IV Qlobal Media Forumunda səslənən mesajlar Azərbaycanın dəyişən dünyada tutduğu mövqeyi və gələcək siyasi istiqamətlərini dəqiq ifadə etdi
Mən artıq dördüncü ildir ki, Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Hər dəfə Şuşaya gələndə insanda bir-birinə qarışan, sözlə tam ifadəsi çətin olan duyğular yaranır. Bir tərəfdən bu şəhərin özünə, onun təbiətinə, daşına, torpağına, tarixə çevrilmiş küçələrinə, azad Qarabağın havasına heyranlıq duyursan. Digər tərəfdən, Şuşada dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri qarşısında çıxış edən Azərbaycan Prezidentini dinləyir, onun suallara reaksiyasını, hadisələri təhlil etmək qabiliyyətini, siyasi proseslərə baxışını, davranışlarını izləyirsən. Şuşaya və Qarabağa olan heyranlıqla Azərbaycan dövlətinin bugünkü gücünə, Prezident İlham Əliyevin siyasi iradəsinə və dünyaya verdiyi mesajlara duyulan heyranlıq bir-birinə qarışır.
Bu da insanda çox xoş, pozitiv və qürurlu bir ovqat yaradır.
Bu dəfə də belə oldu.

Prezident İlham Əliyevlə görüş başa çatsa da, IV Şuşa Qlobal Media Forumu davam edir. Forumun proqramı sabah da davam edəcək. Lakin burada olan hər kəs hələ də Prezidentlə görüşün, onun geniş və açıq söhbətinin, verdiyi cavabların, səsləndirdiyi mesajların təsiri altındadır. Mən də həmin xoş ovqat və güclü təəssüratla forumdakı iştirakımı davam etdirirəm.
Prezidentin çıxışını və jurnalistlərin suallarına verdiyi cavabları dinlədikcə belə bir qənaətə gəldim ki, bu, sadəcə media forumundakı çıxış deyildi. İlham Əliyev Şuşadan Azərbaycanın yeni mərhələdəki yol xəritəsini açıqladı. Həm Azərbaycan xalqına, həm qonşu dövlətlərə, həm region ölkələrinə, həm dünya güclərinə, həm də ölkəmizlə bağlı müxtəlif planlar quran siyasi dairələrə aydın mesajlar verdi.
Azərbaycanın xarici siyasət prioritetlərini yenidən müəyyənləşdirdi, bəzi istiqamətlər üzrə isə yeni mövqelər açıqladı. ABŞ-la münasibətlərin bugünkü səviyyəsinə, Rusiya ilə əlaqələrdə yaranmış vəziyyətə, Ermənistanla sülh prosesinə, Türkiyə ilə müttəfiqliyə, Türk dünyasına, İslam ölkələri ilə əməkdaşlığa, Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərə, Ukrayna müharibəsinə, İran ətrafında yaranmış vəziyyətə və Azərbaycanın regional roluna aydınlıq gətirdi.
Bütün bu mesajların Şuşadan verilməsi isə təsadüfi deyil.
Şuşa artıq yalnız Qələbənin və azadlığın rəmzi deyil. Şuşa qalib Azərbaycanın dünyaya öz sözünü dediyi siyasi kürsüyə çevrilib. Vaxtilə işğal altında olan, Azərbaycan xalqının nisgilinin və ağrısının simvoluna çevrilmiş şəhərdə bu gün dövlət başçısı dünya mediasının nümayəndələri qarşısında Azərbaycanın regional və qlobal proseslərə baxışını açıqlayır. Bu mənzərənin özü son 23 ildə Azərbaycanın keçdiyi yolu ən dolğun şəkildə ifadə edir.
Prezidentin çıxışındakı əsas xətt ondan ibarət idi ki, Azərbaycan artıq hadisələrin arxasınca gedən, böyük güclərin qəbul etdiyi qərarlara uyğunlaşan dövlət deyil. Azərbaycan regional proseslərdə iştirak edən, təşəbbüs irəli sürən, tərəflərin etimad göstərdiyi, hətta mürəkkəb qarşıdurmalarda vasitəçilik edə bilən ölkəyə çevrilib.
Dövlət başçısının “Bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır” fikri çıxışın əsas siyasi tezislərindən biri idi. Bu rol yalnız Azərbaycanın iqtisadi və hərbi gücündən doğmur. Burada etimad, etibarlılıq, sözə və razılaşmalara sadiqlik amili də mühüm yer tutur.
Prezident açıq şəkildə bildirdi ki, Azərbaycana müraciət edən tərəflər Bakının məxfi danışıqları qoruyacağına, verilmiş sözə əməl edəcəyinə inanırlar. Bu, diplomatiyada çox böyük kapitaldır. Bəzən ərazisi və iqtisadiyyatı daha böyük olan dövlətlər belə qarşıdurma tərəflərinin etimadını qazana bilmir. Azərbaycan isə həm Qərblə, həm Rusiya ilə, həm Türkiyə və İranla, həm İsrail, həm də ərəb və İslam dünyası ilə danışa bilən azsaylı ölkələrdəndir.
Bu, İlham Əliyevin illərdir apardığı çoxvektorlu və milli maraqlara söykənən siyasətinin nəticəsidir. Azərbaycan heç bir güc mərkəzinin əlavəsi və ya aləti olmayıb. Bir tərəflə münasibətlərin inkişafı digər tərəfə qarşı düşmənçilik üzərində qurulmayıb. Azərbaycanın siyasi xətti dəyişməz olub: hər bir dövlətlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq.
Prezidentin ABŞ-la münasibətlər barədə dedikləri forumun ən mühüm siyasi mesajlarından idi. İlham Əliyev Azərbaycan–ABŞ münasibətlərinin hazırda pik səviyyədə olduğunu bildirdi. Bu, diplomatik protokol naminə işlədilən adi ifadə deyil. Azərbaycanla ABŞ arasındakı münasibətlər müstəqillik illərində müxtəlif mərhələlərdən keçib. Enerji, təhlükəsizlik, terrorla mübarizə, Əfqanıstan əməliyyatları və regional layihələr sahəsində əməkdaşlıq mövcud olsa da, Vaşinqtonun erməni lobbisinin və ermənipərəst siyasi dairələrin təsiri ilə atdığı addımlar münasibətlərdə həmişə ciddi problemlər yaradıb.
Prezident 907-ci düzəlişin mahiyyətinə də toxundu. Bu düzəlişin Azərbaycana qarşı ayrı-seçkilik olduğunu və ermənipərəst senatorlar tərəfindən irəli sürüldüyünü açıq şəkildə söylədi. İndi regiondakı reallıqlar tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ermənistanla sülh istiqamətində mühüm addımlar atılıb. Belə olan halda 907-ci düzəlişin saxlanılması nə hüquqi, nə də siyasi məntiqə uyğundur.
Prezident Donald Trampın siyasətini əvvəlki ABŞ administrasiyalarının yanaşmasından açıq şəkildə fərqləndirdi. Onun fikrincə, əvvəlki administrasiyalar Qarabağ münaqişəsini həll etmək əvəzinə onu dondurmağa, bu münaqişədən Azərbaycana və müəyyən qədər Ermənistana təsir vasitəsi kimi istifadə etməyə çalışırdılar. Minsk qrupunun həmsədr dövlətləri bu siyasəti koordinasiyalı şəkildə aparırdı.
Əslində, bu, otuz illik vasitəçilik missiyasına verilmiş çox sərt və dəqiq siyasi qiymətdir. Bizə illər boyu “sülh prosesi” kimi təqdim edilən mexanizm faktiki olaraq işğalın idarə olunması və uzadılması mexanizmi idi.
Tramp administrasiyasının fərqi isə ondan ibarət oldu ki, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdi, Bakının təhlükəsizlik və nəqliyyat maraqlarını anladı, Zəngəzur dəhlizinin əhəmiyyətini düzgün qiymətləndirdi və Ermənistanı sülhün zəruriliyinə inandırmaq üçün təsirli iş apardı.
Prezidentin ABŞ-la bağlı açıqlamalarından çıxan nəticə budur ki, Azərbaycan–ABŞ münasibətləri birtərəfli təzyiq və siyasi mühazirələr mərhələsindən çıxaraq real strateji tərəfdaşlığa doğru gedir. Bu münasibətlərin əsasını enerji, nəqliyyat, təhlükəsizlik, sülh və qarşılıqlı maraqlar təşkil edir.
Rusiya ilə münasibətlərə dair açıqlamalar da mühüm idi. Son dövrdə iki ölkə arasında yaranmış gərginlik hamıya məlumdur. Prezident bildirdi ki, Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və hazırda müsbət dinamika mövcuddur.
Bu açıqlamanın arxasında Azərbaycanın xarici siyasət fəlsəfəsi dayanır. Bakı öz haqlı mövqeyini müdafiə edir, ona qarşı atılan addımlara sərt reaksiya verir, lakin münasibətləri dağıtmağa və daimi qarşıdurmaya çevirməyə çalışmır. Azərbaycan Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır.
Burada başqa bir vacib məqam da var. ABŞ-la münasibətlərin pik səviyyəyə çatması Rusiyaya qarşı seçim kimi təqdim edilmir. Eyni qaydada Rusiya ilə əlaqələrin normallaşması da Qərblə münasibətlərə alternativ deyil. Azərbaycan özünün müstəqil siyasi kursunu yürüdür və heç bir güc mərkəzinin “ya biz, ya onlar” tələbinə tabe olmur.

Ermənistanla münasibətlər və regional əməkdaşlıq məsələsində Prezidentin “3+3” formatı barədə mövqeyi xüsusilə diqqət çəkdi. İlham Əliyev bu formatın yalnız Azərbaycan–Ermənistan problemlərinin müzakirə olunduğu yeni Minsk qrupuna çevrilməməli olduğunu vurğuladı.
Bu yanaşma göstərir ki, Azərbaycan keçmiş münaqişənin regional gündəliyi daim girov saxlamasına imkan vermək istəmir. Münaqişə başa çatıb. İndi əsas məsələ əməkdaşlığın, kommunikasiyaların, ticarətin və təhlükəsizliyin yeni modelinin yaradılmasıdır.
“3+3” formatı bərabərhüquqlu çoxtərəfli əməkdaşlıq mexanizmi olmalıdır. Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran regionun gələcəyi barədə özləri qərar verməlidirlər. Gürcüstan hələlik bu formata qoşulmasa belə, beştərəfli əməkdaşlıq üçün konkret gündəlik formalaşdırıla bilər.
Azərbaycan Ermənistanla sülh istəyir, lakin sülh adı altında yeni vasitəçilər ordusu, sonsuz danışıqlar və köhnə münaqişənin süni şəkildə yaşadılmasını qəbul etmir. Bakı sülhün özünü istəyir, sülh prosesi adı altında davam edən siyasi tamaşanı yox.
Türkiyə ilə münasibətlər barədə deyilənlər çıxışın həm duyğulu, həm də strateji hissələrindən idi. Prezident İlham Əliyev bildirdi ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki ölkə tanımır.
Bu münasibətlər artıq yalnız “iki dövlət, bir millət” ifadəsi ilə məhdudlaşmır. Azərbaycan və Türkiyə "Şuşa Bəyannaməsi" ilə rəsmi müttəfiq dövlətlərdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və hərbi əməkdaşlıq vahid strateji sistemə çevrilib.
Prezidentin hər iki ölkədən birinə təhlükə yaranacağı halda digərinin bütün imkanları ilə onun yanında olacağı barədə mesajı regionun təhlükəsizlik arxitekturasını müəyyən edən doktrinadır. Türkiyə–Azərbaycan ittifaqı heç kimə qarşı yönəlməyib. Lakin heç kimin də bu ittifaqın möhkəmliyini və imkanlarını şübhə altına almaq haqqı yoxdur.
Bu münasibətlər Türk dünyası üçün də örnəkdir. Prezident Özbəkistanla əlaqələrdən danışarkən bu münasibətlərin təməlində dostluq və qardaşlığın dayandığını bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstək Türk dünyasında həmrəyliyin artıq şüardan konkret əmələ çevrildiyini göstərir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının sadəcə üzvü deyil, onun siyasi, iqtisadi və mənəvi dayaqlarından biridir. Türkiyə ilə müttəfiqlik, Özbəkistan və digər türk dövlətləri ilə inkişaf edən əlaqələr Azərbaycanın xarici siyasətində Türk dünyasının strateji yerini bir daha göstərir.
Prezident Avropa ilə münasibətlərdə də aydın fərqləndirmə apardı. Avropa İttifaqı ilə münasibətlər bir xətt, Avropa Şurası və AŞPA ilə münasibətlər isə tamamilə başqa bir xəttdir.
İlham Əliyev bildirdi ki, Jozep Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başlayıb. Bu, şəxsi münasibətlərə verilmiş qiymət olmaqdan daha çox, əvvəlki dövrdə Avropa İttifaqının Azərbaycana qarşı qərəzli və ideoloji yanaşmasına siyasi qiymət idi.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa praqmatik yanaşır. Avropa ölkələri Azərbaycanın mühüm ticarət tərəfdaşlarıdır, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində getdikcə daha böyük rol oynayır.
Prezident Azərbaycanın Avropaya qaz tədarük etdiyi ölkələrin sayının artdığını və yeni həcmlərlə bağlı danışıqların aparıldığını bildirdi. Azərbaycan bu gün Avropanın alternativ enerji mənbələrindən biri deyil, onun enerji təhlükəsizliyinin etibarlı dayaqlarından biridir.
Azərbaycan qazının əhəmiyyəti yalnız həcmdə deyil. Əsas üstünlük etibarlılıq və proqnozlaşdırıla bilən tərəfdaşlıqdır. Azərbaycan imzaladığı müqaviləyə, üzərinə götürdüyü öhdəliyə və marşrutların təhlükəsizliyinə sadiqdir. Bərpa olunan enerji layihələrinin inkişafı gələcəkdə daxildə istifadə olunan əlavə qaz həcmlərinin də Avropa bazarına yönəldilməsinə imkan verəcək.
Avropa Şurası və AŞPA ilə bağlı mövqe isə son dərəcə sərt idi. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa Şurasından tam çıxmaq variantını nəzərdən keçirir. Azərbaycan 2023-cü ildə öz suverenliyini tam bərpa etdikdən sonra AŞPA tərəfindən cəzalandırıldı, nümayəndə heyətimizin hüquqları məhdudlaşdırıldı.
Bu, insan hüquqları ilə bağlı qərar deyil. Azərbaycanın separatizmi aradan qaldırmasına və suverenliyini bərpa etməsinə verilmiş siyasi cəzadır.
Prezidentin mövqeyi çox aydındır: AŞPA öz səhvini düzəltməli, Azərbaycan nümayəndə heyətinin hüquqlarını bərpa etməlidir. Əks halda, Azərbaycan öz ləyaqətini və milli maraqlarını üzvlük naminə qurban verməyəcək.
Bu da yeni Azərbaycanın xarakteridir. Bir zamanlar beynəlxalq qurumlara qəbul olunmağı mühüm məqsəd hesab edən Azərbaycan bu gün həmin təşkilatların özlərinə sual verir: burada bərabərlik və ədalət varmı? Yoxdursa, həmin üzvlüyün dövlət üçün nə mənası var?
İran ətrafında yaranmış vəziyyət və ABŞ–İran qarşıdurması da forumda geniş yer aldı. Prezident Azərbaycanın həm şimalında, həm də cənubunda müharibə getdiyini vurğuladı. Şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə ABŞ–İran qarşıdurması davam edir.
Azərbaycan son dərəcə mürəkkəb və təhlükəli coğrafiyada yerləşir. Bu şəraitdə əsas məsələ ölkəni böyük dövlətlərin qarşıdurmasından uzaq saxlamaq, sərhədləri qorumaq, iqtisadi və nəqliyyat sisteminin təhlükəsizliyini təmin etməkdir.
Prezidentin Azərbaycan üçün yeganə risk kimi ölkəni hansısa avantüralara cəlb etmək cəhdlərini göstərməsi təsadüfi deyildi. Azərbaycan daxilində fundamental təhlükəsizlik problemi yoxdur. Əsas təhlükə ölkəni xaricdəki münaqişələrin bir hissəsinə çevirmək istəyən qüvvələrdən gələ bilər.
Azərbaycan ABŞ–İran qarşıdurmasının tezliklə başa çatmasını istəyir. Bakı nə qarşıdurmanın tərəfi olmaq, nə də öz ərazisinin və imkanlarının hansısa üçüncü dövlətə qarşı istifadə edilməsinə şərait yaratmaq niyyətindədir. Azərbaycan sülhün, sabitliyin və beynəlxalq hüququn tərəfindədir.

Bu mövqe Ukrayna məsələsində də aydın görünür. Prezident bildirdi ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Rusiya ilə münasibətlərin normallaşması və Ukraynanın ərazi bütövlüyünə dəstəyin eyni çıxışda səsləndirilməsi Azərbaycanın prinsipial siyasətidir. Bakı dövlətlərlə münasibətləri qoruyur, amma beynəlxalq hüququ situativ maraqlara qurban vermir.
Azərbaycan özü otuz ilə yaxın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Buna görə başqa ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsində ikili standartlı mövqe tuta bilməz.
Prezident Fransanın dənizaşırı ərazilərində davam edən kolonial siyasətə də toxundu. Azərbaycanın bu məsələni qaldırması Parisə qarşı kampaniya deyil. Bu, xalqların öz müqəddəratını müəyyənləşdirmək, azad və ləyaqətli yaşamaq hüququnun müdafiəsidir.
Fransa başqa dövlətlərə demokratiya və insan hüquqları dərsi keçməzdən əvvəl öz dənizaşırı ərazilərindəki vəziyyətə cavab verməlidir. Azərbaycan özü işğalın, ikili standartların və beynəlxalq qurumların ədalətsizliyinin nə demək olduğunu yaxşı bildiyi üçün başqa xalqların hüquqları məsələsində də susmur.
Prezident İslam ölkələri arasında həmrəyliyə verilən əhəmiyyəti də xüsusi vurğuladı. Azərbaycan həmişə İslam dünyasında birlik və həmrəyliyin tərəfdarı olub. Eyni zamanda ölkəmiz müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun fəal iştirakçısıdır.
Azərbaycanın üstünlüyü ondadır ki, o, həm Türk dünyasının, həm İslam dünyasının, həm də Avropa siyasi və iqtisadi məkanının bir hissəsidir. Bu müxtəlif platformalar arasında ziddiyyət deyil, əlavə imkan görür.
Lakin Prezidentin çıxışının mənə görə ən təsirli, ən insani və bütün siyasi tezisləri bir araya gətirən hissəsi Real TV-nin rəhbəri Mirşahin Ağayevin sualına verilən cavab oldu.
Forum boyu dünya siyasətindən, böyük güclərdən, regional əməkdaşlıqdan, müharibələrdən, sülhdən, enerji və nəqliyyat layihələrindən danışan İlham Əliyev bu sualın cavabında bir anda son 23 ilin daxili mənzərəsini, dövlət rəhbəri ilə xalq arasında qurulan etimadı və Azərbaycan dövlətçiliyinin əsas fəlsəfəsini ortaya qoydu.
Prezident dedi:
“23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir”.
Bu sözlər sadəcə görülən işlər barədə siyasi hesabat deyildi. Prezident öz fəaliyyətinin qiymətini xarici reytinqlərdən, beynəlxalq təşkilatların rəylərindən deyil, Azərbaycan xalqının yaddaşından və həyat təcrübəsindən gözlədiyini bildirirdi.
Dövlət başçısı işğal illərində keçmiş köçkünlərlə çoxsaylı görüşlərini xatırlatdı. Onlara ümidlərini itirməməyi, iradələrini möhkəm saxlamağı və özünə inanmağı söylədiyini dedi:
“İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq”.

Prezident həmin insanların gözlərində illər keçdikcə artan nisgili və ümidsizliyi gördüyünü də səmimi şəkildə dilə gətirdi. Onlara nə vaxt qayıdacaqlarını deyə bilmədiyini, sadəcə “inanın” söylədiyini xatırlatdı:
“17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular”.
Mən Şuşada bu sözləri dinləyərkən istər-istəməz işğal illərini, çadır şəhərciklərini, doğma torpaqlarından didərgin düşmüş insanların üzündəki nisgili düşündüm. O vaxt Qarabağa qayıdış bəziləri üçün uzaq arzu, bəziləri üçün siyasi şüar kimi görünürdü. Amma insanlar inandılar, gözlədilər. Dövlət də həmin qayıdışı mümkün edəcək gücü, ordunu, iqtisadiyyatı və diplomatik mövqeni addım-addım qurdu.
Prezident müharibədən sonrakı dövrün də ağır olduğunu xüsusi vurğuladı:
“Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi”.
Bu, 2020-ci ildən sonra Azərbaycanın keçdiyi siyasi və diplomatik mübarizəyə verilmiş qiymətdir. Bəzi qüvvələr Azərbaycanın qələbəsini əlindən almaq, onu yarımçıq qoymaq, ölkəni yenidən asılı vəziyyətdə saxlamaq istəyirdi. Qələbə qazanılmışdı, amma tam suverenliyə aparan yol hələ başa çatmamışdı.
Prezident həmin dövrdə də xalqı tələsməməyə, arxayınlaşmamağa çağırdığını xatırlatdı:
“Biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi işlər çoxdur”.
Bu çağırışın nə qədər uzaqgörən olduğu sonrakı hadisələrlə təsdiqləndi. 2023-cü ildə Azərbaycan öz suverenliyini bütün ərazisində bərpa etdi. Bu gün keçmiş köçkünlər Şuşaya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla, Xocalıya və digər doğma yurdlarına qayıdırlar.
Lakin Mirşahin Ağayevin sualına verilən cavabın ana xətti Prezidentin aşağıdakı sözlərində ifadə olundu:
“Biz ancaq özümüzə güvənə bilərik”.
Məncə, İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda söylədiyi bütün siyasi tezislərin fəlsəfi mahiyyəti bu bir cümləyə sığır.
ABŞ-la münasibətlər pik səviyyəyə çata bilər. Rusiya ilə əlaqələr normallaşa bilər. Avropa İttifaqı ilə əməkdaşlıq genişlənə, Türkiyə ilə müttəfiqlik daha da möhkəmlənə bilər. Türk və İslam dünyası ilə həmrəylik dərinləşə bilər. Lakin dövlətin əsas dayağı yenə də onun öz gücü, xalqın birliyi, milli iradə və dövlətə inamdır.
Prezident Azərbaycan cəmiyyətindəki birliyə bənzər mənzərənin başqa yerlərdə çətin tapıldığını bildirdi və bunun insanların zehnindən və ürəyindən gəldiyini söylədi. Bu, inzibati yolla yaradılmış birlik deyil. Otuz illik mübarizənin, Qələbənin, dövlətə və liderə olan etimadın formalaşdırdığı birlikdir.
Prezidentin bütün çıxışı boyu verdiyi əsas mesaj belə idi: Azərbaycan dostluğa və əməkdaşlığa açıqdır, lakin heç kimin iradəsinə bağlı deyil. Müttəfiqləri var, tərəfdaşları var, amma taleyini yalnız öz gücünə və öz dövlətinə etibar edir.
Şuşada Prezident İlham Əliyevi dinləyərkən bir daha hiss etdim ki, bu şəhər yalnız keçmişin Qələbə rəmzi deyil. Şuşa həm də Azərbaycanın gələcək siyasi xəttinin elan olunduğu məkandır.
Prezident bu forumda bir tərəfdən dünyanın müxtəlif güc mərkəzlərinə Azərbaycanın mövqeyini açıqladı, digər tərəfdən isə Azərbaycan xalqına keçilən yolu və qarşıdakı vəzifələri xatırlatdı.
Şuşadan verilən yol xəritəsi aydındır: Türkiyə ilə sarsılmaz müttəfiqlik, Türk və İslam dünyası ilə həmrəylik, ABŞ-la strateji yaxınlaşma, Rusiya ilə bərabərhüquqlu münasibətlər, Avropa İttifaqı ilə praqmatik əməkdaşlıq, ədalətsiz davranan Avropa institutlarına qarşı sərt mövqe, Ermənistanla real sülh, regional kommunikasiyaların açılması, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, beynəlxalq hüquqa sadiqlik və ölkənin heç bir avantüraya cəlb edilməməsi.
Bu siyasətin ən vacib dayağı isə Azərbaycan xalqının birliyi və dövlətin öz gücüdür.
Prezidentlə görüş başa çatıb. Amma Şuşada IV Qlobal Media Forumu davam edir. Sabah da forumun proqramı çərçivəsində müzakirələr, görüşlər və çıxışlar olacaq. Bununla belə, burada olan hər kəs hələ də İlham Əliyevin çıxışının və suallara verdiyi açıq, geniş, bəzən sərt, bəzən də son dərəcə səmimi cavabların təsiri altındadır.
Mən də həmin xoş ovqat və güclü təəssüratla forumdakı iştirakımı davam etdirirəm.
Bu gün Şuşadan görünən Azərbaycan öz gücünə arxalanan, dostlarına etibarlı, rəqiblərinə qarşı prinsipial, gələcəyi üçün aydın planı olan bir dövlətdir.
Və bu dövlətin əsas siyasi fəlsəfəsi Prezidentin dilindən çox sadə, amma son dərəcə dərin səsləndi:
“Biz ancaq özümüzə və dövlətimizə güvənməliyik, birliyimiz heç vaxt sarsılmamalıdır”.







