İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada terroru Amerika törədir? - SENSASİYA

1798 27.03.2024 15:28 Siyasət A A

 Niyə Bənazir Bhutto Vaşinqtonu terrora dəstək verməkdə ittiham etmişdi?

1980-ci illərin sonlarında Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996-cı illərdə baş naziri olmuş böyük dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı olmuş Bənazir Bhutto Amerikanın islam adından çıxış edən terrorçulara verdiyi dəstəkdən narahatlığını Amerika prezident Corc Herbert Volker Buşa (ata Buş.1989-1993) belə çatdırmışdı: “Siz (yəni ABŞ) Frankenşteyn yaratmaqdasız”. Frankenşteyn nə anlamına gəlir?

Məşhur ingilis yazıçısı Meri Şelli (1797-1851) daha çox “Frankenşteyn” romanı (1818) ilə tanınmışdır. Bu personaj Qərb ədəbiyyatında geniş-əks səda doğurub. Romanda deyilir ki, Viktor Frankenşteyn cansız materiyadan canlı varlıq yaratmaq istəyir. O, öz istəyinə nail olur. Ancaq onun yaratdığı (yəni Bənazir Bhuttonun nəzərdə tutduğu Frankenşteyn) son dərəcə bədheybət bir varlıq kimi ortaya çıxır və onu yaradan Viktor Frankenşteyni belə dəhşətə gətirir. Bənazir Bhutto hələ 1980-ci illərin sonunda uzaqgörənliklə vurğulayırdı ki, Amerika öz yaratdığı terror şəbəkəsindən dəhşətə gələcək. Zatən elə də oldu. “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları baş verdi. 3 min nəfərə yaxın adam öldürüldü. On mindən çox insan yaralandı. Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələri yerlə-yeksan oldu.

Kiçik bir haşiyə də çıxım. 2007-ci ilin dekabrında Bənazir Bhutto “Əl-Qaidə” tərəfindən qətlə yetirildi. Terror hücumu zamanı onunla birlikdə 22 nəfər də öldürüldü. “Əl-Qaidə” nədən Bənazir Bhuttonu aradan götürdü? Çünki “Əl-Qaidə” Bənazir Bhuttonu Amerikaya bağlı sekulyar siyasətçi hesab edirdi.

benazir-bhutto.jpg (70 KB)

Bəşər övladı son dərəcə qarışıq-dolaşıq bir dünyada yaşayır. 2023-cü ilin 7 oktyabrında HƏMAS qəfildən Qəzza zolağından İsrailə hücum etdi. Əsası xeyriyyəçi-müəllim kimi çıxış edən Əhməd Yasin tərəfindən qoyulan HƏMAS 2007-ci ildən Qəzza zolağında hakimiyyəti ələ alıb. 2008-ci ildən bəri HƏMAS-ın təşəbbüsü ilə 5 dəfə Qəzza-İsrail savaşı baş verib. Hər dəfə kütləvi qırğınlar törədilib...

Son HƏMAS-İsrail savaşı başlayanda qeyd etmişdim ki, HƏMAS-ı İsrail yaradıb. Çoxlarına bu iddia təəccüblü gəlmişdi. Tarixi həqiqət isə belədir ki, Fələstin milli muxtariyyətinin birinci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994) Yasir Ərəfat həm ərəblər arasında, həm də dünyada son dərəcə böyük nüfuza sahib idi. İsrail Yasir Ərəfatın rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatını nüfuzdan salmaq üçün HƏMAS-a dəstək verdi. O vaxtlar Müsəlman qardaşları təşkilatına bağlı olan (1987-2017) HƏMAS İsrailin dəstəyi ilə Qəzza zolağında FAT-ı məğlub edərək iqtidara gəldi. 2006-2007-ci ildə HƏMAS ilə FAT arasında silahlı münaqişələr baş verdi. Nəticədə 600 fələstinli qardaş qırğınının güdazına getdi. Elə indi də FAT ilə HƏMAS arasındakı düşmən münasibət mövcuddur. 

Əslində, bu məsələdə o qədər də təəccüblü bir şey yoxdur. Tarixdə bu kimi şeylər çox olub. Məsələn, ABŞ SSRİ-ni Əfqanıstan bataqlığında məhv etmək üçün yerli islamçılara açıq şəkildə dəstək verib. Belə ki, 1983-cü ildə Amerika prezidenti Ronald Reyqan (1981-1989) mücahidləri Ağ Evdə qəbul edib. Pakistan üzərindən mücahidləri silahlandırıb. “Taliban” hərəkatı da Amerikanın əli işidir. Səudiyyə Ərəbistanına bağlı olan “Əl-Qaidə” də Amerika tərəfindən yaradılıb.

