“Qarabağ separatçılarına rəhbərlik etmiş Samvel Şahramanyanın Ermənistanın İstintaq Komitəsi tərəfindən dindirilməsi Ermənistanda nəhayət hüquqi mexanizmlərin separatçılara münasibətdə tətbiq edilməsi kimi qiymətləndirilə bilər”.
Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, əslində doğrudan da İrəvan sülh istəyirsə və ictimai etimad mühitinin yaranmasında maraqlıdırsa mütləq Ermənistanda ictimai rəyi, siyasi şüuru Azərbaycana qarşı düşmənçilik mövqeyinə sürükləmək istəyənləri cəzalandırmalıdır.
“Çox təəssüf ki, bu arzuolunan səviyyədə aparılmır. Ancaq bütün hallarda sülh danışıqlarının get-gedə daha da intensivləşdiyi bir vaxtda birdən-birə Qarabağ separatçılarının fəallaşması əlbəttə ki, sülhü təhdid edən faktor kimi çıxış edir” , - deyə Hikmət Babaoğlu qeyd edib.
Deputat hesab edir ki, bu cür addımlar separatçıların Ermənistan hüququ qarşısında cavab verməsi istiqamətində atılan addımlar kimi qiymətləndirilməlidir.
“Nəticə etibarilə bu, iki ölkə arasında sülhə xidmət edəcək zəmin yarada bilər. Bu cür addımlar daha qətiyyətli, daha geniş miqyaslı olmalıdır” , - deputat fikrini belə yekunlaşdırıb.
Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan bu gün Ermənistan İstintaq Komitəsi tərəfindən dindirilib. Şahramanyanın vəkili Roman Yeritsyan deyib ki, bu, növbəti dindirmədir, cinayət işi həm 2020-ci ilin 44 günlük müharibəsi, həm də 2023-cü il hadisələri ilə bağlıdır. Bu işdə Şahramanyan artıq 2025-ci ilin iyun və iyul aylarında 12 dəfə dindirilib.
Etibar Seyidağa,
Musavat.com






