İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılardan Trampa qarşı qiyam

591 16.01.2026 19:28 Dünya A A

Respublikaçılar Partiyasının bir qismi prezident Donald Trampın Qrenlandiyanı hərbi və ya digər yollarla ABŞ-yə qatmaq niyyətinə qarşı çıxmağa çalışırlar.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yazıb.

Məlumata görə, Trampın Danimarkaya məxsus adanı həm NATO müttəfiqlərinin, həm də adanın seçilmiş hökumətinin etirazına baxmayaraq, “istənilən vasitə ilə ABŞ-yə qatmaq” sözləri respublikaçılar arasında narahatlığı artırıb. Demokratlar isə bunun qarşısını almaq üçün hüquqi mexanizmləri işə salmaq niyyətindədirlər.

Senator Tom Tillis (Şimali Karolina) bildirib ki, əgər Donald Trampın addımlarının “qeyri-qanuni hərbi hədəfə” yönəldiyi aydınlaşarsa, Konqresdə həm respublikaçılar, həm də demokratlar birləşərək prezidentin səlahiyyətlərini məhdudlaşdıran qərar qəbul edə bilər.

Nümayəndələr Palatasının üzvü Don Beykon (Nebraska) isə daha da sərt danışaraq bildirib:

“Bu, eşitdiyim ən axmaq şeydir. Məncə, bu, hətta impiçmentlə də nəticələnə bilər”.

Konqreslə paralel olaraq diplomatik kanallar da işə düşüb. Respublikaçılar və demokratlardan ibarət nümayəndə heyəti bu həftə Danimarkanın paytaxtı Kopenhagenə səfər edərək orada müttəfiqlərə ABŞ administrasiyasının mövqeyinin Konqresdə dəstəklənmədiyini çatdıracaq.

Senat çoxluğunun lideri Con Tun (Cənubi Dakota, respublikaçı) nümayəndə heyətinə qoşulmur.

Bu qarşıdurma Donald Trampın ikinci prezidentliyinin fonunda Respublikaçılar Partiyası daxilində ortaya çıxan ən sərt xətt fərqlərindən biri hesab edilir. İndiyə qədər Respublikaçılar Trampın sərt xarici siyasət kursunu əngəlləməkdə çətinlik çəkiblər.

Ötən ay Venesuela prezidentinin devrilməsi əməliyyatından sonra Konqresdə 5 respublikaçı demokratlarla birləşərək Trampa gələcək hərbi müdaxilələrə dair məhdudiyyət gətirən qərarı irəli aparmağa nail olub. Lakin daha sonra iki respublikaçı geri çəkilib və səsvermə dayanmış olub.

Demokratlar hesab edirlər ki, Qrenlandiya məsələsi daha fərqli situasiya yaradıb.

“Biz vetoya davam gətirəcək səviyyədə respublikaçı dəstəyi görməyə bilərik. Amma Qrenlandiya məsələsində bunu görmək mümkündür”, - deyə senator Tim Keyn (Virciniya, demokrat) bildirib.

Respublikaçı liderlərin sabiq rəhbəri, senator Mitç Makkonnell də çıxışında Trampın Qrenlandiyaya qarşı hərbi addımının “strateji özünüməhv aktı” ola biləcəyini deyib və bunun NATO-nu “yandıracağını” söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR