Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliyində müntəzəm olaraq həssas məsələləri, o cümlədən əsirlərin dəyişdirilməsini müzakirə edirlər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, son görüşlərdən birində gözlənilməz bir durum da baş verib.
“Görüş zamanı hazırda Ukrayna dosyesi ilə məşğul olan ABŞ-ın yeni nümayəndəsi orda peyda oldu. O, orada Ukrayna tərəfi ilə görüş keçirdi və anladığım qədər, bu əvvəlcədən razılaşdırılmışdı. Eyni zamanda, bizim nümayəndələrlə tam gözlənilmədən görüşdü”, - Uşakov qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirsə də, Kiyev ABŞ-ın sülh planının üç əsas maddəsini rədd edir. CNN Ukraynadakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, üç məsələ ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır: Donbasın Rusiyanın nəzarətinə verilməsi, Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min hərbçi ilə məhdudlaşdırılması və ölkənin NATO-ya üzvlük hüququndan imtina etməsi.
Qeyd edilib ki, bu tələblər Rusiya tərəfindən döyüşlərin dayandırılması üçün qoyulan şərtlərə uyğundur, lakin Ukrayna üçün “qırmızı xətt” rolunu oynayır.
Ukraynalı mənbə vurğulayır ki, ərazi ilə bağlı məsələlər hələ razılaşdırılmayıb, Silahlı Qüvvələrin məhdudlaşdırılması təklifləri yenidən nəzərdən keçirilməlidir və NATO-ya üzvlükdən imtina Rusiyanın alyansa təsirini göstərən “pis presedent” yaradacaq, halbuki "Rusiya onun üzvü belə deyil".
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Elçin Xalidbəyli ilə müzakirə edir.






