ABŞ və İran arasında aylardır davam edən mürəkkəb danışıqlarda mühüm irəliləyiş əldə olunduğu bildirilir. Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib ki, Vaşinqton və Tehran arasında nəzərdə tutulan sülh sazişinin yekun mətn variantı artıq razılaşdırılıb.
Musavat.com xəbər verir ki, Pakistan hökumət başçısı sosial şəbəkədə yaydığı açıqlamada ölkəsinin hər iki tərəflə birlikdə prosesin növbəti mərhələləri üzərində işlədiyini bildirib. Şərifin sözlərinə görə, tərəflər arasında razılaşdırılmış yekun mətn mövcuddur və hazırda onun həyata keçirilməsi istiqamətində hazırlıq gedir.
Məlumata görə, Pakistan son aylarda ABŞ və İran arasında əsas vasitəçi rolunu oynayıb. İslamabadın diplomatik səyləri nəticəsində daha əvvəl atəşkəs əldə olunmuş, daha sonra isə genişmiqyaslı siyasi danışıqlar mərhələsi başlanmışdı.
Beynəlxalq mediada yayılan məlumatlara əsasən, müzakirə olunan sənəddə Hörmüz boğazının tam açılması, İranın nüvə proqramı üzrə əlavə danışıqlar, bəzi sanksiyaların yumşaldılması və dondurulmuş İran aktivləri ilə bağlı məsələlərin yer aldığı iddia olunur. Bununla belə, həmin maddələrin hamısının yekun mətnə daxil olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib.
Musavat.com-a görə, əgər saziş imzalanarsa, bu, son illərdə ABŞ–İran münasibətlərində ən mühüm diplomatik dönüş nöqtələrindən biri olacaq. Razılaşma həm Yaxın Şərqdə hərbi gərginliyin azalmasına, həm də qlobal enerji bazarlarında sabitliyin bərpasına ciddi təsir göstərə bilər.
Hazırda tərəflərdən heç biri sazişin imzalanma tarixini açıqlamayıb. Lakin beynəlxalq media və diplomatik mənbələr yaxın günlərdə bu istiqamətdə yeni açıqlamaların veriləcəyini istisna etmirlər.
Musavat.com






