İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yanacaq “dilənir” – Azərbaycandan ƏBƏS gözlənti

2663 06.07.2026 19:47 Ölkə A A

Ukrayna ilə Rusiya arasında qarşılıqlı hücumlar davam edir. Hücumlar səbəbindən Rusiyanın hava limanlarında uçuşlar dayandırılıb və mobil internet şəbəkələri sıradan çıxıb. Ən mühümü, ölkədə yanacaq böhranı yaranıb. Kremlin sözçüsü Peskov deyib ki, Rusiya xaricdən yanacaq idxal edəcək.

Neft-qaz ölkəsi olan Rusiyanın düşdüyü bu rəzil vəziyyət onun iqtisadiyyatı üçün nə vəd edir? Azərbaycan Rusiyaya neft-yanacaq sata bilərmi?

Qonşu dövlətdə yanacaq qıtlığı, neft emalı zavodlarına endirilən zərbələr və bunun ölkə daxilində yaratdığı böhran fonunda sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, Ukraynaya qarşı başlanan müharibənin iqtisadi nəticələri artıq Rusiyanın daxilində ciddi sosial-siyasi risklər formalaşdırır.

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək”

Onun sözlərinə görə, 2022-ci il fevralın 24-də Kremlin qəbul etdiyi qərar təkcə geosiyasi deyil, həm də Rusiyanın iqtisadi gələcəyini müəyyənləşdirən ən böyük strateji səhvlərdən biri oldu: “Müharibənin ilk günlərində Kiyevin qısa müddətdə ələ keçiriləcəyini düşünən Rusiya bu gün tamamilə fərqli reallıqla üz-üzə qalıb. Müharibə uzandıqca onun iqtisadi dəyəri dəfələrlə artdı. Bu gün artıq söhbət yalnız sanksiyalardan getmir. Rusiya özünün strateji iqtisadi üstünlüklərini də itirməyə başlayıb”.

Fikrət Yusifov hesab edir ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan ölkənin daxili bazarında yanacaq çatışmazlığı paradoksal görünür: “Neft hasil etmək başqa məsələdir, onu emal edib istehlakçıya çatdırmaq isə tamam başqa məsələ. Ukraynanın pilotsuz uçuş aparatlarının əsas hədəfi məhz neft emalı zavodlarıdır. Emal gücü azaldıqca daxili bazarda benzin və dizel çatışmazlığı yaranır. Bu isə qiymətlərə, logistika zəncirinə və ümumilikdə iqtisadi aktivliyə mənfi təsir göstərir”.

Ekspertə görə, yanacaq növbələri artıq iqtisadi problemdən daha çox ictimai narazılıq mənbəyinə çevrilə bilər: “Tarix göstərir ki, böyük siyasi dəyişikliklər çox vaxt insanların gündəlik həyatına toxunan problemlərdən başlayır. 1917-ci ildə çörək növbələri necə ciddi ictimai partlayış yaratdısa, uzunmüddətli yanacaq qıtlığı da cəmiyyətin hakimiyyətə münasibətini dəyişə biləcək amillərdən biridir. Əlbəttə, bugünkü Rusiya ilə 1917-ci ilin Rusiyasını eyniləşdirmək düzgün olmaz, amma sosial narazılığın iqtisadi əsasları formalaşdıqda bunun siyasi nəticələri də qaçılmaz olur”.

Fikrət Yusifovun fikrincə, Rusiyanın xaricdən yanacaq idxalı hesabına problemi tam həll etməsi də real görünmür: "Yanacaq bazarı elə bazardır ki, heç bir ölkə milyonlarla ton artıq benzini ehtiyatda saxlamır. Müəyyən həcmdə humanitar və ya kommersiya əsaslı tədarüklər mümkündür. Lakin bu, Rusiyanın milyonlarla tonluq daxili tələbatını ödəyə bilməz. Problem sistemlidir və onun həlli yalnız emal infrastrukturunun normal fəaliyyətinin bərpasından keçir".

İqtisadçı əlavə edib ki, müharibənin uzanması Rusiyanın maliyyə resurslarına da əlavə yük yaradır: “Hərbi xərclər artır, büdcə kəsiri dərinləşir, mülki iqtisadiyyat isə getdikcə daha çox resurs itirir. Bu proses uzun müddət davam etdikcə iqtisadiyyatın dayanıqlılığı zəifləyəcək və sosial narazılıq üçün zəmin genişlənəcək”.

Ekspert sonda vurğulayıb ki, hər bir müharibənin iqtisadi qiyməti olur və həmin qiymət gec-tez onu başlayan dövlətin öz daxilində hiss edilir: “Bu gün Rusiyada müşahidə olunan proseslər göstərir ki, müharibənin əsas yükünü artıq cəbhədən daha çox ölkə iqtisadiyyatı və adi vətəndaşlar daşımağa başlayıblar. Bu isə uzunmüddətli perspektivdə Kremlin qarşısında hərbi deyil, iqtisadi və sosial dayanıqlıq məsələsini çıxaracaq".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR