1992-ci ildə Rusiya Qazaxıstan ərazisindən 40 ədəd “Tu-95MS” strateji bombardmançı təyyarə aparıb. Hazırda həmin təyyarələrdən Ukrayna ərazisinə hava zərbələri endirmək üçün istifadə olunduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə 413-cü DTX “Reyd” alayının hərbçisi və Defense Express şirkətinin silah üzrə eksperti İvan Kiriçevski Facebook hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, 1990-cı illərin əvvəllərində baş verən hadisələr bu gün Rusiyaya strateji aviasiya vasitəsilə Ukraynanı atəşə tutmaq imkanı verib. O bildirib ki, SSRİ dağıldıqdan sonra ən böyük “Tu-95MS” donanması Qazaxıstanda cəmləşmişdi və bu tip 40 bombardmançı Semipalatinsk aerodromu ərazisində yerləşən 79-cu Hava Diviziyasının tərkibinə daxil idi.
Kiriçevski qeyd edib ki, həmin təyyarələrin 27-si MS16 variantına (qanadaltı qanadlı raketlər daşıya bilən), 13-ü isə MS6 variantına (raketlərin yalnız daxili bölmədə yerləşdirildiyi) aid idi. Müqayisə üçün o bildirib ki, 1992-ci ilin əvvəlində Rusiyanın təxminən 27, Ukraynanın isə MS6 variantında 21 belə bombardmançısı olub.
Ekspert xatırladıb ki, 1999-cu ildə Rusiya Ukraynadan qaz müqabilində cəmi 8 “Tu-160” və 3 “Tu-95MS” əldə edib, digər uzaqmənzilli bombardmançılar isə istismardan çıxarılıb. Bu səbəbdən Qazaxıstandan aparılan təyyarələr Rusiyanın strateji bombardmançı donanmasının əsasını təşkil edib. Onların necə aparıldığı isə hələ də tam aydın deyil.
Onun sözlərinə görə, 1992-ci ilin əvvəlində Qazaxıstan hərbi rəhbərliyinin 79-cu Hava Diviziyası üzərində nəzarəti zəif idi. Həmin dövrdə Ukrainka aerodromu ilə Semipalatinsk arasında bombardmançı təyyarələrin müntəzəm təlim uçuşları həyata keçirilirdi.
Ekspert iki versiyanın mövcud olduğunu qeyd edir: birincisinə görə, Qazaxıstandakı rus hərbçiləri mövcud bütün “Tu-95MS” təyyarələrini birbaşa aparıblar; digər versiyaya görə isə onlar həmin təyyarələri başqa tip bombardmançılarla əvəz ediblər.
O həmçinin bildirib ki, 1992-ci ildə Ukraynanın Uzın aerodromundan oxşar təyyarənin aparılması cəhdinin qarşısı yerli hərbçilər tərəfindən alınıb.
Kiriçevski vurğulayıb ki, 1992-ci ildən sonra Rusiya yeni “Tu-95MS” təyyarələri istehsal etməyib və hazırda əsasən sovet dövründən qalan bu parkdan istifadə edir.
Ekspert əlavə edib ki, Rusiya bu bombardmançıları Ukraynaya qarşı zərbələrdə aktiv istifadə edir, xüsusilə də Ukraynanın aerodromlara endirdiyi zərbələr nəticəsində itkilər fonunda onların rolu artıb.
Xatırladaq ki, 1 iyun 2025-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən “Hörümçək toru” əməliyyatı zamanı Rusiya aerodromlarında onlarla hərbi təyyarənin, o cümlədən “Tu-95MS” bombardmançılarının məhv edildiyi bildirilmişdi.
Musavat.com






