İnsanlara hürriyət, millətlərə istiqlal!

Səyyad Aranın “Azəriqaz” sözünə etirazı mübahisə yaratdı - dilçilər nə deyir?

1127 23.01.2026 13:16 Ölkə A A

Dilçilik İnstitutunun rəsmisi: “Azəriqaz” sözü dəyişdirilərək “Azərqaz” edilməlidir”

Qulu Məhərrəmli: “Bunu etnik ‘azəri’ sözü ilə əlaqələndirmək heç bir cəhətdən doğru deyil”

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyini gündəmə gətirib.

Musavat.com xəbər verir ki, deputatın bu açıqlaması cəmiyyətdə geniş rezonans doğurub, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu”, “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri” sözünün bizə dəxli yoxdur. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri qardaşlarımız”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə deputat bildirib.

Picture background

Məlumat üçün bildirək ki, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti 1996-cı ildə yaradılıb. 2009-cu ilin iyul ayında Prezidentin neft və qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncamı ilə “Azəriqaz” yenidən təşkil olunub, hazırda da SOCAR-ın tərkibində istehsalat birliyi kimi fəaliyyətini davam etdirir.

Ümmiyyətlə, “Azəri” prefiksi neft yataqlarının adlarında da (məsələn, “Azəri-Çıraq-Günəşli”) istifadə olunur. Lakin bu ad birbaşa təşkilat və ya şirkət deyil, yatağın müqavilə və layihə adıdır. Bundan başqa, Azeri LLC (NZS) spirtli içki və spirtli məhsullar istehsalı ilə məşğul olan şirkətlər siyahısında yer alır. Bu fakt da “Azəri” sözünün yalnız dövlət qurumları ilə məhdudlaşmadığını göstərir.

Bu məqamda sual yaranır: deputatın dediyi kimi “Azəri” prefiksi tamamilə ləğv olunarsa, o zaman ölkəmiz üçün strateji əhəmiyyət daşıyan “Azəri-Çıraq-Günəşli” yatağının adının dəyişdirilməsi də gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı “Azəriqaz”dan Musavat.com-a bildirilib ki, ad məsələsi birbaşa qurumun səlahiyyətinə aid deyil:“Adla bağlı sualın ünvanı biz deyilik”.

Picture background

AMEA Dilçilik İnstitutunun rəsmisi Möhsün Nağısoylu sorğumuza cavabında deputatın mövqeyini bölüşüb:

“‘Azər’ Azərbaycan sözünün qısaldılmış formasıdır. “Azərtac”, “Azərnəşr” – Azərbaycan sözünün qısaldılmış formalarıdır. “Azəriqaz” sözü də dəyişdirilərək “Azərqaz” edilməlidir. İxtisarlar bölümü var, orada qeyd edilib ki, ixtisarların bir növü yarımçıq götürülmə üsuludur – Azərtac, Azərnəşr kimi nümunələr də məhz buna əsaslanır”.

Picture background

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli isə açıqlamasında bildirib ki, anlayışlar bir-birinə qarışdırılmamalıdır:

“Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Azəri bir tayfa, qəbilə kimi mahiyyət daşıyır, müəyyən mübahisəli məqamlar var, yanaşmalar fərqlidir. Amma bu sözün – “Azərxalça”, “Azərişıq”la heç bir əlaqəsi yoxdur. Buradakı idarə və qurum adlarında olan ‘Azər’ Azərbaycan sözünün ixtisarlaşmış variantıdır. Bu cür ifadələr Azərbaycan dilində kifayət qədərdir. Bunu etnik ‘azəri’ sözü ilə əlaqələndirmək heç bir cəhətdən doğru deyil. O ki qaldı ‘Azəriqaz’ adına, hansı formada olursa-olsun, istər sait artırılsın, istərsə də müəyyən abreviatura yaradılsın, bunun tarixi azəri anlayışı ilə əlaqəsi yoxdur. Bu, Azərbaycan sözünün qısaldılmış variantıdır. Bir müddət belə işlədilib, sonradan tarixçilər bunu araşdırıblar və geniş mənada etnik əlaqənin olmadığını göstəriblər. Ölkənin adı Azərbaycandır, həmin adla bağlı qısaltmalar yaradılır, sözün kökü götürülür, üzərinə əlavə artırılaraq yeni anlayış formalaşdırılır. İstər ‘azər’, istərsə də ‘azəri’ olsun, bu dil qaydaları çərçivəsində yaranmış düzəltmə sözlərdir”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR