İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sektoru mövzusu yenidən QIZIŞDI – REAKSİYALAR

797 02.07.2026 16:35 Təhsil A A

“Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir, bu, sadəcə mifdir”.
Elm və təhsil naziri Emin Əmrullayevin bu açıqlaması Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti və onların təhsil keyfiyyəti ilə bağlı illərdir davam edən müzakirələri yenidən gündəmə gətirib.
Məlum olduğu kimi, cəmiyyətdə bu mövzu ilə bağlı fərqli yanaşmalar mövcuddur. Kinoşünas Ayaz Salayev “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, bu fikir “mif” olsa belə, çoxsaylı valideynlər hələ də övladlarının rus sektorunda təhsil almasına üstünlük verirlər.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli isə diqqəti başqa bir məqama yönəldərək bildirib ki, rus dilində nəşr olunan ədəbiyyatın çeşidi və əlçatanlığı daha genişdir. Bu da rus dilini bilən şagird və tələbələrin daha zəngin mənbələrdən faydalanmasına imkan yaradır.
Bəs nazirin sözlərində həqiqət payı nə qədərdir? Rus bölməsində təhsil həqiqətənmi Azərbaycan bölməsindən daha keyfiyyətlidir, yoxsa bu barədə formalaşmış təsəvvürlər illərdir davam edən bir stereotipdən ibarətdir? Rus sektorları doğrudanmı keyfiyyət baxımından Azərbaycan dili bölmələrini üstələyir, yoxsa bu məsələ ətrafında yaranmış təsəvvürlər reallıqdan daha çox ictimai rəyin məhsuludur?

Mövzu ilə bağlı təhsil üzrə mütəxəssis, dosent İlham Əhmədov Musavat.com-a danışıb. Dosent qeyd edib ki, xüsusilə sovet dövründə rus sektoru Azərbaycan sektorundan daha güclü hesab olunurdu: “Bunun da bir sıra obyektiv səbəbləri var idi. Həmin məktəblərdə müxtəlif millətlərdən olan müəllimlər - ruslar, yəhudilər və digər xalqların nümayəndələri çalışırdılar. Onlar, bir qayda olaraq, peşələrinə daha məsuliyyətlə yanaşır, tədris mühitinin formalaşmasına xüsusi diqqət yetirirdilər. Bundan əlavə, rus dilində elmi, bədii və metodik ədəbiyyatın həcmi xeyli böyük idi. Bu isə həm müəllimlərin peşəkar inkişafı, həm də şagirdlərin əlavə mütaliə imkanları baxımından ciddi üstünlük yaradırdı. Kitabların, metodik vəsaitlərin və digər tədris resurslarının bolluğu, eləcə də müəyyən mənada daha sistemli və qanunpərəst yanaşma rus sektorunun nüfuzunu artıran amillərdən idi. Lakin müstəqillik illərində ümumilikdə təhsil sistemində yaşanan problemlər nəticəsində həm Azərbaycan, həm də rus sektorunun əvvəlki üstünlükləri zəifləməyə başladı. Təhsil sistemindəki çətinliklər hər iki istiqamətə təsir göstərdi və hər iki “qanadın” gücü müəyyən mənada azaldı”.
İlham Əhmədov qeyd edib ki, bu gün vəziyyət xeyli fərqlidir. Belə ki, həm Azərbaycan, həm də rus bölmələri eyni nazirliyin tabeliyində fəaliyyət göstərir, eyni kurikulum əsasında işləyir, eyni proqramlardan istifadə edir: “Dərsliklərin müəllifləri eynidir, məktəblər eynidir, direktorlar eynidir. Çox vaxt eyni məktəbdə həm Azərbaycan, həm də rus bölməsi fəaliyyət göstərir. Şagirdlər də əksər hallarda eyni repetitorların yanına gedirlər və eyni təhsil mühitində formalaşırlar. Yəni əvvəlki dövrlərlə müqayisədə iki sektor arasında olan fərqlər xeyli azalıb və onların səviyyəsi böyük ölçüdə bərabərləşib. Bununla belə, hesab edirəm ki, hazırda rus sektoru Azərbaycan sektorundan müəyyən qədər, bəlkə də bir addım öndədir. Bunun əsas səbəbi tədris prosesinin özündən daha çox informasiya resurslarına çıxış imkanları ilə bağlıdır. Azərbaycan dilində internet resursları hələ də məhduddur, bir çox sahələr üzrə lazımi ədəbiyyat və metodik materiallar kifayət qədər deyil. Rus bölməsində təhsil alan şagird və müəllimlər isə daha geniş informasiya məkanına çıxış əldə edə bilirlər. Rus dilində çoxsaylı pulsuz onlayn kurslar, distant təhsil proqramları, elektron kitabxanalar, metodik vəsaitlər və müxtəlif mövzularda zəngin mənbələr mövcuddur. Bundan başqa, YouTube və digər platformalarda rus dilində minlərlə maarifləndirici, öyrədici və inkişafetdirici videolar yerləşdirilib. Bu materiallar həm müəllimlərin, həm də şagirdlərin öz biliklərini artırmaları üçün əlavə imkanlar yaradır”.
İlam Əhmədovun fikrincə, bu məsələdə valideyn amili də mühüm rol oynayır: “Valideynlər uşaqları bu resurslardan istifadə etməyə istiqamətləndirməli, onların müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməlidirlər. Şəxsən mən bunu öz təcrübəmdə də görmüşəm. Mənim nəvəm hələ 3 yaşında olarkən, bağçaya getdiyi dövrdə “YouTube” vasitəsilə ingilis dilində mahnılara qulaq asır, müxtəlif videolara baxırdı. Nəticədə həmin mahnıları ingilis dilində əzbər söyləyir, hətta oxuya bilirdi. Bu, uşaqların erkən yaşlardan düzgün istiqamətləndirildikdə nə qədər sürətlə öyrənə bildiklərinin sadə bir nümunəsidir. Bu gün dünya artıq özünütəhsil dövrünə qədəm qoyub. Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi bir zamanda uşaqların yalnız məktəbdə verilən biliklərlə kifayətlənməsi mümkün deyil. Onlar körpəlikdən etibarən müstəqil öyrənmə vərdişləri qazanmalı, müxtəlif informasiya mənbələrindən istifadə etməyi bacarmalı və özlərini davamlı şəkildə inkişaf etdirməlidirlər”.
Kəndimizə getməyə ürəyim gəlmirdi - Qulu Məhərrəmli ilə yubiley MÜSAHİBƏSİ

Professor Qulu Məhərrəmli isə qeyd edib ki, son 10 ilə qədər rus dilində təhsilin daha yüksək səviyyədə olması ilə bağlı faktı danmaq olmaz:
“Yəni təhsil bazası rusca olan, ali məktəbi həmin dildə bitirən insanların arasından doğrudan da daha yaxşı mütəxəssislər çıxırdı və bu gün də həmin nəslin nümayəndələri arasında kifayət qədər peşəkar kadrlar var. Amma mənə elə gəlir ki, rus dilində təhsilin daha üstün, daha prioritet olması ilə bağlı təsəvvürlər tədricən əriyir. Ən azı son 10 ilin təcrübəsi bunu təsdiqləyir. Bu gün Azərbaycan dilində özəl məktəblərin açılması, müxtəlif hazırlıq kurslarının fəaliyyət göstərməsi, eyni zamanda ingilis dilində təhsilin geniş yayılması rus dilində təhsilin malik olduğu üstünlükləri tədricən azaldır. Bu, artıq bir reallıqdır və bunu danmaq mümkün deyil”.
Qulu Məhərrəmlinin fikrincə, rus dilində təhsili tamamilə sıxışdırıb aradan çıxartmaq da doğru yanaşma deyil: “Necə ki, ingilis dilində təhsil var, türk dilində təhsil var, eləcə də rus dilində təhsil almaq istəyən insanlar mövcuddur və məncə, bunu müəyyən bir dövr ərzində normal qəbul etmək olar.
Digər tərəfdən, Təhsil Nazirliyinin tətbiq etdiyi metodikalar, tədris proqramlarının vahidliyi və müxtəlif dillərdə təhsil verən müəllimlərin hazırlıq səviyyəsinin yüksəlməsi artıq Azərbaycan təhsil mühitində yeni bir mərhələ formalaşdırır. Hesab edirəm ki, bu proses Azərbaycan dilində keyfiyyətli təhsilin daha da irəli çıxmasına şərait yaradır.
Bu gün rus dilində oxuyan, yazan və danışan insanların sayı hələ də çoxdur, bu bir reallıqdır. Ancaq eyni zamanda görünən odur ki, bu tendensiya tədricən aşağıya doğru gedir. Bunu görməmək mümkün deyil. Ona görə də əsas diqqətimizi ana dilində təhsilin səviyyəsinin yüksəldilməsinə yönəltməliyik. Dərsliklərin keyfiyyətini artırmalı, onların məzmununu daha da təkmilləşdirməliyik. Müəllimlərin peşəkarlıq səviyyəsi yüksək olmalıdır ki, bu sahədə əldə olunan uğurları davamlı və fasiləsiz şəkildə inkişaf etdirə bilək”.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR