İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya erası” bitir, Qafqazda “erməni qalası” da çökür: “Tramp marşrutu” Kremlin monopoliya sistemini dağıdır

1368 13.02.2026 17:02 Analitika A A

Cənubi Qafqazda tədricən yeni geopolitik güc konfiqurasiyası formalaşır, Ermənistan artıq Rusiya ilə ənənəvi müttəfiqlikdən imtina edir, ABŞ və Qərb bu regiona enerji və logistika üzərindən daxil olur... Belə anlaşılır ki, vaxtilə Kremlin şəriksiz dominant mövqeyə sahib olduğu Cənubi Qafqaz tədricən Rusiya üçün çoxqütblü rəqabət meydanına çevrilir və bu regionda həm daha mürəkkəb, həm də ifrat dinamik geopolitik proseslər qaçılmazdır...

Rusiya Cənubi Qafqazda dominant geopolitik mövqelərini sürətlə itirməkdə davam edir. Ancaq Kreml regional proseslərə adekvat reaksiya verməkdə çətinlik çəkir. Ona görə də, Rusiya Cənubi Qafqazda gücsüz olmasını hələlik “sakit diplomatiya” ilə balanslaşdırmağa çalışır. Belə vəziyyətdə son vaxtlar Kreml və İrəvanın verdiyi siyasi mesajlar isə Rusiya-Ermənistan münasibətlərində yeni, həm də daha mürəkkəb mərhələnin artıq başlandığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin rəsmi mövqeyini ifadə edən prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova və baş nazirin müavini Aleksey Overçuk tərəfindən verilən ziddiyyətli açıqlamalar formal olaraq, Ermənistanla “əməkdaşlıq” ritorikası üzərində qurulub. Ancaq əslində, məzmun etibarilə onların hər birisi Rusiyanın Cənubi Qafqaz regionunda mövqelərinin ciddi şəkildə sarsılmasına Kremlin panik reaksiyası kimi təsir bağışlayır.

1122WhatsApp Image 2026-02-10 at 17.30.13.jpeg (202 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin ABŞ-la ortaq enerji və nəqliyyat-kommunikasiya layihələrinə yönəlik aktivliyi Ermənistanın strateji kursunun birmənalı şəkildə dəyişdiyini göstərir. Üstəlik, bu, artıq sadəcə, rəsmi İrəvanın taktiki narazılığı deyil, həm də geopolitik istiqamət dəyişikliyi deməkdir. Və belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın Rusiyadan uzaqlaşdırılıb, Qərbə yaxınlaşdırılması kursu üzrə irəliləmək niyyətindədir.

Maraqlıdır ki, rəsmi İrəvan atom enerjisi prioritetlərini də dəyişir və bunu Ermənistanın Rusiyadan geopolitik asılılıqdan çıxarılaraq, texnoloji suverenliyə keçid hədəfi kimi təqdim edir. Belə ki, Ermənistandakı “Metsamor” AES keçmiş SSRİ dövründə artıq köhnəlmiş sovet texnologiyası üzrə inşa olunub. Və hazırda bütün Cənubi Qafqaz üçün real təhlükə törədən bu obyektin istismar müddətinin uzadılması da məhz Rusiyanın texniki nəzarəti altında həyata keçirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Rusiya atom enerjisi üzrə ən qabaqcıl ölkədir və biz daha ucuz, daha keyfiyyətli təklif verə bilərik” mesajı da əslində, Kremlin Ermənistanda enerji üzərindən rəsmi İrəvana önəmli təzyiq mexanizminin itirilmə ehtimalından ciddi narahatlığın ifadə edir. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarovanın ABŞ-ın kiçik modul reaktorlarını “kağız üzərində layihə” adlandırması isə Kremlin rəsmi İrəvana daha sərt xəbərdarlıq cəhdidir. Çünki Kreml ABŞ-ın Ermənistana məhz enerji sektoru üzərindən daxil olmasını Rusiya üçün strateji təhlükə kimi görür.

eed258eb4-cb60-4ee2-883a-0d2d399ac109.jpg (239 KB)

Məsələ ondadır ki, enerji sahəsi postsovet məkanında Rusiyanın əsas təsir mexanizmlərindən biri hesab olunur. Ermənistanın Rusiyaya alternativ texnologiyalara yönəlməsi isə Kreml üçün bəzi nəticələr doğura bilər. Belə ki, bu, Rusiya enerji monopoliyasının zəifləməsi, Ermənistanın Qərb maliyyə sisteminə daha dərin inteqrasiyası və Kremlin rəsmi İrəvan üzərində təsir imkanlarının daralması istiqamətli təhlükə deməkdir. Və ən əsasısa, bütün bunlar yalnız iqtisadi deyil, həm də daha geopolitik məzmunlu bir prosesin başlanğıcı kimi görünür.

Digər tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-la “Tramp marşrutu” layihəsi üzrə texniki-iqtisadi araşdırmaların artıq başladığını rəsmən açıqlaması Cənubi Qafqazın logistika xəritəsində yeni mərhələyə işarə edir. Əgər, bu layihə reallaşarsa, ABŞ regionun nəqliyyat-kommunikasiya infrastrukturunda birbaşa iştirakçıya çevriləcək, Ermənistan tranzit ölkə statusunu Qərb platformasında möhkəmləndirəcək və Rusiyanın nəzarət mexanizmlərindən kənar alternativ logistika xətti formalaşmış olacaq.

Ona görə də, bütün bunlara paralel olaraq, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanda “Tramp marşrutu”nun keçəcəyi ərazi üzrə dəmir yollarının bərpası ilə bağlı təşəbbüsü böyük maraq doğurur. Bu, onu göstərir ki, Kreml regionu Avrasiya nəqliyyat-kommunikasiya qovşağı kimi saxlamaq üçün Rusiyanın alternativ modelini ön plana keçirtməyə çalışır. Bu model Rusiyanı Azərbaycanın Naxçıvan bölgəsi üzərindən Türkiyə və Aralıq dənizi limanlarına, İran vasitəsilə isə Fars körfəzi və Hind okeanına çıxara bilər. Və bu baxımdan, Cənubi Qafqaz artıq yalnız regional deyil, həm də qlobal logistika rəqabət meydanına çevrilmiş kimi görünür.

Digər tərəfdən, Rusiya və Ermənistan arasında informasiya savaşının dərinləşdiyi də müşahidə edilir və rəsmi İrəvan bunu ölkədaxili siyasi məkana da transformasiya etməyə çalışır. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın rus propoqandist Vladimir Solovyova qarşı sərt reaksiyası da əslində, ölkədaxili siyasi gündəmin ciddi şəkildə dəyişdiyini göstərir. Və Rusiya mediasının təsiri artıq açıq şəkildə Ermənistana qarşı “xarici müdaxilə” kimi çərçivələndirilir.

428e49c7-f827-4621-9230-fcd8e6227fc1.jpg (227 KB)

Əslində, bu, Ermənistan cəmiyyəti üçün olduqca önəmli siyasi-psixoloji dönüş nöqtəsi hesab oluna bilər. Çünki 1990-2020-ci illər dövründə Rusiya Ermənistanın yeganə etibarlı təhlükəsizlik zəmanətçisi kimi qəbul olunurdu. İndi isə Kreml siyasi təsir mərkəzi olaraq, Ermənistanın suverenliyi üçün əsas təhlükə qaynağı kimi təqdim edilir. Və bu dəyişiklik Ermənistanın təhlükəsizlik anlayışında ciddi transformasiya deməkdir.

Təbii ki, Kremlin təmsilçisi Dmitri Peskovun “Ermənistan və Azərbaycan suveren dövlətlərdir” deməsi və bu ölkələrin dünya dövlətləri ilə münasibətlər qurmaqda sərbəst olduqlarını vurğulaması da olduqca diqqətçəkicidir. Çünki bu, Rusiyanın Cənubi Qafqazdakı geopolitik proseslərə müdaxilə üçün alternativ təsir mexanizmlərinin və siyasi arqumentlərinin artıq olmadığını da biruzə verir. Və belə anlaşılır ki, Kreml Rusiyanın Cənubi Qafqazda mövqelərini itirməsinə təhdidkar reaksiya verməkdə də çətinlik çəkir.

Göründüyü kimi, Cənubi Qafqazda tədricən yeni geopolitik güc konfiqurasiyası formalaşır. Mövcud situasiya onu göstərir ki, Ermənistan artıq Rusiyanın ənənəvi müttəfiqi deyil. ABŞ və Qərb bu regiona enerji və logistika üzərindən daxil olur. Vaxtilə Kremlin şəriksiz dominant mövqeyə sahib olduğu Cənubi Qafqaz tədricən Rusiya üçün çoxqütblü rəqabət meydanına çevrilir. Və bu isə yaxın gələcəkdə regionda həm daha mürəkkəb, həm də ifrat dinamik geopolitik proseslərin qaçılmaz olduğunu göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR