Bir neçə gündür Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin küçə ticarəti ilə bağlı aparılan reyd zamanı davranışı müzakirə olunur. Reyd zamanı özünü icra rəsmisi kimi təqdim edən şəxsin satıcıya “səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil” deməsi sosial şəbəkələrdə tənqid edilib. Məhsulun İH tərəfindən müsadirə edildiyi iddia olunub. Sumqayıt şəhər İcra Hakimiyyəti sözügedən iddilara münasibət bildirib:
“Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır. Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır. Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır. Reyd zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”, - deyə cavabda qeyd edilib.
Hüquqşünas Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, vətəndaşın istifadəsində olan satış üçün nəzərdə tutulan məhsul müsadirə edilə bilməz: “Müsadirə hüququ yalnız məhkəməyə aiddir. Qanunvericilikdə küçə ticarəti ilə bağlı müəyyən qaydalar mövcuddur. Dövlət qurumları ticarətin qadağan olunduğu yerlərlə bağlı xəbərdarlıq etməli, müəyyən zaman verilməli və məhsullar yığışdırılmalıdır. İnzibati cərimə tətbiq oluna bilər, amma vətəndaşa məxsus əmlakın müsadirəsi yolverilməzdir. Ən pis halda, etiraz olduqda, müqavimət göstərildikdə məsul qurum məhsulu müəyyən saxlanc yerlərinə qoya bilər. Küçə ərazisi təmizləndikdən sonra həmin məhsullar sahibinə qaytarılmalıdır. Vətəndaşa məxsus malların müsadirə edilməsi qanunla qadağan edilən hallardan biridir”.
Nigar Həsənli,
Musavat.com






