İrəvanda keçirilən “Orbeli Forumu” çərçivəsində “Karabakh Records”lə söhbətində azərbaycanlı ekspert, Bakıdakı Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Rusif Hüseynov bildirib:
“Son iki həftədə İrəvana ikinci səfərimdir. Ermənistan paytaxtında olmaqdan çox məmnunam. Panel müzakirələrindən birində çıxış etmək imkanına görə xüsusi minnətdaram. Konfrans ən yüksək səviyyədə təşkil olunub. Burada Ermənistanın yüksək vəzifəli rəsmilərinin — baş nazir Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarını dinləmək fürsətimiz oldu. Bu platforma müxtəlif ölkələrdən çoxsaylı hörmətli ekspertləri bir araya gətirib. Bu isə təkcə Cənubi Qafqazla bağlı regional məsələləri deyil, qonşu regionlara aid problemləri də müzakirə etməyə imkan verdi. Dəvətə və bu paneldə çıxış etmək imkanına görə minnətdaram. Ermənistanlı və azərbaycanlı ekspertlər arasında — həm ikitərəfli formatda, həm də bu cür beynəlxalq konfranslar çərçivəsində — gələcək əməkdaşlığa ümid edirəm”.
Rusif Hüseynov əlavə edib ki, onun üçün sülh prosesi “nihai məqsəd deyil, yolun özüdür”.
O vurğulayıb:
“Bu yolda mən də öyrənirəm: erməni həmkarlarla ünsiyyət qurmağı, erməni narrativlərini anlamağı və müəyyən mesajları — Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana — ötürməyi öyrənirəm”.
Musavat.com