Məsələn, 2016-ci ilin avqustunda CNN bildirir ki, gələcək Amerika prezidenti Donald Tramp Amerika prezidenti Barak Obamanı İŞİD-i yaratmaqda ittiham edib. Barak Obama administrasiyasında Dövlət katibi olmuş Hillari Klinton məşhur bir etirafı var. O, 2010-cu ildə “Fox News”da tele-çıxışı zamanı açıq və birmənalı şəkildə deyir ki, “Əl-Qaidəni” də, “Taliban”ı da Amerika yaratdı. Onlara hər cür, xüsusən maliyyə dəstəyi verdik. Onlar da Sovet İttifaqının Əfqanıstandan çıxardılar. Biz buna çox sevindik, çünki öz hədəfimizə nail olduq. Ancaq sonra məlum oldu ki, 20 il əvvəl özümüz öz əlimizlə özümüzə problem yaratmışıq, indi də o problemlə vuruşuruq...

lead_960.jpg (84 KB)

Həmin müsahibədəki bəzi məqamlara diqqət edək. Hillari Klinton deyir: "Gəlin burada xatırlayaq ... bu gün mübarizə apardığımız insanları iyirmi il əvvəl maliyyələşdirdik... həmin mücahidləri işə götürürdük...“Düşünürdük ki, bu, əladır, qoy onlar Səudiyyə Ərəbistanından və digər ölkələrdən gəlsinlər, özlərinin vəhhabi brendi olan İslamı idxal etsinlər ki, biz Sovet İttifaqına qalib gələ bilək”.

Başqa bir məqam: “ABŞ-ın Suriyada etdiyi də məhz budur: Suriya və Rusiyaya qarşı döyüşmək üçün Amerika “Əl-Qaidə”dən istifadə edir”.

Bu etiraf da tarixi sayılmalıdır: “Əfqanıstandakı plan dünyəvi dövləti məhv etmək və ABŞ-a bağlı İslam Dövləti modelini qurmaq idi. Eyni məqsəd Suriyada keçərlidir”.

Hillari Klinton elə birbaşa deyir ki, terror-“yaxşı fikirdir” və bu gün də yaxşı ideya olaraq qalır...

Bu da sirr deyil ki, Amerika terrora dəstək verən ölkələrin başında gəlir. Təbii ki, Amerika terrora dəstək verirsə, bu həm də o deməkdir ki, digər Qərb ölkələri də bu cinayət əməlinə dəstək verir. Məqsəd aydındır, Qərb Amerika başda olmaqla öz maraqları naminə yaratdığı terror təşkilatlarından istifadə edir. Ancaq rəsmi çıxışlarda Amerika təmsilçiləri terrora qarşı gözəl nitqlər söyləyirlər, terroru lənətləyirlər. Ancaq bu, mahiyyəti dəyişmir.

Ötəri olaraq onu da qeyd edim ki, Almaniya parlamentində Amerikanın terror təşkilatları yaratması və bütün bəşəriyyəti təhlükə altına atması barədə yerli deputatın çıxışını əks etdirən video hələ də İnterneti dolaşır. Ötən ilin bu vaxtı Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror dövləti yaratmaq cəhdində ittiham edirdi...

O da aydındır ki, gecə-gündüz demokratiyadan, insan hüquqlarından dəm vuran Amerika terror adlı Frankenşteyn misalı son dərəcə eybəcər bir varlıq yaradıb və bu varlıq Amerika da daxil olmaqla bütün dünyanı təhdid edir...

11 sentyabr terror aktlarından sonra ABŞ-ın başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) adlanır. Guya bu mübarizə bugün də davam edir.

Yuxarıda qeyd etdik ki, “Taliban”, “Əl-Qaidə” və İŞİD-ın yaranmasında Amerika ciddi rol oynayıb. Heç şübhəsiz ki, Amerikanın bu terror təşkilatları ilə indi də müəyyən əlaqələri var.

thumbs_b_c_5c348524cc6f64d4db796.jpg (115 KB)

Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonunda həyat keçirilmiş terror aktının məsuliyyətini İslam Dövləti – Xorasan Vilayəti (İŞİD-X) öz üzərinə götürüb. 2015-ci ildə Əfqanıstanda yaranmış bu təşkilat İŞİD-ın sadəcə bir qoludur. Xatırladım ki, 2024-cü il yanvarın əvvəlində iki İŞİD-X hücumçusu İranın Kirman şəhərində ABŞ-ın qətlə yetirdiyi Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı matəm mərasimi zamanı iki intiharçı partlayış törədib. 94 nəfərin ölümünə səbəb olan hücum İŞİD-X-nın Əfqanıstan-Pakistan bölgəsi sərhədlərindən kənarda həyata keçirdiyi ilk hücumu olub.

Diqqət edin: ABŞ dövlət səviyyəsində İran generalını terror yolu ilə aradan götürür. Amerikaya bağlı İŞİD-X isə generalın qətlinin ildönümü mərasimində terror aktı törədir. O vaxt İran liderləri bu terror aktına görə Amerikanı ittiham edirdi.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalında-Crocus City Hall-da da terror aktını İŞİD-X törədib. Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarova məxsus mərkəzdə terrorçular 139 adam öldürüblər.

Maraqlıdır, İŞİD-X Əfqanıstandan kənarda cəmi 2 terror aktı törədib. Biri İranda, digəri isə Rusiyada. Bəllidir ki, ABŞ başda olmaqla Qərbin əsas düşməni məhz elə İran və Rusiyadır. İŞİD-X da elə bu ölkələrdə qırğın salır. Bunu təsadüf hesab etmək olarmı? Təbii ki, bu suala konkret cavab vermək çətindir. Ancaq bu sual məntiqi olaraq ortaya çıxır. Məsələn, ilk ağla gələn o olur ki, ABŞ SSRİ-ni dağıtmaq üçün “Taliban”, “Əl-Qaidə” kimi dəhşətli terror təşkilatları yaradıb və ondan istifadə edib. Nədən Amerika eyni üsuldan Rusiyaya qarşı yararlanmasın? İllərin sınağından keçmiş bir üsuldan niyə imtina etsin? Rusiyanın bu terror aktında Ukrayna izi axtarması da bu baxımdan təsadüfi sayıla bilməz...

Nədən Qərb terror təşkilatlarına bu qədər dəstək verir? Səbəb çox sadədir. Düşünün ki, ABŞ SSRİ ilə müharibəyə başlayırdı. Bu, dəhşətli nəticələrə səbəb ola bilərdi. Amerika nə etdi? Əfqanıstanda SSRİ-yə qarşı vuruşmaq istəyən mücahidlərə dəstək verdi. Birbaşa yox, mücahidlərin əli ilə öz məqsədinə nail oldu. Düşünün ki, 5-10 milyard dollara bu işə başa gəldi. ABŞ-SSRİ müharibəsi olsaydı Amerika 10 trilyon dollarlarla ölçülən nəhəng itkilər verə bilərdi...

Bir önəmli məqam da var. “The Nyu-York Times” da daxil olmaqla Qərb mediası bu məqamı xüsusi ilə qabardır. Belə ki, martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi belə bir bəyanat yayıb: “Ekstremistlərin Moskvada konsertlər (zalları da) daxil olmaqla, böyük toplantıları hədəfə almağı planlaşdırdığı barədə məlumatlar var”.

O da deyilirdi ki, olayın 48 saat ərzində baş verəcəyi gözlənilir. Qeyd edək ki, Rusiyada martın 15-də növbəti prezident seçkiləri keçiriləcəkdi. Və prezident seçkisinə günlər qalmış Ağ Ev belə bir bəyanat verdi. Diqqət etdinizsə, bəyanatda konsert zalı məsələsi xüsusi ilə vurğulanır. Putin tərəfdarları bu xəbərdarlığı Amerikanın Rusiyanı qorxutmaq cəhdi kimi dəyərləndirdi. Putin özü isə bu bəyanatı “provokasiya” adlandırdı.

