Dünyada yalnız məhdud sayda dövlət öz ballistik raketlərini istehsal edir. Rusiya-Ukrayna müharibəsi isə göstərib ki, ballistik raketlər hələ də müasir müharibələrin ən təhlükəli və təsirli silahlarından biri olaraq qalır.
Musavat.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” geniş təhlil dərc edib.
Məqalədə qeyd olunur ki, Ukraynanın müdafiə naziri Mixail Fyodorovun “Ukrayna ballistik imkanı bu müharibədə hər şeyi dəyişəcək və ölkənin dünyadakı statusunu tamamilə yeni səviyyəyə qaldıracaq” sözləri Kiyevin qarşısında duran əsas texnoloji hədəflərdən birini ortaya qoyur.
Dörd ildən artıq davam edən genişmiqyaslı müharibə göstərib ki, klassik hərbi texnologiyaların əksəriyyəti ya sürətlə köhnəlir, ya da funksiyalarını dəyişir. Ballistik raketlər isə istisna olaraq öz əhəmiyyətini qoruyub saxlayır.
Bu raketlər böyük dağıdıcı gücə malikdir və bir raketin daşıdığı partlayıcı yük heç bir pilotsuz uçuş aparatı ilə müqayisə oluna bilməz. Eyni zamanda onların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması son dərəcə çətin və bahalı prosesdir. Ukraynanın “Patriot” kompleksləri üçün raket çatışmazlığı da əsas problemlərdən biri hesab olunur.
Ballistik raketlərə sahib ölkələr
Ekspertlərin fikrincə, bir ballistik raketin prototipini hazırlamaq nisbətən asandır. Əsas məsələ onu dəqiq, etibarlı və kütləvi istehsal edilə bilən silaha çevirməkdir.
Müdafiə sənayesi üzrə mütəxəssis Anatoli Xrapçinskinin sözlərinə görə, burada təkcə mühərrik deyil, həm də idarəetmə sistemləri, yüksək dəqiqlikli giroskoplar, akselerometrlər, proqram təminatı və döyüş başlıqlarının seriyalı istehsalı tələb olunur.
Ballistik raketlər ilk dəfə İkinci Dünya müharibəsinin sonlarında Almaniyanın “V-2” raketləri ilə meydana çıxsa da, onların kütləvi inkişafı Soyuq müharibə dövrünə təsadüf edib.
Hazırda ən böyük qitələrarası ballistik raket arsenalına ABŞ və Rusiya malikdir. ABŞ-nin strateji qüvvələrinin əsasını təxminən 400 “Minuteman III” və sualtı qayıqlarda yerləşdirilmiş 200-dən çox “Trident II” raketi təşkil edir.

Rusiya isə əsasən “Yars” tipli 300 qitələrarası raketə və 190-a yaxın dəniz bazalı ballistik raketə sahibdir.
Çin son illərdə “Dongfeng” ailəsinə aid yüzlərlə qitələrarası raket yerləşdirərək potensialını sürətlə artırıb. Fransa isə ABŞ-dan asılılığı azaltmaq məqsədilə nüvə sualtı qayıqlarında yerləşdirilən təxminən 48 “M51” raketinə malikdir.
Bundan başqa, Şimali Koreya, İsrail, Hindistan və Pakistan da öz strateji raket proqramlarını inkişaf etdiriblər.

Rusiya və müttəfiqlərinin raket strategiyası
Praktik istifadə baxımından ballistik raketlərin əsas hissəsini operativ-taktiki raket kompleksləri təşkil edir.
Rusiya uzun illərdir ki, “İsgəndər-M” kompleksləri və onların hava bazalı analoqu olan “Kinjal” raketləri üzərində dayanır. Sonradan bu siyahıya hipersəs “Zirkon” raketləri də əlavə olunub.
Ukraynanın uzaqmənzilli pilotsuz aparatlarının Rusiya hərbi sənaye müəssisələrinə zərbələri raket istehsalına ciddi təsir göstərsə də, Moskva Şimali Koreyadan dəstək almağa başlayıb.
Pxenyan Rusiyaya yüzlərlə KN-23 ballistik raketi göndərib. Bundan əlavə, Şimali Koreyanın KN-24, “Hwasong-9” və “Pukguksong” kimi müxtəlif mənzilli raketlərə malik olduğu bildirilir.
RBK-Ukrayna ilə söhbətində “Defense Express” nəşrinin baş redaktoru Oleq Katkov bildirib ki, Şimali Koreyanın raket sənayesində Rusiyanın texnoloji təsiri açıq görünür.
Rusiya üçün digər mühüm tərəfdaş isə İran hesab olunur. Tehran Yaxın Şərqin ən böyük və ən müxtəlif ballistik raket arsenalına sahibdir.
Lakin son müharibə zamanı İranın raket potensialına ciddi zərbə vurulub. İsrailli hərbi ekspert David Şarpın sözlərinə görə, İranın müxtəlif mənzilli ballistik raket istehsalı infrastrukturu ağır bombardman nəticəsində ciddi zərər görüb.
Buna baxmayaraq, İranın Rusiyaya milyardlarla dollar dəyərində ballistik və zenit raketləri göndərdiyi barədə məlumatlar mövcuddur.

ABŞ ballistik raketlərdən istifadədə fərqli yanaşma formalaşdırıb.
Pentaqonun əsas vasitələrindən biri HIMARS və M270 platformalarından buraxılan ATACMS raketləri olub. Ukrayna bu raketlərin effektivliyini praktiki olaraq sübut edib.
Lakin ABŞ ehtiyatlarının məhdudluğu səbəbindən yeni nəsil PrSM (Precision Strike Missile) raketlərinə keçid sürətlənib.
Yeni raketlər daha yığcamdır, 500-700 kilometr məsafəni vurmağa qadirdir və yüksək intensivlikli müharibələr üçün nəzərdə tutulub.
2025-ci ilin yayında ABŞ bu raketlərin tammiqyaslı seriyalı istehsalına start verib. Bu ilin yazında isə “Lockheed Martin” və Pentaqon istehsal həcmini dörd dəfə artırmaq barədə saziş imzalayıb.
Avropada isə Fransanın təşəbbüsləri diqqət çəkir. Paris həm yeni yüksək dəqiqlikli raketlər üzərində işləyir, həm də 2 min kilometrədək mənzilli mobil ballistik raket proqramını həyata keçirir.
Ballistik raketlərin inkişafında ən dinamik regionlardan biri Asiyadır.
Çin A2/AD adlandırılan “girişin məhdudlaşdırılması” strategiyasına əsaslanaraq ABŞ təyyarədaşıyanlarını minlərlə kilometr uzaqdan vurmağa qadir olan DF-21D və DF-26 raketlərini hazırlayıb.
Quru əməliyyatları üçün isə Pekin DF-11 və DF-15 komplekslərindən istifadə edir.
Mütəxəssislərin fikrincə, məhz Çin texnologiyaları Türkiyənin raket proqramının əsasını təşkil edib.
1990-cı illərdə Ankara Qərbdən texnologiya ala bilmədiyi üçün Çinlə əməkdaşlığa başlayıb. İlk “Yıldırım” kompleksləri Çin raketləri əsasında hazırlanıb, daha sonra isə “Bora” sistemi yaradılıb.

Bu gün Türkiyə artıq tam texnoloji müstəqilliyə nail olub. 2026-cı ilin mayında 500 kilometrdən artıq mənzilli “Tayfun Block-2” kompleksi rəsmi olaraq silahlanmaya qəbul edilib.
Cənubi Koreya da Şimali Koreya təhlükəsinə cavab olaraq “Hyunmoo” raket ailəsini yaradıb. “Hyunmoo-5” dünyanın ən ağır – 8 tonluq döyüş başlığına malik raketlərdən biri hesab olunur.
İsrail isə həm “Jericho” raketlərini inkişaf etdirir, həm də 400 kilometr mənzilli “LORA” raket kompleksini ixrac edir.
Ekspertlər hesab edirlər ki, müxtəlif ölkələrin təcrübəsi Ukrayna üçün mühüm nümunələr təqdim edir.
Cənubi Koreya əvvəlcə ABŞ texnologiyalarını mənimsəyib, sonra öz sistemlərini yaradıb. Türkiyə ilk texnologiyaları Çindən alaraq onları özəl müdafiə şirkətlərinin inkişafına yönəldib.
İsrail isə mümkün təcrid və silah tədarükünün dayandırılması riskini nəzərə alaraq öz raket istehsalını qurub. Məhz bu model Ukrayna üçün ən faydalı nümunə hesab edilir.
Anatoli Xrapçinski isə qeyd edir ki, Ukraynada ABŞ-ın DARPA agentliyinə bənzər xüsusi dövlət qurumunun yaradılması özəl şirkətlərin inkişafına ciddi təkan verə bilər.
Ekspertlər vurğulayırlar ki, raket proqramı qısamüddətli layihə deyil, ən azı 10-20 illik dövlət strategiyası olmalıdır.
Onların fikrincə, uzaqmənzilli milli ballistik raketlərin yaradılması Ukraynanın uzunmüddətli təhlükəsizlik siyasəti qurmaq qabiliyyətinin əsas göstəricilərindən biri olacaq.
İqbal RZAYEV,
Musavat.com






