Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirlər ötən il əvvəlki illərlə müqayisədə təxminən 20 faiz azalıb. Buna səbəb dünya bazarlarında neftin ucuzlaşması və Rusiya neftinə tətbiq edilən böyük endirimlərdir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Məlumata görə, Urals markalı neftə tətbiq olunan endirim bir barel üçün 24 dollara qədər yüksəlib. Halbuki son iki ildə bu göstərici təxminən 15 dollar səviyyəsində idi.
ABŞ-ın “Lukoyl” və “Rosneft” şirkətlərini sanksiya siyahısına salması xarici alıcılar üçün riskləri artırıb. Bu isə Rusiya neftinin qiymətinə ciddi təsir göstərib.
Dekabr ayında hökumət Urals neftinin qiymətinin bareli 39,2 dollar olduğunu açıqlayıb. Bu, pandemiya dövründən bəri ən aşağı göstəricidir.
Bəzi hallarda Hindistana satılan neftin qiyməti 22–25 dollaradək düşüb. Bu isə artıq Rusiyanın xərclərini belə güclə ödəyir.
Ekspertlər bildirir ki, artan hərbi xərclər və azalan enerji gəlirləri Rusiyanı ciddi maliyyə problemləri ilə üz-üzə qoyub.
2025-ci ildə ölkənin büdcə kəsiri ÜDM-in 2,6 faizi səviyyəsinə çatıb. Bu, planlaşdırılandan beş dəfə çoxdur və artıq ardıcıl dördüncü ildir ki, Rusiya büdcə kəsiri ilə yaşayır.
“Alfa-Bank” analitiklərinin hesablamalarına görə, Urals neftinin orta qiyməti büdcədə nəzərdə tutulandan hər 10 dollar aşağı düşəndə, dövlət 1,5–1,8 trilyon rubl itirir.
Əgər ucuz neft və güclü rubl siyasəti davam edərsə, ilin sonuna qədər itkilər 3 trilyon rubla çata bilər. Bu isə Moskvanın 2026-cı il üçün gözlədiyi gəlirlərin təxminən 7,5 faizi deməkdir.
Mütəxəssislərin fikrincə, neft gəlirlərinin azalması Rusiyanın müharibə iqtisadiyyatını maliyyələşdirməsini getdikcə çətinləşdirir. Sanksiyalar, bazar qiymətləri və artan xərclər Kreml üçün yeni risklər yaradır.
Musavat.com