Paradoksal vəziyyət yaranır. Bir tərəfdən zənn etmək olar ki, İŞİD-X-a Moskvada terror aktı törətməyi Amerika göstəriş verib. Əgər belədirsə, nədən Amerika terrordan bir qədər əvvəl Rusiyanı gözlənilən təhlükədən xəbərdar edib? Siyasi təhlilçilər bunu Ukrayna məsələsi ilə izah edirlər. Belə ki, Rusiyanın bu terrora görə Ukraynanı ittiham edə biləcəyi ehtimalı son dərəcə yüksək idi. Kremldən səslənən son bəyanatlar da bu ehtimal üçün ciddi əsasların olduğunu ortaya qoyur. Belə anlaşılır ki, Amerikanın Ukraynanı qorumaq üçün Rusiyaya etdiyi xəbərdarlıq situasiyanı dəyişə bilməyib. Baxmayaraq ki, Ukrayna rəsmiləri də dönə-dönə Moskva terrorunda heç bir əlaqələrinin olmadığını bəyan etdilər. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zakharova dedi: “"Vaşinqtonda rəsmilər kiminsə günahsız olması ilə bağlı necə nəticəyə gəliblər? Özü də faciənin yaşandığı bir vaxtda”. Bu bəyanat həm də onu deməyə əsas verir ki, Amerika Ukraynanı Rusiyanın qəzəbindən qorumağa çalışır və rəsmi Moskva bunun fərqindədir. Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, Moskvadakı terrora görə Putin Ukraynanı günahlandırmaq istəyir...

Bəzi mənbələr qeyd edir ki, İŞİD-X-nın anti-Rusiya mövqeyində olması təkcə Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı müharibə ilə bağlı deyil. Rusiya Əfqanıstanda iqtidarda olan “Taliban”la xoş münasibətdədir. İŞİD-X isə “Taliban”la düşməndir. “Taliban”ı devirərək Əfqanıstanda iqtidara gəlmək istəyir. Moskvada törədilən terrorun arxasında bu amil də var.

baba6524b5d36c9808d885f4942f0e9c.jpg (106 KB)

Moskvadakı terrorun miqyası insanları xüsusi ilə dəhşətə gətirir. Hərbi analitik və Türkiyə ordusunun keçmiş polkovniki Murat Aslan “Al-Jazeera”-ya deyib ki, İŞİD-in Əfqanıstandakı qolu “radikal və sərt metodologiyaları” ilə tanınır. Qəddar və sarsıdıcı üsullara üstünlük verir.

Vacib bir məqam da var. Tarixən anqlo-sakson birliyi İslam dünyasında sünnilərə stavka edib. Rusiya isə şiələrlə yaxın olub. İŞİD-X sünni terror təşkilatıdır. Əfqanıstanın daxilində şiə xəzərlərə qarşı amansız terror aktları həyata keçirir. İrana qarşı cəbhədə yer alır. Yəni terror təşkilatının sünni və ya şiəliyi təmsil etməsi də xüsusi önəm daşıyır. Məsələn, şiə terror təşkilatı Moskvada belə bir qırğın törətməzdi. Çünki şiə terror təşkilatları əsasən İrandan idarə olunur. İran isə Qərbə dirənişdə Rusiya ilə müttəfiqdir...

Hə, müəyyən istisnalar da var. Məsələn, HƏMAS sünni təşkilatdır, ancaq İrana bağlıdır. Düzdür, Suriyada İranın apardığı silahlı mübarizəyə HƏMAS dəstək verməyib. Nəticədə İran HƏMAS-a maliyyə dəstəyini kəsdi. Niyə HƏMAS Suriya məsələsində İranın yanında yer almadı. Çünki sünni ölkələr şiə İrana bağlı Bəşər Əsədin devrilməsini istəyirdilər. Suriya əhalisinin 80 faizi də sünnidir, Bəşər Əsəd isə 10 faizlik ələvilərin təmsilçisi kimi iqtidardadır. Yəni HƏMAS sünni təşkilat olaraq sünni çoxluğun tələbinə qarşı çıxa bilməzdi...

2017-ci ildən sonra İranla HƏMAS arasında yaxınlaşma yeni mərhələyə daxil oldu...

Təəssüflə deməliyik ki, Qərb ölkələri terrora dəstək verir. Qərbin bu metodundan Şərq ölkələri də yararlanır. Xüsusən müsəlman ölkələrində terror şəbəkələrinə məqsədli şəkildə yardım göstərilir. Məsələn, sirr deyil ki, şiəliyi təmsil edən İrana və sünniliyi təmsil edən Səudiyyə Ərəbistanına bağlı onlarla terror təşkilatı var. Təəssüf ki, bəzi radikal Azərbaycan vətəndaşları hər iki cəbhədə yer alır. Növbəti yazımda bu kimi məsələlərə də ətraflı toxunmağa çalışacam...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR