Rusiyada vətəndaşların Yeni il bayramı ilə bağlı xərcləri ciddi şəkildə azalıb.
Musavat.com xəbər verir ki, sorğuların nəticələrinə əsasən, bu il rusiyalılar Yeni il üçün orta hesabla 14 min rubl (təxminən 260 manat) xərcləməyi planlaşdırır.
Bu göstərici ötən illə müqayisədə demək olar ki, iki dəfə azdır. Belə ki, 2024-cü ildə vətəndaşlar bayram xərcləri üçün orta hesabla 26 min rubl (təxminən 480 manat) ayırmağı düşünürdülər.
Araşdırmaya görə, qeyd olunan məbləğə Yeni il hazırlıqları ilə bağlı bütün əsas xərclər daxildir. Bunlara ərzaq və hazır yeməklərin sifarişi, evin bəzədilməsi və bayram süfrəsinin qurulması, geyim və hədiyyələrin alınması, eləcə də məkan və avadanlıq icarəsi aiddir.
Mütəxəssislər bildirirlər ki, bu azalma inflyasiya və qiymət artımı ilə birbaşa əlaqəlidir. Xüsusilə ərzaq məhsulları, kommunal xidmətlər və geyim sahəsində bahalaşma rusiyalıları qənaət rejiminə keçməyə məcbur edib. Nəticədə vətəndaşlar gündəlik xərclərlə yanaşı, Yeni il bayramı ilə bağlı büdcələrini də ciddi şəkildə məhdudlaşdırırlar.
Musavat.com






