdığını deyən Vüsalə Balayeva əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə işdən çıxarıldığını bildirib:

“Xəstə olduğumu yazılı şəkildə bildirdim, bülletenə çıxacağımı dedim. Asif müəllim etdi. Amma bülletenlə evdə olduğum gün işdən çıxarıldım. Hətta həkimə də irad bildirib ki, niyə mənə bülleten açılıb. Sonradan rəhbərlik bülletenlə bağlı məlumatları sistemdən silib”.

Vüsalə Balayeva qeyd edib ki, Asif Nəsibov onu  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməzdən öncə ondan maaş kartını tələb edib. O, isə maaş kartını rəis əvəzinə verməkdən imtina edib: “Maaş kartımı verməyimi istədilər. Mən bunu qanunsuz hesab etdiyim üçün imtina etdim. Bundan sonra isə mənə qarşı təzyiqlər başladı”.

Vüsalə Balayeva qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən bir neçə saat sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunub.

Məhkəmə araşdırması zamanı diqqət çəkən məqamlardan biri də cavabdeh tərəfin təqdim edə bilmədiyi sənədlərlə bağlı olub. Asif Nəsibov məhkəmədə bildirib ki, Vüsalə Balayevanın məsələsi həmkarların iclasında müzakirə olunub və bununla bağlı qərar qəbul edilib. Lakin həmin iclasın protokolunun təqdim edilməsi tələbinə baxmayaraq, cavabdeh tərəf belə bir sənəd təqdim edə bilməyib. Bundan əlavə, məhkəmə tabel sənədlərindəki imzalarla bağlı surətlərin də təqdim edilməsini istəyib.

Apellyasiya instansiyasında araşdırmalar davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR