“Hazırda Rusiya payıza yaxın başlayacağı gözlənilən kütləvi səfərbərliyə hazırlaşır”.
Bu barədə Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko bildirib. Onun sözlərinə görə, may-iyun aylarında Rusiya ordusu Ukraynada döyüş meydanında böyük itkilər verib və yeni çağırışçıların cəlb olunması üzrə planlardan ciddi şəkildə geri qalır.

Pyotr Andryuşenko qeyd edib ki, Penza şəhərində və vilayətində həqiqətən də blokpostlar və yoxlamalar təşkil olunub, lakin bu, kütləvi məcburi səfərbərliyin başlandığını göstərən sensasiya deyil. Andryuşenkonun sözlərinə görə, daha vacib hadisə bir neçə gün əvvəl Volqoqrad vilayətində baş verib. Orada Krım istisna olmaqla, işğal olunmuş bölgələr də daxil, bütün hərbi komissarlıqların əməkdaşları üçün səfərbərlik üzrə təlimlər keçirilib.
“Bu, onların hazırlaşdığı prosesdir. Müharibə başlayandan bəri ilk dəfə belə təlim keçirilib. Bu isə göstərir ki, Rusiya səfərbərlik tədbirlərini genişləndirməyə başlayır”, – Andryuşenko vurğulayıb (Axar.az).
Bu arada ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Conatan Svit və milli təhlükəsizlik məsələləri üzrə ekspert Mark Totun “Hill” nəşri üçün yazdığı məqalədə bildirilir ki, Putin cəbhədə qələbə qazana bilməməsi və Ukraynanın zərbələrindən arxa cəbhəni qorumaqda aciz görünməsi səbəbindən yaxın müttəfiqləri arasında nüfuzunu itirməyə başlayıb. Müəlliflərə görə, son həftələr Rusiya rəhbərliyi üçün xüsusilə uğursuz keçib. Onların sözlərinə görə, işğalçı ordunun itkiləri artmaqda davam edir, eyni zamanda, Ukrayna Krıma təzyiqi gücləndirir.
Məqalədə ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Devid Petreusun fikri də yer alıb: “Ukrayna, ola bilsin ki, cəbhə xəttini, eləcə də Krımı təcrid edə biləcək. Bu, son dərəcə təsiredicidir”.
Onların fikrincə, bu hadisələr Kremlin nüfuzuna ciddi zərbə vurub...
Musavat.com-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyib ki, bu gün Rusiya ordusunun qarşısında duran əsas problem canlı qüvvə ehtiyatlarının davamlı şəkildə yenilənməsi məsələsidir: “Rusiya son iki ildən artıq müddətdə klassik kütləvi səfərbərlik modelindən daha çox müqaviləli hərbçilərin cəlb edilməsinə üstünlük verib. Bunun əsas səbəbi isə geniş səfərbərliyin ölkə daxilində sosial və siyasi narazılıqlar yaratmaq ehtimalıdır. Moskva hazırda iki məqsəd arasında balans yaratmağa çalışır. Bir tərəfdən cəbhədə şəxsi heyət çatışmazlığını aradan qaldırmaq, digər tərəfdən isə əhalidə narazılıq doğuracaq addımlardan yayınmağa çalışırlar. Artıq hər kəs anlayır ki, Ukrayna müharibəsi artıq uzunmüddətli aşınma müharibəsi xarakteri alıb. Belə müharibələrdə yalnız texnika və sursat deyil, insan resursları da həlledici rol oynayır. Son aylarda həm Rusiya, həm də Ukrayna ciddi itkilərlə üzləşib. Buna görə də yeni ehtiyatların hazırlanması istənilən ölkə üçün hərbi zərurət hesab olunur”.

Hərbi ekspert Volqoqrad vilayətində keçirilən təlimlərlə bağlı deyib ki, bu cür tədbirlər avtomatik olaraq yaxın günlərdə ümumi səfərbərlik elan ediləcəyi anlamına gəlmir: “Lakin bu, dövlət aparatının mümkün ssenarilərə hazırlaşdırılması kimi qiymətləndirilə bilər. Hərbi planlaşdırmada ehtiyat variantların hazırlanması normal praktikadır. Digər tərəfdən, ABŞ hərbi ekspertlərinin Putinin nüfuzunun zəifləməsi barədə fikirləri də müəyyən əsaslara malikdir. Müharibənin uzanması, itkilərin artması, Ukraynanın Rusiyanın dərinliklərinə və xüsusilə Krım istiqamətinə zərbələri Kremlin qarşısında əlavə problemlər yaradır. Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Rusiyada siyasi sistemin xüsusiyyətləri səbəbindən Putinin nüfuzunun zəifləməsi dərhal siyasi böhrana çevrilmir. Kremlin güc strukturları üzərində nəzarəti hələ də kifayət qədər güclü olaraq qalır. Buna görə də Qərb ekspertlərinin bəzi proqnozlarına ehtiyatla yanaşmaq lazımdır. Hərbi baxımdan əsas məsələ budur ki, Rusiya qarşıdakı aylarda mövcud qüvvələrlə əməliyyatları davam etdirə biləcəkmi, yoxsa yeni insan resurslarının cəlb edilməsinə ehtiyac yaranacaq? Əgər cəbhədə itkilər artmağa davam edərsə və könüllü müqavilə sistemi planlaşdırılan nəticəni verməzsə, Kremlin yeni səfərbərlik mexanizmlərini işə salmaq ehtimalı yüksələcək”.
Hərbi ekspert qeyd edib ki, hazırda Rusiyada kütləvi səfərbərliyin artıq başladığını söyləmək üçün əsas deyil, amma belə bir ehtimala hazırlıq işlərinin aparıldığını göstərir: “Müharibənin gedişi və cəbhədəki vəziyyət payız aylarında Moskvanı daha sərt qərarlar qəbul etməyə məcbur edə bilər”.
E.Məmmədəliyev,
Musavat.com






